"İşğaldan azadetmə tədbirlərinin çox ciddi əsasları var” ÖZƏL-MÜNASİBƏT

"İşğaldan azadetmə tədbirlərinin çox ciddi əsasları var” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Milli Məclisində işğaldan azad olunmuş kəndlərimizin tarixi adlarını təsdiq etdik. Təbii ki, adların verilməsi bizim keçmiş tariximizin bərpa olunması deməkdir”. Bunu SİA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə deyib.

Deputatın sözlərinə görə, həmin adların verilməsi heç də bizim işğal altında qalan məscidlərimizdən, dağıdılmış tarixi abidələrimizdən geri qalmır: “Ümumiyyətlə tarix o adlardan doğub. Məhz ona görə də biz bu gün dünyaya car çəkərək öz haqq-ədalətimizi tələb edirik. Bu addımlar xalqda əhval-ruhiyyə yaradır ki, keçmişini xatırlasın. Həmçinin bu kimi addımlar xalqın öz keçmişinə qayıtmasını sübut edir. Prezident cənab İlham Əliyev bununla bir daha sübut edir ki, O, daim xalqının daim yanındadır. Ölkə başçısı tarixi bizə yenidən yaşadır”.

C.Paşazadə Ermənistanın işğalçı dövlət olduğunu və müharibəni də məhz onun başlatdığını deyərək əlavə edib ki, bunu beynəlxalq birlik də yaxşı bilir: “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparıblar. Eyni zamanda, hər vəchlə torpaqlarımızdan azərbaycanlı izini silməyə çalışıblar. İşğalın davam etdiyi illərdə Azərbaycan təbiətinə ciddi ziyan vurulub, işlək müəssisələrin avadanlıqları sökülərək Ermənistana daşınıb. Erməni vandallarının tarixi və mədəniyyət abidələrimizə, məscidlərimizə qarşı törətdikləri vəhşilik beynəlxalq cinayətdir. Onlar öz xislətlərinə uyğun olaraq abidələrimizi özününküləşdirməyə çalışıblar, bu, mümkün olmadıqda isə onları dağıdıblar. İndiyədək beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına biganə yanaşıblar və Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıblar. Bu günə kimi Azərbaycanın haqlı tələblərini qulaqardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməyə heç bir haqqı və hüquqi əsası yoxdur. Hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistan və bu məsələyə biganə yanaşan, daim təcavüzkarın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi dairələrdir. Azərbaycan Prezidenti atəşkəsin bərpa olunmasının şərtlərini açıq şəkildə bəyan edib. Bu gün Azərbaycanın həyata keçirdiyi işğaldan azadetmə tədbirlərinin çox ciddi əsasları var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə