"Prezidentimizin uğurlu iqtisadi siyasəti nəticəsində çox böyük işlər görülüb" ÖZƏL-MÜNASİBƏT

"Prezidentimizin uğurlu iqtisadi siyasəti nəticəsində çox böyük işlər görülüb" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev 17 ildir ki, ölkəmizə rəhbərlik edir. Bu dövrlərdə möhtərəm Prezidentimizin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizdə çox böyük işlər görülüb. Tikilən məktəblərin, xəstəxanaların, görülən işlərin sayı-hesabı yoxdur. Bu gün Azərbaycan sözün həqiqi mənasında bir nəqliyyat mərkəzinə çevrilib. Əvvəllər ölkəmizdə yalnız bir körpü var idisə, hazırda yeni tikilən körpülərin, çəkilən yolların sayı-hesabı yoxdur. Nəinki paytaxt Bakıda, eləcə də regionlarımızda çəkilən yollar buna əyani sübutdur". Bunu SİA-ya Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Eldar İbrahimov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident hakimiyyətə gələn gündən etibarən “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramını qəbul etdi: "Ən maraqlı məqam isə o idi ki, ölkə başçısı görülən işlərə özü birbaşa nəzarət edirdi. Ölkəmizdə görülən bütün işlər çox yüksək səviyyədə olub. Mən bu gün böyük sevinc hissi ilə demək istəyirəm ki, artıq dünyada Azərbaycan standartı var və bundan sonra qoy Avropa gəlib hər şeyi Azərbaycandan öyrənsin. Kənd təsərrüfatında ərzaq təhlükəsizliyi proqramı ilə əlaqədar olaraq çox böyük irəliləyişlər oldu. Əgər o zamanlar Azərbaycan kənd təsərrüfatında bir çox məhsullarla özünü təmin edə bilmirdisə, 2003-cü ildən bu yana bütün kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir. Təbii ki, qazanılan uğurlar möhtərəm Prezidentimizin praqmatik gördüyü işlər sayəsində mümkün olub.

Bu gün Azərbaycan qaçqın və məcburi köçkünlərimiz üçün tikilən mənzillər, yeni salınan kəndlər, qəsəbələr görülən işlərə əyani sübutdur. Artıq qaçqın və məcburi köçkünlərimizin əksəriyyəti gözəl mənzillərdə yaşayırlar. Sentyabrın 27-dən etibarən isə işğalçı Ermənistan ordusuna qarşı Azərbaycanın apardığı əks-hücum əməliyyatlarını çox sevinclə qarşılayırıq. Çünki Prezidentimizin Ali Baş Komandan kimi gördüyü işlər hamının gözü qarşısındadır. Sevinirik ki, günbəgün torpaqlarımız, kəndlərimiz azad olunur. Hadrut kəndinin alınması və bayrağımızın ora sancılması və bir-birinin ardınca kəndlərimizin işğaldan azad olunması möhtərəm Prezidentimizin müdafiə sahəsində apardığı işlərin nəticəsidir. Hər il müdafiəmizin gücləndirilməsi istiqamətində dövlət büdcəsindən ordumuza vəsait ayrıldı və ən müasir standartlara cavab verən silahlar aldıq. Məhz bu gün onun nəticəsidir ki, artıq Ermənistan bizim qarşımızda dayana bilmir. Bu gün Azərbaycan Ordusu erməni silahlı qüvvələrinə layiqli cavabı verir və texnikalarını bir göz qırpımında məhv edir. İnanıram ki, qısa müddət ərzində Azərbaycan bütün ərazi bütövlüyünü təmin edəcək və Dağlıq Qarabağda, Xankəndində, Şuşada Azərbaycanın bayrağı dalğalanacaqdır.

Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirildi və həmin görüşdə hümanitar atəşkəs haqqında razılıq əldə olundu. Amma hər zaman olduğu kimi yenə də Ermənistan həmin atəşkəsə əməl etməyərək bütün qaydaları pozdu. Bu gün Ermənistana heç kim “gözüm üstdə qaşın var” deyən yoxdur. Təəssüflər olsun ki, hələ də beynəlxalq aləm Ermənistanın terrorçu addımlarına göz yumur. Bütün bunlar bəzi dünya dövlətlərinin ikili standartlığından irəli gəlir. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu 28 ildə heç 28 metrlik iş də görməyiblər. Belə olan halda heç onların vasitəçiliyinə də ehtiyac yoxdur. Bu gün erməni lobbisi Amerikada, Rusiyada, Fransada həddindən artıq çoxdur. Fransa prezidenti Emmanuel Makron açıq-aşkar təcavüzkarı müdafiə etməyə başladı ki, biz atəşkəsi saxlayaq. Axı nəyə görə saxlamalıyıq? Bu gün Azərbaycan öz torpağında müharibə aparır və ərazilərini işğalçılardan təmizləyir. Digər həmsədr ölkə olan Rusiya isə gizli şəkildə də olsa Ermənistanı silahla təmin edir. Təbii ki, bunların heç biri həyata keçməyəcək. Bizim ordumuzun, xalqımızın başında İlham Əliyev kimi möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız və öz xarizması ilə seçilən və bütün ölkələrin prezidentləri arasında böyük şəxsi nüfuza malik olan millətimizin qəhrəman oğlu var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə