İşğalçının uğursuzluğu hakimiyyətdaxili panikaya səbəb olub "Sabah" yazır

İşğalçının uğursuzluğu hakimiyyətdaxili panikaya səbəb olub "Sabah" yazır

İstefalar, qovulmalar, qarşıdurmalar və siyasi ölüm!

İşğalçı Ermənistanın və bu ölkənin marioneti – qondarma “dqr”in Qarabağ cəbhəsində aldıqları ardıcıl, ağır və sarsıdıcı məğlubiyyətləri artıq ermənilərin hərbi-siyasi dairələrində kəskin panik situasiya yaradıb. Artıq bu təlaş o qədər böyüyüb ki, həmin hal ali rəhbər orqanlarda, əsasən də güc sturkturlarında qarşılıqlı inamsızlıqlara qədər inkişaf edib. İşğalçıların başlarını itirməsi, hər hansı bir qərarlara gələ bilməmələri, qarşılıqlı ittihamlar üzə çıxarılmasa da, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) növbəti direktorunun istefaya göndərilməsi qeyd edilən fikirləri kifayət qədər təsdiqləmiş olur.

“Sabah” nəşri: “İşğalçı Ermənistan Qarabağda baş verənlərin qəbzini MTX direktoruna kəsdi”

SİA xəbər verir ki, artıq bu olay qardaş Türkiyə mətbuatında da müzakirəyə səbəb olub. Belə ki, bununla bağlı Türkiyənin “Sabah” qəzetinin internet versiyasında maraqlı məqamlara toxunulub və istefanın səbəblərini MTX-nin öz işini doğru istiqamətdə qurmamaqda göstərib. Beləliklə...

“İşğalçı Ermənistan Qarabağda baş verənlərin qəbzini MTX direktoruna kəsdi. “Anadolu” agentliyinin bildirdiyi son məlumatlara görə Arqişti Karamyan vəzifəsindən uzaqlaçdırıldı”, türk nəşri yazır.

Nəşr əlavə edir ki, Ermənistan MTX-nin direktoru Arqişti Karamyan Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən imzalanan qərarla vəzifəsindən alınıb. Belə ki, Ermənistanın prezident administrasiyasının internet səhifəsində yer alan qərarnaməyə görə, təklifi məhz baş nazir Nikol Paşinyan verib, ancaq səbəbi barədə rəsmi heç nə deyilməyib.

“Düşmənin çoxsaylı tankları, artilleriya, havadan müdafiə qurğuları canlı qüvvəsi ilə birgə məhv edilir”

Bu arada, Azərbaycan Ordusunun işğal altındakı Qarabağda uğurlu əks-hücum kampaniyasına başladığını və ardıcıl qələbələr əldə etdiyini yazan “Sabah” çox sayda ərazilərin işğaldan azad edildiyini də qeyd edir və düşmən tərəfinin çoxsaylı tank, artilleriya, havadan müdafiə qurğularını canlı qüvvəsi ilə birgə məhv etdiyini xatırladır.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına da istinad edən türk nəşri 27 sentyabr-8 oktyabr tarixləri aralığında Ermənistan ordusunun 260 tank və zirehli maşın, 277 top və raket sistemi, 60 havadan müdafiə sistemi, 11 qərargahını və mövqelərini, 8 silah anbarını, 180 hərbi yük avtomobilini, bir S-300 sistemini məhv etdiyini yazır.

O cümlədən, Azərbaycan Ordusunun zəfərə doğru addım-addım irəlilədiyini qeyd edən “Sabah” Azərbaycan MN-nin ermənilərin işğalından qurtulan Füzuli rayonuna aid Horadiz kəndindən qaçan düşmənin tərk etdiyi zirehli avtomobillərin görüntülərini də yaydığını bildirib.

Nikol Paşinyannın budəfəki qurbanı MTX direktoru oldu...

Lakin haşiyə olaraq onu da qeyd edə bilərik ki, Nikol Paşinyanın təklifi ilə istefaya göndərdiyi Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Arqişti Karamyanın hansı səbəblərə görə işdən çıxarıldığı daha çox bəlli olub. Ermənistanın armenianreport saytı isə xəbər verir ki, ermənilərin baş naziri cəbhədəki uğursuzluqlarını, məğlubiyyətlərini məhz Aqrişti Karamyanın üzərinə atıb, onu “qurban” olaraq irəli verib. Daha dəqiq desək, Paşinyan guya arxa cəbhədə “satqınların” olduğunu bildirib və məhz bundan sonra MTX direktorunun istefa məsələsi qaldırılıb.

Ermənilərin baş naziri özünü təmizə çıxarmaqdan ötrü iddia edib ki,”dqr”dəki hərbçilərin mövqelərini qoyub-qaçmalarına yönəlmiş çağırışlar baş verir və MTX direktoru bunun qarşısını ala bilməyib və s. Karamyanın yerinə isə Mikael Ambarsumyanın təyin olunduğu bildirilir.

Nəticədə türk nəşrinin də yazdığı kimi, düşmən tərəfi kəskin panik vəziyyətdədir və artıq həmin vəziyyət cəbhədən hakimiyyət daxilinə də kifayət qədər sirayət edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə