RİA Novosti: “Avtobuslar indi sakinləri Ermənistana daşımaqla məşğuldur” Xankəndi boşalır

RİA Novosti: “Avtobuslar indi sakinləri Ermənistana daşımaqla məşğuldur” Xankəndi boşalır

Rusiya KİV-ləri yazırlar ki, işğal altındakı Dağlıq Qarabağda – Xankəndində vəziyyət get-gedə ağırlaşır. SİA xəbər verir ki, znak.com-un qeyd etdiyinə görə, şəhərdə qida ehtiyatı tükənib, mağazalar bağlanıb. Bununla bağlı ermənilərin şəhəri kütləvi tərk etmələri prosesi sürətlənib. Onlar İrəvana tərəf avtomobillərlə yeganə və az-çox təhlükəsiz yolla gedirlər.

Digər tərəfdən, hərbi obyektlər hədəfə alınarkən, həmin hədəflərin ərazisindəki qaz boruları və şəhərə gedən istilik sistemləri də sıradan çıxıb. O cümlədən, elektrik enerjisinin də kəskin qıtlığı yaşanan Xankəndinə axşam və gecə saatlarında zil qaranlıq çökür.

RİA Novosti isə yazır ki, Xankəndi tədricən xəyalətlər şəhərinə çevrilir – küçələr boşalır, mağazalar, kafelər, iaşə obyektləri birdəfəlik bağlanır.

Saytın qeyd etdiyinə görə, demək olar ki, bütün mağazalar bağlanıb – həm sənaye, həm də ərzaq. Yerli və xarici jurnalistlər siqaret, konserv, hətta çörək almaq üçün çoxsaylı axtarışlara əl atırlar. Bu və ya digər ticari nöqtənin açıq olub-olmaması parollarla bildirilir.

"Zaman-zaman şəhərin boş küçələrini hava həyəcanı siqnalı pozur və həmin an bu səs şəhərdə artıq kimsə tərəfindən yığışdırılmayan zibilləri sanki küçələrə qovur", deyə yazan rus saytı əlavə edir ki, küçələrdə piyadaları görmək mümkün deyil, ancaq bir-iki maşın keçir.

"İctimai nəqliyyat işləmir, bütün avtobuslar indi sakinləri Ermənistana daşımaqla məşğuldur", agentlik bildirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə