Vüqar Rəhimzadə: “Diffamasiya haqqında qanunun qəbulu məsuliyyətdən yaxa qurtarmaq demək deyil” - MÖVQE

Vüqar Rəhimzadə: “Diffamasiya haqqında qanunun qəbulu məsuliyyətdən yaxa qurtarmaq demək deyil” - MÖVQE
"Dünyanın bir çox ölkələrində "Diffamasiya haqqında" qanun yoxdur. Lakin bizdə Mətbuat Şurası və ATƏT-in Bakı Ofisi belə bir layihənin müzakirələrini keçirir. Mən düşünürəm ki, əgər buna doğru gedilirsə, ilk növbədə həm ictimaiyyət, həm də jurnalistikanın radikal qanadı bu prosesə müəyyən seminarlar vasitəsilə hazırlanmalıdır". Bu sözləri "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu gün Azərbaycan mətbuatında vətəndaşı tənqid, təhqir və şəxsi həyatına müdaxilələrlə bağlı narahatedici hallar tüğyan edir və ölkədə bəzi mətbuat orqanları var ki, onlar sistemli, ardıcıl şəkildə vətəndaşların ailə həyatlarına, şəxsi məsələlərinə müdaxilə etməklə məşğuldurlar.

Baş redaktor hesab edir ki, "Diffamasiya haqqında" qanunun qəbulu məsuliyyətdən yaxa qurtarmaq demək deyil. Onun sözlərinə görə, belə bir qanun qəbul olunmazdan əvvəl bu tip insanlar reablitasiya olunmalı, düşüncələrində müəyyən dönüş, dəyişiklik olmalıdır: "Əgər Diffamasiya haqqında qanun qəbul olunarsa ən birinci "reket jurnalistika" deyilən qəzetlərlə bağlı xüsusi təbliğat işləri aparılmalıdır. Bu gün Azərbaycan mətbuatında böhtan, təhqir xarakterli, insana ziyan, xələl gətirən yazılar kifayət qədərdir. Ona görə də düşünürəm ki, müəyyən araşdırmalar aparılmalı qanunun qəbulundan əvvəl lazımi proseslər həyata keçirilməlidir ki, xoşagəlməz halların qarşısı alınsın. Bir çox qəzetlər var ki, onlarda monitorinqlər aparılır. Araşdırmalar zamanı bəlli olur ki, bir şəxs, məmur və ya sıravi vətəndaş haqqında həftə ərzində bir yox, bir neçə dəfə təhqir tipli yazılar təkrar olunur. Belə olan halda məlum olur ki, bu yazılar artıq məqsədli, bir insanı aşağılamaq üçün yazılan yazılardır. Bu səbəbdən də mən düşünürəm ki, bu tipli qəzetlərlə qarşı həm ictimaiyyət nümayəndələri, həm Mətbuat Şurası müəyyən işlər aparmalıdır".

Dövlət tərəfindən söz, fikir azadlığı ilə bağlı kifayət qədər uğurlu addımlar atıldığını xüsusi vurğulayan V.Rəhimzadə söyləyib ki, ölkəmizdə həm ümummilli lider Heydər Əliyev, həm də hazırki prezident İlham Əliyev tərəfindən KİV-in, müstəqil mətbuatın inkişafı ilə bağlı çox mühüm, dünyada analoqu olmayan addımlar atılıb.

Baş redaktor bildirib ki, jurnalistlər bundan sui-istifadə etməməli, işlərinə məsuliyyətlə yanaşmalı, yaranan münbit şəraitdən kimlərinsə şəxsi, məişət zəminində olan problemlərini mətbuata çıxarmamalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə