"Ordumuz tezliklə Dağlıq Qarabağda sülhü bərqərar edəcək" ÖZƏL-MÜNASİBƏT

"Təəssüf ki, bu gün Ermənistanın baş naziri Azərbaycana qarşı yönəlmiş təxribatı dünya ictimaiyyətinə başqa cür təqdim etməyə çalışır. Lakin mülki əhalimizə qarşı bu gün də davam edən soyqırım siyasəti ermənilərin xislətini bir daha ortaya qoyur. Bu, heç bir müharibə qanunlarına və insanlığa sığmır". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti dəfələrlə Ermənistanın siyasi rəhbərliyini danışıqlar prosesinə ciddi yanaşmağa çağırdı, əvəzində Ermənistanın baş naziri Şuşada özü üçün əyləncə məclisləri düzənlədi, Qarabağ Ermənistandır bəyanatı verdi və Azərbaycanın işğal olunmuş bölgələrində süni köçürmə siyasəti həyata keçirdi: "Düşünürəm ki, vəziyyətin bu həddə gəlib çatmasına birbaşa günahkar olan Ermənistan hakimiyyətidir, danışıqlardan yayınmaq və bu prosesə Dağlıq Qarabağdakı qondarma rejimi tərəf kimi təqdim etmək ən böyük səhv addım idi.

İndi isə Ermənistanın yalançı hakimiyyəti dünya ictimaiyyətinə bu əməliyyatları Dağlıq Qarabağdakı xalqa qarşı yönəlmiş bir addım kimi qələmə vermək istəyir. Lakin bacarmayacaq, çünki rəsmi Bakı Ermənistandan fərqli olaraq müharibəni beynəlxalq konvensiyalara uyğun aparır, mülki əhalini hədəf almır, əsas məqsədi Ermənistanın Azərbaycana qarşı olan təcavüzünü aradan qaldırmaq və öz torpaqlarından terrorçuları qovub çıxarmaqdır. Bu gün Ali baş komandanın əmri ilə Azərbaycan dövləti və ordusu 30 il danışıqlar yolu ilə baş tutmayan sülhü düşmənin hücumunu dəf etməklə öz ərazisində bərqərar edir, Ermənistanı sülhə məcbur edir və bütün dünya dövlətləri bunu anlayışla qəbul edir, çünki hər kəs Azərbaycanın bu məsələdə haqlı olduğunu və beynəlxalq hüququn bizim tərəfdə olduğunu görür.

Son 4 ildə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı üç dəfə hərbi təxribatlara əl atdılar, körpə, yaşlı və qadın baxmadan mülki əhalimizi qətlə yetirdilər. Əvəzində isə işğal etdikləri bir qarış torpağı belə güzəştə getmək istəmədilər, 30 ildir ki, Azərbaycanın minlərlə məcburi köçkünü öz torpaqlarına, ata-baba yurdlarına qayıda bilmir, ermənilər isə utanmadan və həyasızcasına Dağlıq Qarabağda Şuşanın işğalını qeyd edirdilər, onlar bilməli idilər ki, bir gün Azərbaycan əsgəri bunların hesabını onlardan soruşacaq. Həmən gün gəlib çatdı, Azərbaycan ordusu tezliklə Dağlıq Qarabağda sülhü bərqərar edəcək və bayrağımızı dalğalandıracaqdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə