"İşğal etdiyimiz torpaqlar var. Bunda utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci ildə də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil, amma həqiqət budur"- Serj Sarkisyan
Bu gün Azərbaycan ordusu öz tarixi, mənəvi torpağı olan Qarabağın azad edilməsi əməliyyatlarını sürətlə davam etdirir. İşğal edilmiş Qarabağda Ermənistanın işğalçı qüvvələrinə sarsıdıcı zərbələr vuran Azərbaycan əsgəri hər gün neçə neçə kəndimizi, şəhərimizi qanı və canı bahasına azad edir. Bəs buna gətirib çıxaran faktorlar hansılardır? Hərbi həll yoluna nə üçün ehtiyac duyuldu. Bu yazımızda bu suallara konkret və aydın cavab verməyə çalışacağıq. Əvvəlcə münaqişənin yaranması haqqında tarixi arayiş verək.
Münaqişə kimdən, nədən və hardan başladı?
Qarabağa ərazi iddiaları keçən əsrin əvvələrindən irəli sürülüb. Lakin Nərimanovun qəti mövqeyi sayəsində bu problem həllini tapdı. Sovet dövründə ermənilər bu məsələni qaldırmağa cəsarət etmədilər, lakin Amerikada və Avropada yaşayan erməni ideoloqları, erməni lobbisi buna hazırlıq görürdü.
Xüsusən də, soyuq müharibə dövründə Qərb dövlətlərinin SSRİ-ni daxildən parçalamaq planlarında əsas hədəf kimi etnik münaqişə törətmək cəhdinə üstünlük verəndə ermənilər yada düşdü, çünki nəinki SSRİ-də, bütün dünyada ən şovinist və maşa kimi istifadə olunası xalq ermənilər idi- bunu Qərbdə də yaxşı bilirdilər.
Buna görə də, Amerikadakı və Fransadakı ermənilər təşkilatlandırıldılar, maliyyələşdirildilər və SSRİ-də ilk etnik münaqişə qığılcımını ermənilərin əli ilə başlatdılar. SSRİ-yə gələn emissarlar təbliğata başladılar, ermənilərə xüsusi ədəbiyyatlar payladılar, "qədim erməni yaralarını" qazıdılar. Plan işə yaradı…və "Miatsum" proyekti başladı.
Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan (İrəvan) şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanıldı. Daha sonra Xankəndində belə kütləvi aksiyalar təşkil olundu. Qorbaçovun tapşırığı ilə KQB bu proseslərə qarışmadı və yalnız müşahidə etməklə kifayətləndi.
1988-ci ilin yanvar ayından etibarən ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başladılar. Bu proses 1989-cu ildə başa çatdırıldı- 200 000-dən çox azərbaycanlı deportasiyaya məruz qaldı.
Azərbaycanın Qarabağ ərazisində ilk ciddi hadisələr 1989-cu ildən etibarən- erməni silahlı birləşmələrinin vilayətin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə hücumları ilə başladı. Onlarla azərbaycanlı Sovet vətəndaşı İttifaq rəhbərliyinin gözü qarşısında öldürüldü, lakin Moskvadan səs çıxmadı
Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə birləşdirilməsi haqqında" qərar qəbul etdi. 1991-ci il sentyabr ayının 2-də isə həmin vilayətdə qeyri-qanuni olaraq "Dağlıq Qarabağ Respublikası"nın qurulmasını bəyan etdilər.
Müharibə dövründə hərbi və diplomatik proseslər
1991-ci il sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəlindi. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarından qovuldu.
Noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan "Mİ-8" vertolyotunu vurdular. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirildi.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər isə girov götürüldü.
Mart ayının 2-də Azərbaycan BMT-nin üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi.
May ayının 7-də İranın vasitəçiliyi ilə Tehranda keçirilən görüşdə dövlət başçıları kommunike imzaladı. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri, 17-də isə Laçın işğal olundu.
Sentyabrın 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Soçidə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. 3 ay keçməmiş bu razılaşmanı pozan Ermənistan ordusu Azərbaycanın Zəngilan rayonunun 8 kəndini işğal etdi. 1993-cü il aprelin 3-də Kəlbəcər rayonu işğal olundu.
Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi, aprelin 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi.
Aprel ayının 30-da isə BMT TŞ Azərbaycanın Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Ağdam rayonunu işğal etdilər. İyulun 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi.
Avqust ayının 18-də isə BMT TŞ-nin sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan ordusu tərəfindən işğal olundu.
Oktyabr ayının 14-də BMT-nin TŞ işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti- 874 saylı Qətnaməni qəbul etdi. Oktyabrın sonlarında Zəngilan rayonu işğal edildi.
Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti - 884 saylı Qətnaməsi qəbul edildi. 1994-cü il yanvar ayının 10-11-də NATO-ya üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, Qafqaz respublikalarının ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi. Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Bişkək protokolu imzalandıqdan sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi.
Qarabağ müharibəsinin dəhşətli nəticələri
Beləliklə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi- Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşüb. 20 mindən çox insan qətlə yetirilib, 50 mindən artıq adam yaralanıb və şikəst olub. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır.
İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, 150 km-dən artıq dəmiryolu xətləri, cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik stansiyaları, 2 min km qaz boru xətti, 160 su deposu, 34-dən çox qazpaylayıcı stansiyası, on minlərlə bina və ev ermənilər tərəfindən yandırılıb və ya dağıdılıb.
İşgal edilmiş bölgələrdə 600 orta məktəb, 65 peşə məktəbi, 2 texnikum məhv edilib. 700 xəstəxana və poliklinika, doğum evləri dağıdılıb. Təkcə səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan indiki qiymətləndirmələrə görə 5 milyard dollara yaxındır.
Azərbaycana aid 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4.6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən ələ keçirilib və bunların çoxu dağıdılıb. Xocalıdaki "Dairəvi Məbəd" (1356-1357) və "Türbə"nin (14-cü əsr) də dağıdılması qeydə alınıb. Bundan başqa, yüz minlərlə hektar meşə sahəsi vəhşicəsinə qırılıb.
Müharibə nəticəsində Azərbaycan Respublikası bu günkü dəyərlə 300 milyard dollar məbləğində ziyana məruz qalıb.
Danışıqlar prosesi necə getdi və niyə tükəndi
Başlangıcda müharibə səbəbini Dağlıq Qarabağ torpaqlarını ələ keçirmək olaraq açıqlayan Ermənistan Respublikası BMT-yə üzv olduqdan sonra siyasətini dəyişmiş və müharibənin Qarabağ ermənilərinin azadlıq mübarizəsi olduğunu irəli sürürdü. Amma 18 may 2001-ci il tarixdə Ermənistanın Müdafiə Naziri (sonra prezidenti olmuş) Serj Sarkisyanın Ermənistan parlamentindəki nitqi bunun işğalçılıq siyasəti olduğunu ortaya qoydu: "Bəli, işğal etdiyimiz torpaqlar var. Bunda utanılacaq heç nə yoxdur. Təhlükəsizliyimiz üçün bu torpaqları işğal etdik. Biz bunu 1992-ci il və ondan əvvəl də deyirdik, indi də deyirik. Bəlkə üslubum diplomatik deyil amma həqiqət budur".
Azərbaycan 1994-cü ildən- atəşkəs olunandan sonra da- danışıqlar prosesində öz qəti və haqlı mövqeyini dəqiqliklə ortaya qoyub- Azərbaycanın işğal edilmiş tarixi və qanuni ərazilərindən Ermənistan hərbi birləşmələri çıxarılır, öz torpaqlarından qovulmuş azərbaycanlılar geri qaytarılır, bölgəyə Azərbaycan tərkibində yüksək statusla muxtariyyat verilir.
Prezident İlham Əliyev bütün danışıqlarda əsas şərti ortaya qoyub- Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır.
Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməli idi.
Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun mövsud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsi faktdır. 1994-ci ildən bu yana- 25 ilə yaxındır ki, bu qrup danışıqların uzanması və Azərbaycanın təslimçi sülhə razılaşması üçün əllərindən gələni etdilər.
Azərbaycan Prezidenti bu siyasətə münasibətini açıq-aydın ortaya qoymuşdu: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Əgər kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.
Ermənistan tərəfi keçən 25 il ərzində hər vəchlə danışırları pozmağa, müddəti uzatmağa çalışıb və sonda da bəyan edib ki Qarabağ Ermənistana məxsusdur və Ermənistan Ordusu bu işğal edilmiş ərzilərdən çıxmayacaq.
Problemi həll etmək üçün təcavüzkarı beynəlxaq hüquqa tabe etmək əvəzinə böyük dövlətlərin və beynəlxalq təşkilatların liderləri Azərbaycana hədə mesajları verirdilər- münaqişənin hərbi yolla həlli yoxdur. Necə yəni yoxdur? Siz kimsiniz ki buna qərar verirsiniz? Sizin missiyanız sülh yolu ilə həlli təmin etmək idi, vəzifənizi yerinə yetirmədiniz, indi çəkilin kənara, görün necə həll edirlər.
Beləliklə, Azərbaycanın səbrlə 30 ilədək dözdüyü və problemin sülh yolu ilə həll edilməsi üçün mümkün olan bütün imkanlardan sonadək istifadə etdiyi məlumdur. Artıq Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi fonunda sülh üçün bütün imkanlar tükəndiyi məlum olduqda yalnız bir yol qalmışdı- işğal edilmiş ərzilərin güc yolu ilə qaytarılması. Və bu yola da məcburən əl atıldı. Obrazlı desək, Ermənistan özünü axırıncı yola qoymuşdu, Azərbaycan da bu yolla ona dərs verməyi qərara aldı.
Bunu qınayan bəzi Qərb dövlətlərinə isə Prezident İlham Əliyev tutarlı cavab verib- təxminən belə- siz 30 il ərzində problemin sülh yolu ilə həll edilməsi üçün heç nə etmədiniz, əskinə işğalın qanuniləşməsi üçün hər şeyi etdiniz. İndi biz öz problemimizi özümüz həll edirik. Beynəlxalq hüquq və qanunlar əsasında. Heç kim də buna qarışa bilməz.
Sülh yolu baş tutmayanda yalnız güc yolu qalırdı
Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur. Azərbaycan bu imkandan istifadə etmək üçün yetərli iqtisadi, hərbi və texniki imkanlara malikdir.
Azərbaycan haqlı mübarizə apardığı üçün həm siyasi-diplomatik, həm hərbi-döyüş, həm informasiya-təbliğat müharibəsində üstünlüyü ələ alıb. Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb.
Azərbaycan sülhpərvər siyasəti nəticəsində dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün vacib ölkəyə çevrilməsi mövqeyimizi daha da möhkəmləndirib.
Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü müstəqil dövlətimizin əsl söz sahibi olduğunu təsdiqləyir.
Regional və beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması rəsmi Bakı tərəfindən ən vacib şərt kimi önə çəkilirdi. Bu şərti isə hazırda Azərbaycan Ordusu təmin edir.
Prezident anti-terror əməliyyatlarının başladığı gün etdiyi çıxışında xüsusi vurğuladı: "mən dəfələrlə demişdim, xəbərdarlıq etmişdim" deyə. Bundan həm ermənilər, həm də onların dünyadakı havadarları dərs almadılar- deyən dövlət başçısı indi artıq danışıqlar üçün gec olduğunu, bütün işğal olunmuş torpaqlar azad edilənədək əməliyyatların dayanmayacağını qətiyyətlə bəyan etdi.
Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir, qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edirdi.
"Vaxt keçdikcə bizim bölgədə olan mövqeyimiz, təsir imkanlarımız, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır”- Azərbaycan Prezidentinin bu mesajını lazımınca qiymətləndirmədilər. Lakin çox keçmədi ki, bu sözlərin niyə deyildiyi nə necə həyata keçirildiyini anladılar.
Hərbi və diplomatik müharibədə möqelərin nəzərdən keçirilməsi
Lakin burada siyasi amilin də mühüm rolu var. Bu da fövqəldövlətlərin mövqeyidir. Rusiya, Britaniya və ABŞ məsələyə qarışmadıqlarını və dolayı yolla Azərbaycanın haqlı olaraq ərazilərini güc yolu ilə azad etdiyini bildirsələr də, Fransa özünün qeyri-obyektiv və beynəlxalq hüquqa tüpürən siyasətini ortaya qoydu. Lakin Azərbaycan prezidenti həyasız bəyanatla çıxış edən Fransa prezidenti Makronun layiqli cavabını verdi. Hazırda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini daha çox dövlət dəstəkləyir.
Obyektiv xarici ekspertlər deyirdilər ki, Azərbaycan sülh prosesinin artıq tükəndiyini görsə, müharibə yoluna üstünlük versə, yenə də beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləmiş olacaq. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.
Bunun üçün ölkəmizin qüdrətli ordusu, anti-terror əməliyyatını aparmaq üçün maddi-texniki, iqtisadi-maliyyə imkanları, güclü potensialı var. Lakin bu sözləri bütün sahələrdə böhranlı və zəif vəziyyətə düşmüş işğalçı dövlət haqda demək mümkün deyil. Əməliyyatların ilk günlərindəcə bu aydın göründü. 10 gün qabaq Azərbaycan Ordusu işğal edilmiş ərazilərimizin azad edilməsi əməliyyatına başladı və artıq xeyli yaşayış məntəqəsi azad edilib.
İqtisadi qüdrətini artıran Azərbaycanın maliyyə imkanlarının genişlənməsi digər sahələrin inkişafına da öz müsbət təsirini göstərdi. Hərbi büdcəmizin ildən-ilə artması dövlətimizin iqtisadi imkanlarının artmasından irəli gəlirdi.
“Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə büdcəsi qədər olmalıdır” deyən və qısa müddətdə bu sözünə əməl edən Prezident İlham Əliyev işğalçı, xarici ianələrdən asılı olan Ermənistanın qüdrətli iqtisadiyyata malik Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bəyan edirdi: “Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücüm siyasətimiz nəticədə torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaqdır”.
Elə də oldu…
Göründüyü kimi, bölgədə yaranmış hərbi, siyasi, iqtisadi Ermənistanın məğlubiyyətini şərtləndirib. Azərbaycan artıq bütün cəbhələrdə düşməni dalana dirəyib. Bu isə, çox yaxın vaxtda bütün işğal edilmiş ərazilərimizin azad olunmasının başa çatacağını aydın göstərir.
Gec ya tez ədalət öz yerini tapmalı idi. Azərbaycan Prezidenti bunun qansız baş verməsi üçün çox çalışdı, sülh üçün bütün mümkün imkanlardan istifadə etdi, lakin Ermnistan bunun üçün heç bir əl yeri qoymadı. İndi bütün dünya qəhrəman Azərbaycanın və Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani surətdə görür. Peşəkar və mükəmməl hərbi əməliyyatlarla düşmənin çox güclü müdafiə sistemi sıradan çıxarılıb, azad olunan yaşayış məntəqlərinin və ərazilərin sayı sürətlə artır. Qisa müddətdə Azərbaycanın öz ərzi bütvlüyünü bərpa edəcəyinə artıq bütün dünya əmindir. Güclü dövlət, qətiyyətli lider, əzmkar xalq və qüdrətli ordu ölkəmizin taleyini həll edir. Bütün cəbhələrdə qələbələr ard-arda düzülür.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, Azərbaycan dünyaya Günəş kimi doğur.
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB