Multikultural Azərbaycançılıq ideologiyası ilə neo-faşist ermənizm ideologiyasının fərqi
Azərbaycan bütün etnik və dini qrupların dinc yanaşı yaşadığı zəngin bir multikultural ölkədir, Ermənistan isə monoetnik neo-faşist dövləti
Bu gün dünyada çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycan bəşər sivilizasiyasının ən yüksək dəyərlərinin vahid ideologiyada cəmləşdiyi məkan kimi tanınır. Belə zəngin fərqliliyə malik cəmiyyət arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi bizim tarixi ənənəmizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün multikultural cəmiyyətin əyani nümunəsinə çevirib. Bu təcrübə bəşəri dəyərlərlə milli dəyərlərin bir-biri ilə ziddiyyət təşkil etmədən birgə mövcud ola bilməsini və bu halda daha üstün cəmiyyət modeli formalaşdırmasını özündə ehtiva edir.
"Multikulturalizm xalqları ayırmır, əksinə, birləşdirir"
Tarixdən məlum olduğu kimi, ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində öz milli kultural ənənələrini saxlamaqla, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayırlar. Dini, milli, sosial azadlıqlar, tolerant mühitin təmin edilməsi milli-mənəvi dəyərlərin qorunması kontekstində vətəndaş cəmiyyəti üçün lazım olan bütün vacib normalar ölkəmizdə mövcuddur.
Son illərdə dünyada baş verən proseslər mədəniyyətlərin birgəyaşayışı və inkişafının nə qədər mühüm olduğunu ortaya qoyub. Bəşəriyyət üçün belə bir nümunələrdən biri də Azərbaycandır.
Multikulturalizmin ən yaxşı modeli olan Azərbaycanın tarixi ənənələri ilə yanaşı, davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Azərbaycanın siyasi, iqtisadi inkişafı ilə yanaşı, mədəni inkişafı, fərqli din mənsublarının burda azad şəkildə yaşaması, onların seçiminə və hüquqlarına hörmətlə yanaşılması dövlətin siyasətinin əsas müddəalarıdır.
Azərbaycan bu dəyərlər sistemi- yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə uzun illərdir bəşəriyyətə nümunə göstərməkdədir. Ölkəmizin milli mədəniyyətinə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.
Çoxmillətli respublika olan Azərbaycanın milli siyasətində bütün etnik qrupların mədəni dəyərlərinin qorunması üçün hər cür şəraitin təmin edilməsi daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev də multikultural dəyərləri bütün xalqları birləşdirən faktor kimi qiymətləndirib: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir".
Azərbaycan: dövlət-cəmiyyət münasibətlərinin uğurlu həll modeli
Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfensiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini aktual saxlayır.
Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəzinə, onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların, faşizm meyllərinin şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölkələrdə bəzi Qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alıb.
Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümumilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub.
Müstəqilliyin ilk illərindən (1991-1992) təbii şəkildə bir millətçilik dalğası ortaya çıxmışdı və bundan da kənar qüvvələr istifadə edərək milli azlıqları qıcıqlandıra bilmişdilər. 1993-cü ildən sonra isə ulu öndər Heydər bu təxribatların qarşısını almaq üçün vahid ideologiya ilə çıxış etdi. Bu, Azərbaycançılıq ideologiyası idi. Dünənə qədər hər kəs özünü azərbaycanlı hesab edirdisə, bundan sonra da bu ahəng bərpa edilməli idi və edildi də. Bununla da daxili siyasətlə xarici siyasətdə bir harmoniya yarandı.
Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük əhəmiyyət verəcəyini bir konsepsiya kimi qarşıya qoymuşdu: "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik". Bu kiçik fraza dövlətimizin din siyasətini tam şəkildə özündə ehtiva edir.
Xalqımız da qədimdən gələn ənənələrini yaşatmaqla ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cəmiyyətin bütün icmalarının sülh və mehribanlıq şəraitində yaşaması istiqamətində dövlətin siyasətinə dəstək verir.
Beləliklə, dünyadakı vəziyyəti nəzərdən keçirdikdə aydın olur ki, ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.
Monoetnik və monokultural cəmiyyətlərin problemləri
Milli və dini tolerantlıq mədəniyyətlərin problemsiz dialoqunun zəruri alətidir. Hazırda Avropa və bəzi Qərb dövlətləri milli və dini müxtəlifliyi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olmasını anlayaraq ondan imtina ediblər. Halbuki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Monoetnik və monokultural cəmiyyətlərin, dövlətlərin bəzilərində bəşəri dəyərlərə zidd fikirlər formalaşır və qonşularla münasibətlər məhz bu prizmadan baxılır. Bir sözlə bu naqislik dövlət siyasətinə sirayət edir.
Buna ən pis numunə kimi faşizm meyillərinin gücləndiyi, bütün digər xalqların ölkədən qovulduğu Ermənistanı göstərmək olar. Əhalinin 99 faizdən çoxu ermənilərdən ibarət olan, heç bir digər etnik, dini, mədəni icmanın mövcud olmadığı Ermənistan həm daxili, həm də xarici siyasətində neo-faşizm ideologiyasına əsaslanır. Qonşuların torpaqlarını zor gücünə ələ keçirmək, işğal etdiyi ərazilərdəki yerli xalqları soyqırımlarla məhv etmək, hər cür terror aktları təşkil etməklə dünyaya mulikulturalizmin və tolerantlığım olmadığı, nasizmin ölkənin nəyə çevriləcəyini bir daha əyani göstərdi (hərçənd, dünya bunu ötən əsrin 30-40-cı illərində faşist Almaniyasının timsalında görmüşdü). Bu, siyasi ədəbiyyatda artıq ermənizm xəstəliyi kimi qəbul olunub və xəstə millətçiliyə, qonşularla düşmənçiliyə, təcavüzkarlığa, terrora əsaslanır.
Cəbhənin əks tərəfində isə öz numunəvi dövlət və cəmiyyət modeli ilə tamam fərqli ölkə var. Azərbaycan dövləti hər zaman etnik, dini, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün icmaların milli-mənəvi dəyərlərinə böyük hörmət göstərib və ölkəmizin dünyada nümunəvi cəmiyyət imicini qazanmasında əsas rol oynayıb. Burda əsas məqam ondan ibarətdir ki, qloballaşma və inteqrasiya şəraitində milli-mədəni dəyərlərin qorunması, bəşəri dəyərlərin inkar edilməməsi şəraitində yaşayır və hətta bu dəyərlər bir arada daha yaxşı nəticə verir.
Qərubəsi ondadır ki, məhz bu dəyələri müdafiə etdiyini sözdə deyən Qərb ölkələri əməldə tam olaraq bunun əksini həyata keçirən dövləti müdafiə edirlər. Burada paradoksun səbəbini onların liderlərindən, məsələn, Fransa prezidenti Makrondan soruşmaq maraqlı olardı.
Azərbaycan dünyaya bəşəri cəmiyyət modeli təqdim edir
Hazırda qloballaş və inteqrasiya adı altında bəzi qlobal dairələr əslində assimilyasiya siyasəti yeritməyə cəhd edirlər. Onların sözdə dediyi dəyərlərə, əməldə Azərbaycan sahibdir. Nəticə olaraq deyə bilərik ki, əgər bəzi ölkələrdən öyrənəsi nələrsə varsa, onların da bizdən öyrənəcəyi nələrsə var. Həqiqi inteqrasiya budur.
Qloballama isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz milli-mənəvi dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox. Dünyanın gözəlliyi zənginlikdə, fərqlilikdədir. Bütün insanların eyni mədəni, dini, siyasi görünüşə malik olması anormallıq olardı- bu artıq insan cəmiyyəti deyil, robot cəmiyyətidir.
Bəli, Azərbaycan öz qədim tarixi ənənələri, möhtəşəm mədəni zənginliyi, etnik və dini icmaların vahid ideologiyada qovuşduğu zəmin üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi çox şey var.
Dünyada davam edən etnik və dini münaqişələrin fonunda qədim Odlar Yurdu bütün etnik və dini qrupların eyni hüquqlara malik olduğu, dinc yanaşı yaşadığı bir multikultural tolerantlıq adasıdır. Dünyaya bu sahədə əyani nümunə olan əlvan ada...
Elçin Bayramlı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB