Avropa öz enerji təhlükəsizliyi üçün işğalçıya kəskin münasibətini bildirməlidir - MÖVQE
"Əgər “Əsrin müqaviləsi”ni imzalayan dövlətlər Bakı- Tbilisi- Ceyhan boru kəmərinin onlar üçün əhəmiyyətini anlayırlarsa, işğalçı ilə işğala məruz qalana eyni dərəcəli münasibət göstərməməlidirlər. Əsrin müqaviləsinə imza atmış dövlətləri təmsil edən şirkətlər də var. Bu şirkətlər müasir enerji dünyasının ən böyükləridir. Bu şirkətlər arasında Böyük Britaniyanın, Fransanın, Rusiyanın, Ərəbistanın və digər dövlətlərin şirkətləri var. Bu mənada sözügedən boru kəmərinin Avropanın enerji təhlükəsizliyində oynadığı rol birmənalıdır. Bu kəmər həm də Avropanın Rusiyadan enerji asılılığının qarşısını alır. Xüsusən Avropa İttifaqının və ABŞ-ın Rusiyaya iqtisadi sanksiyalar tətbiq etdiyi, Kremllə aralarındakı münasibətin gərgin olduğu bir vaxtda bu kəmərin əhəmiyyəti birə-beş artır. Bu mənada Bakı- Tbilisi- Ceyhan kəməri yalnız Azərbaycan üçün əhəmiyyətli deyil. ATƏT-in Minsk qrupunun hazırkı müharibə ilə bağlı ortalığa qoyduğu mövqeyi Azərbaycan dövlətini və xalqını məmnun etmir. Bu mövqe ATƏT-in öz üzərinə götürdüyü mandatın tələb etdiyi öhdəlikləri baxımından anlaşılan deyil. Çünki ATƏT bir daha işğalçı (Ermənistan) və işğala məruz qalan (Azərbaycan) arasında fərq qoymadan çıxış edir. Yəni hər iki tərəfi ilkin olaraq qeyd- şərtsiz danışıqların bərpasına çağırır". Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun fikrincə, danışıqların bərpa ediləcəyi təqdirdə Ermənistana hansı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirilmir: "İşğalçı ilə münasibətlərin hansı kontekstdə qurula biləcəyi ilə bağlı məsələlər qaranlıq qalır. Sadəcə hər iki tərəfi danışıqlar masasına oturtmaqla status-kvonu saxlamağa və kəmərlərin təhlükəsizliyini qorumağa çalışılır. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik ilk növbədə bu kəmərlərin təhlükəsizliyi ilə Avropa İttifaqı üçün rentabelliliyini özündə ehtiva edir. Əgər Avropa İttifaqı həqiqətən bu kəmərlərin təhlükəsizliyinin qayğısına qalmaq istəyirsə, şübhəsiz ki, onun, ATƏT-in və NATO-nun başlanmış olan müharibəyə münasibəti birmənalı olmalıdır. Bütün hallarda onlar beynəlxalq normalara istinad etməlidir. Hələ ki, məhz onların maraqları baxımından kəmərlərin təhlükəsizliyi ilə bağlı ortalığa qoyulmuş ciddi bəyanat görmürük. Hesab edirəm ki, bunun özü də Ermənistanın hərəkətlərinə dolayısı ilə dəstək anlamında qəbul olunmalıdır".
Ekspert hesab edir ki, Ermənistanın dünya ölkə və təşkilatlarına müraciəti bir sıra amillərlə əlaqədardır: "Hesab edirəm ki, Ermənistanın Avropa ölkələrinə və təşkilatlarına boylanmasının bir sıra səbəbləri var. Birinci, Ermənistanda ciddi sosial- iqtisadi gərginlik var. İkincisi, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna endirdiyi zərbələr nəticəsində onlar çıxılmaz vəziyyətdə qalıb. Nəhayət, Azərbaycanın müharibəni qazanması ilə Ermənistanda sosial partlayış baş verəcəyi gözlənilir ki, bu da Paşinyan hakimiyyətinin sonu deməkdir. Ona görə də Paşinyanı Ermənistan kürsüsündə əyləşdirmiş ABŞ-dakı bəzi təşkilatlar bu istiqamətdə münasibət bildirməli idi. Lakin hələ ki, onlar susur. Yayımlanan bəyanatlarda Ermənistanın geri çəkilməsi, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazilərini bərpa etməsi haqqında fikirlər yoxdur. Əksinə Paşinyan 6 oktyabrda BBC-yə verdiyi açıqlamada iddia edir ki, BMT-nin qəbul etdiyi qətnamələrdə hansı ərazilərin boşaldılması konkret yazılmayıb. Bu sadəcə olaraq Ermənistan həyasızlığının daha bariz nümunəsidir. Məlum məsələdir ki, həmin qətnamələr Azərbaycan torpaqlarının işğalından sonra qəbul olunub və birmənalı şəkildə Ermənistana ünvanlanıb. əgər Paşinyanın bu müsahibəsindən sonra da Avropa İttifaqı, Rusiyanın siyasi elitaları susacaqlarsa, belə çıxır ki, dünya beynəlxalq güclər tərəfindən idarə olunur və onların müdaxiləsi nəticəsində beynəlxalq hüquq iflic vəziyyətinə gəlir. Bu mənada Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymursa, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazilərini bərpa edəcək. Buna görə də hesab edirəm ki, bizim bundan sonra da Avropa İttifaqı və Rusiya ilə diplomatik münasibətlərimizin gəcləndirilməsinə ehtiyac var".
E. Manafov qeyd edib ki, əgər müharibə fərqli müstəviyə daşınarsa və enerji kəmərlərinə ciddi təhlükə yaranarsa, ABƏŞ-də təmsil olunan şirkətlər Avropanı adekvat addım atmağa məcbur edə biləcəklər: "Hələ ki, biz Ermənistana bu təzyiqlərin edilməsi ilə bağlı tendensiyaları müşahidə etmirik. Bu bir tərəfdən ABŞ-da, Avropa İttifaqında pandemiyanın fəsadları ilə bağlı ola bilər. Yəni həmin güc strukturları öz diqqətlərini pandemiya və seçkilərə yönəltmiş ola bilər. Əgər Avropa gələcəkdə özünü Rusiyanın enerji şantajından sığortalamaq istəyirsə, Azərbaycanın neft və qaz kəmərlərinə daha böyük sayqı ilə yanaşmalıdır. Bir daha deyirəm ki, bu kəmərlərin təhlükəsizliyi yalnız Azərbaycanın deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından ciddi əhəmiyyət kəsb edir. Düşünürəm ki, hərbi əməliyyatların daha fərqli bir müstəviyə keçə biləcəyi və sözügedən kəmərlərə daha böyük təhlükə yarana biləcəyi təqdirdə ABƏŞ-də (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) təmsil olunmuş şirkətlər ən azı Avropa dövlətlərinin müvafiq siyasi elitalarını bu məsələyə adekvat münasibət bildirməyə məcbur edə biləcəklər. Çünki sözügedən şirkətlər həmin dövlətlərin büdcələrinin formalaşmasında kifayət qədər böyük çəkiyə malikdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB