"Prezidentin rəhbərliyi altında Azərbaycan böyük bir inkişaf yolu keçdi" ÖZƏL-ŞƏRH
"Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 17 il ötür. Cənab Prezident İlham Əliyev 2003-cü ilin bu günündə ilk dəfə xalqın etimadını qazanaraq ölkə rəhbərliyinə seçildi və Azərbaycanı yeni inkişaf yoluna gətirdi. O dövrdən bu yana Azərbaycan çox sürətli, modern və müasir bir dövlət kimi qurulmağa başladı". Bunu SİA-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, ölkəmiz artıq dünyada nüfuzlu dövlətlərdən birinə çevrilib: "Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan 17 il ərzində bəzi dövlətlərin bəlkə də yüz illərlə keçmədiyi bir inkişaf yolu keçdi. Azərbaycan dövlət büdcəsi, ümumi daxili məhsulu dəfələrlə artdı, əməkhaqları dəfələrlə yüksəldi, yoxsulluq, işsizlik on dəfəyədək aşağı düşdü, iki milyondan çox iş yerləri açıldı. Təbii ki, həmin iş yerlərinin çoxusu da daimi iş yerləridir və orta əməkhaqqısı yüksək olan iş yerləridir. Bununla belə, Azərbaycan əhalisinin sosial rifah halı yüksəldi və ölkəmizin sənaye dövləti kimi inkişafının yeni mərhələsi başladı. Cənab Prezidentin özünün dediyi kimi neft kapitalı qeyri-neft sektoruna yönələrək Azərbaycanın harmonik inkişafını təmin etmiş oldu. Dövlət başçısının rəhbərliyi ilə qəbul olunan “Regionların Sosial İqtisadi İnkişafı” üzrə dörd Proqram uğurla həyata keçirilməkdədir. Bu proqramların icrası nəticəsində olduqca böyük əhəmiyyəti olan infrastruktur layihələri quruldu, həyata keçirildi. Yollarımız hamısı yenidən quruldu, o cümlədən dəmiryolu infrastrukturu tamamilə yeniləndi. Qədim İpək Yolu Bakı-Tbilisi-Qars dəmiryolu adı ilə Azərbaycanın ən uğurlu layihələrindən biri kimi təmin olundu. Uzaq Şərqdən, Çindən, Yaponiyadan, Koreyadan gələn mallar Azərbaycan üzərindən Fransaya, İngiltərəyə qədər gedib çatdı. Şimal-Cənub dəhlizi yenə Azərbaycanın təşəbbüsü ilə yenidən quruldu. Beləcə, Fars körfəzindən mallar Azərbaycan üzərindən Fin körfəzinə qədər gedib çatdı. Bunlar həm Azərbaycanın dünyada beynəlxalq nüfuzunu, həm də iqtisadi gücünü artıran addımlardır ki, ölkəmizin büdcəsinə milyonlarla dollar kapital gəlməyə başladı.
Cənab Prezidentin ikinci çox böyük uğurlu layihələrindən biri də neft kapitalının insan kapitalına çevirmək devizi idi ki, burada da Azərbaycan insanının həm sosial, həm də milli-mənəvi inkişafı təmin edilmiş oldu. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideyası məhz ölkə başçısının neft kapitalını insan kapitalına çevirək şüarı üzərində daha da dərindən bərqərar oldu və Azərbaycan insanını dünyada yüksəltmiş oldu. Beş mindən çox azərbaycanlı gənc dövlət vəsaiti hesabına, dövlət proqramları sayəsində dünyanın aparıcı universitetlərində təhsil aldılar, Azərbaycana qayıtdılar və yeni modern Azərbaycanın quruculuğunda iştirak etdilər.
Cənab Prezidentin ən uğurlu işlərindən, layihələrindən biri heç şübhəsiz ki, Azərbaycan Ordusunun modernləşdirilməsi və müasir tələblər səviyyəsində ordu quruculuğunun həyata keçirilməsi oldu. Bu gün Azərbaycan Ordusu özünün texniki təchizatına, ordunun hazırlığına, peşəkarlığına görə dünyanın ilk 50 ordusu sırasındadır. Bu gün də Azərbaycanın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bizim ordumuz rəşadətli zəfər yürüşünü aparır və inşAllah qısa müddət ərzində Azərbaycan bayrağı hər yerdə dalğalanacaqdır. Dövlət başçısnın rəhbərliyi altında bizim əldə etdiyimiz ən böyük uğurlardan biri də beynəlxalq aləmdə Azərbaycanın imicinin güclənməsi oldu ki, 2011-ci ildə Azərbaycanın ilk süni peyki Kosmosa qaldırıldı. Daha sonra iki əlavə telekommunikasiya peykimizin də Kosmosa qaldırılması ilə Azərbaycan dünyada kosmik dövlətlər sırasına keçdi. Ondan sonrakı dövrdə isə bizim BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz və həmin quruma sədrlik etməyimiz də cənab Prezidentin uğurlu beynəlxalq siyasətinin nəticəsi idi ki, dünyanın 150-dən çox dövləti o zaman Azərbaycanı dəstəkləmiş oldu. Azərbaycan indi də Qoşulmama Hərəkatına sədrlik edir. Bildiyiniz kimi bu Hərəkatda 120 dövlət var. Təbii ki, bu da Azərbaycanın olduqca çox böyük uğurudur.
Pandemiya dövründə Azərbaycanın dünya üçün nə qədər əhəmiyyətli dövlət olduğu bir daha bütün dünya ictimaiyyətinə bəyan olundu. Beləki Azərbaycan həm Türk Şurasının, həm də Qoşulama Hərəkatının Zirvə toplantısını məhz pandemiya ilə mübarizəyə həsr etdi. Azərbaycanın BMT-yə çağırışı da müsbət qəbul olundu. Beləcə BMT öz sessiyalarının birini məhz Azərbaycanın çağırışı ilə Covid-19-la mübarizəyə həsr etmiş oldu. Bütövlükdə götürdükdə istər xarici, daxili siyasət, istərsə də sosial, ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında olduqca böyük vüsətlə davam edir. Azərbaycan dünyanın ən modern inkişaf etmiş ölkələrindən birinə çevrilib. 2003-cü ildən bu yana üç iqtisadi böhranın baş verməsinə baxmayaraq, Azərbaycan bu böhranlardan da az itki ilə çıxıb. O cümlədən pandemiya ilə bağlı böhranda da bizim itkilərimiz çox azdır. İnşAllah ordumuzun zəfər yürüşünü də cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında başa vuracayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB