Azərbaycana dəstək olublar xarici jurnalistlər və ictimai-siyasi xadimlər

Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, eləcə də ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər. SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər dünya ictimaiyyətini ölkəmizin ədalətli mövqeyini müdafiə etməyə çağırırlar. SİA oxucuların diqqətinə bu münasibətlərin bəzilərini təqdim edir:

Amerikalı jurnalist və analitik İrina Sukerman: “Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilib”.

Fransalı tarixçi Maksim Qauin: “1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan İrəvan rejiminin oğurladığını geri qaytarır”.

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: “Şübhəsiz Qarabağ Azərbaycandır….Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycanı birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər”.

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: “Soyqırım, işğal və təcavüz”.

İsrailli yazıçı və jurnalist Petr Lyukimson sosial şəbəkə hesabından paylaşım edib, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayanların, heç bir zaman bu regionda olmayan insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında hərbi əməliyyatların aparılması faktı onları narahat etmir”.

Yapon müğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazıb, ölkəmizə dəstək nümayiş etdirib: “İlk dəfə Azərbaycana 2014-cü ildə getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getdim və Heydər Əliyevin anım mərasimində iştirak etdim. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın...Yaşa, Yaşa, Azərbaycan!”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...