"Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayacaq" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan yüz ildən artıqdır ki, hər vəchlə öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirmək üçün cəhdlər edir. Tarixi Azərbaycan əraziləri olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı da bu çirkin və beynəlxalq hüquqa zidd niyyətlərdən irəli gəlir. Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq: "Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. Otuz ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüququ, nə də BMT-nin qətnamələrinin tələblərini saya salır, öz əhalisinin belə acınacaqlı durumda yaşamasını nəzərə almır.

Bölgədə sabitliyə ciddi təhlükə olan bu ölkə Azərbaycanın illərdir davam edən xəbərdarlıqlarından nəticə çıxarmadığı, məsələnin danışıqlarla həllinə hər vəchlə mane olduğu, eləcə də hərbi təxribatlarını davam etdirdiyi üçün ordumuz işğalçıya cavab vermək hüququndan istifadə edir. Dünyanın bir sıra ölkələri və beynəlxalq qurumlar da dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Hazırda ölkəmiz müharibə şəraitindədir. Ermənistan Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutmaqla növbəti dəfə qeyri-humanist mahiyyətini, insanlığa qarşı olduğunu sübut edir. Mülki obyektlərin və əhalinin vurulması Ermənistanın Azərbaycana qarşı dünya tarixində görünməmiş üsullardan istifadə etdiyini bir daha ortaya qoyur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə