Azərbaycan səfiri etimadnaməsini Timor-Leste Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Timor-Leste Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının İndoneziyadakı, eyni zamanda Filippin və Timor-Lestedəki səfiri İbrahim Hacıyev etimadnaməsini Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Hortaya təqdim edib.


Səfirlikdən SİA-ya bildiriblər ki, diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Timor-Leste xalqına sülh, əmin-amanlıq, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığın intensivləşdirilməsi arzularını Prezident Xose Ramos Hortaya çatdırıb.
Timor-Leste Prezidenti Azərbaycan Prezidentinə xoş arzularına görə minnətdarlığını bildirmiş, səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına da çatdırılmasını xahiş edib.


Prezident Xose Ramos Horta Azərbaycan və Timor-Lestenin müstəqilliklərini yeni bərpa etdiklərini nəzərə alaraq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulamışdır. Timor-Lestenin Prezidenti deyib ki, Azərbaycanın uğurlu daxili və xarici siyasətindən, regionda və dünyada sülh və qarşılıqlı etimad naminə apardığı fəaliyyət və təcrübəsindən bəhrələnmək də vacibdir. O, müxtəlif dövlətlərin maraqlarının kəsişdiyi məkanda yerləşən Azərbaycanın uğurlu xarici siyasətini yüksək qiymətləndirib.


Xose Ramos Horta Azərbaycanın neft-qaz kəşfiyyatı və istehsalının zəngin tarixi və təcrübəsindən danışmış, ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərindən müstəqilliyini yeni bərpa etmiş Timor-Lestenin də faydalana biləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə