"Siyasi partiyaların birgə mövqeyi önəmlidir" Asim Mollazadə

“Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan getdikcə bu işğalı genişləndirmək barədə düşünür.Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarına layiqli cavab vermək üçün yetərincə gücü var. Hazırda cəbhə xəttində baş verənlər bunu bir daha təsdiqləyir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Asim Mollazadə bildirib ki, hazırda bütün Azərbaycan cəmiyyəti ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olmalıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı işğalçı Ermənistanın bundan sonra da təcavüzkar niyyətləri barədə dünya birliyini məlumatlandırdı. Artıq biz sentyabrın 27-də Ermənistanın yeni hərbi təxribatının şahidi olduq.

“Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın haqlı mövqedə olduğunu dəqiq ifadə etdi. Dinc insanları, yaşayış məntəqələrini atəşə məruz qoyan Ermənistan mütləq cəzalandırılmalıdır. Hazırkı şəraitdə milli həmrəylik mühüm şərtdir. Bu mənada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da vahid mövqedən çıxış etməlidir. İndiki vəziyyətdə siyasi partiyalar üçün Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz və ərazi bütövlüyümüz ən mühüm amildir, ümummilli məsələlərdə birlik nümayiş etdirilməlidir. Siyasi partiyaların mütləq əksəriyyəti bu məsələdə vahid mövqedən çıxış edirlər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan mübarizədə siyasi partiyaların birgə mövqeyi və dialoqu önəmlidir”,-deyə A.Mollazadə vurğulayıb yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə