"Cənab Prezident, əminik, bizə hələ çox qələbələr, çox zəfərlər yaşadacaqsınız!"

Jalə Əliyeva

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Zəhra, Fariz, Aygün, Nigar, Bahar, Şəhriyar, Sevil, Hüseyn, Nilay, Narin, Mədinə, Xədicə, Orxan, Məryəm...Daha da uzadaqmı bu siyahını? Daha da adlar sadalayaqmı? Kimdir bunlar, deyə hələ də bizi görmək, eşitmək istəməyənlərə, buradan, bu ali tribunadan səslənirəm! Adları fərqli, taleləri oxşar olar körpələr... Bir güllədə əzizlərini, atasını-anasını itirən, kiçik cüssələri cansız bədənə çevrilən yavrular!.. Azərbaycanlı uşaqlar... Türk cocuqları! Uşaqlıqlarını yaşamadan yaşamaq haqları, uşaqlıq haqları əllərindən alınan körpələr...

Nədir onların suçu? Bu uşaqlar müharibənin kiçik şəhidləridirlər, kiçik qəhrəmanlarıdırlar. Bir uşaq bir evin sevinci, bir uşaq bir ölkənin gələcəyidir! Amma əsla və əsla zülmün, bombanın hədəfi deyil. Amma nə yazıq ki, hədəf alındılar. Raket atəşləri ilə, öz evlərində, analarının qucağında mışıl-mışıl yatdıqları yerdə qətl edildilər!

Qatillər uşaqlarla müharibə aparırlar!

Qaniçən düşmən beşikdəki körpələrdən torpaq istəyir!

Təbəssümü qəfil kirimiş olan uşaqların-məhz azərbaycanlı olduqları üçün bir gecədə məhv edilən bu uşaqların məzlum pıçıltıları, sivil dünyanın üz qarasıdır. Amma qisas qiyamətə qalmaz, deyir, atalar. Qalmayacaq və qalmadı da zatən! Bu qisası uşaqlarımızın gələcəyinə buraxmadan bu gün alırıq və alacağıq! Amma əsla erməni kimi yox! Əsl Azərbaycanlı kimi, Türkə yaraşan bir şəkildə alırıq bu qisası! Əli yalın, silahsız xalqı, uşaqları, qadınları nişan almadan, özgəsinin torpağında gözü olmadan öz haqqımız, ədalətimiz, torpaqlarımızın bütünlüyü uğrunda çıxdığımız müqəddəs yolda inamla, qətiyyətlə irəliləyərək, düşmən ordusuna döyüşdə, məhz döyüşdə layiqli cavabını verərək, 32 ildən bəri zorla işğal altında tutduqları torpaqlarımızın hər qarışından onları qovaraq, həmin torpaqlarda üçrəngli bayrağımızı sancaraq alırıq bu qisası!

Bu gün Azərbaycan öz tarixinin ən şanlı, ən şərəfli, ən qürurlu səhifələrini yazır və yazacaq!

Bu şərəfi, bu qüruru bizlərə yaşatdığı üçün Baş Komandam, cənab Prezident İlham Əliyevə borcluyuq!...

Cənab Prezident, əminik, bizə hələ çox qələbələr, çox zəfərlər yaşadacaqsınız!

Hələ çox qələbələrə, zəfərlərə imza atacaqsınız....

Bu missiyanı - xilaskarlıq missiyasını Böyük Yaradan məhz sizə etibar edib...

Bu günə kimi bütün əməllərinizlə zatən Azərbaycanın yeni tarixini yazırdınız. Bu gün isə daha fərqli bir tarix yazırsınız!

Bu gün dərs verirsiniz düşmənə... Hələ çoxlarına çox dərslər verəcəksiniz!

Bu yolda yaradan sizə, canınızdan çox sevdiyiniz, uğrunda çox fədakarlıqlara imza atdığınız xalqımıza, ordumuza, Dövlətimizə yar və yardımçı olsun.

Zəfər, qələbə bizimdir! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...