"Paşinyan sərsəm bəyanatı ilə danışıqlar prosesini məhv etdi" ÖZƏL-MÜNASİBƏT

"Sentyabrın 29-dan 30-na keçən gecə BMT Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan arasındakı genişmiqyaslı hərbi qarşıdurma ilə bağlı qapalı müzakirələr keçirib. Hazırda Təhlükəsizlik Şurasına sədrlik edən Nigeriyanın bu qurumdakı daimi nümayəndəsi Əbdu Abarri bildirib ki, TŞ-nın üzvləri Ermənistanı və Azərbaycanı dərhal atəşi dayandırmağa və danışıqlara qayıtmağa çağırıb". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

"Yeri gəlmişkən, BMT-nin Baş katibi də bu günlərdə hərbi əməliyyatlara son qoymaq və masa arxasına dönmək çağırışı ilə tərəflərə müraciət etmişdir. Açığını deyim ki, bu, ədalətsizliyin, ikili standartların bariz nümunəsidir. Axı, dünyada sülhə, əmin-amanlığa məsul olan bu nüfuzlu təşkilat necə olur ki, işğalçıya və işğala məruz qalana eyni cür yanaşır? Heç olmasa, həmin iclasda Ermənistanın nümayəndəsinə bir sual edərdilər ki, niyə ölkəsi bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1992-ci ildə qəbul etdiyi dörd qətnaməni yerinə yetirmir?

Digər tərəfdən, "Qarabağ Ermənistandır" deyən təcavüzkar dövlətin başçısı ilə nədən danışmaq olar? O, bu bəyanatı ilə beynəlxalq hüquqa meydan oxudu, danışıqlar prosesini məhv etdi. Ermənistanın son otuz ildəki bütün addımları bölgədə geosiyasi vəziyyəti gərginləşdirməyə, münaqişənin alovlanmasına yönəlib.

Nəyə görə, BMT TŞ terrorçu, cinayətkar dövlət olan Ermənistana cəza tədbirləri, sanksiyalar tətbiq etmir? Bu qurum görəsən Ermənistanın onun qəbul etdiyi qətnamələri icra etməməsi, ayaqları altına atıb tapdalamasından xəcalət çəkirmi? Dünya siyasətini müəyyənləşdirməyə, yönəltməyə çalışan beşlik belə ikiüzlülüklə, haqsızlıqla dünyamızı uçuruma apardığının fərqindədirmi?"-deyə, partiya sədri fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə