İşğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə təhdiddir - ŞƏRH ÖZƏL

"Tarix boyu Azərbaycan torpaqlarında məskunlaşan ermənilər, sonradan Rusiyanın hərbi və siyasi dəstəyi ilə bizim ərazilərimiz hesabına öz dövlətlərini yaradaraq bizə qarşı düşmənçilik siyasətlərini planlı və genişmiqyaslı şəkildə həyata keçiriblər. Bu mənfur haylar dənizdən dənizə "Böyük Ermənistan" xülyası ilə zaman-zaman azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti həyata keçirmişdilər. Bu məkrli siyasətin davamı olaraq 1992- ci ildən sonra açıq açığına Azərbaycan torpaqlarını işğal etməkdən beə çəkinməmiş, əksinə həyasızcasına Qarabağ iddialarını irəli sürərək guya Qarabağın yəni qədim Arsaxın ermənilərə məxsus bir ərazi olduğunu vurğulayırlar. Lakin tarixçilər yaxşı bilirlər ki Arsax coğrafi bir anlayış olmuş və o zamanlar heç bu ərazilərdə erməni-hay deyilən bir qövm olmamışdır. Azərbaycan Respublikasının Prezidenti və diplomatiyası bütün yüksək tirbunalardan bu nəzəriyyənin yanlış olduğunu və bunun bir erməni yalanı, uydurması olduğunu dünyaya bəyan etmişdir. Lakin müsair dövrümüzdə dünyada baş verən çox gərgin və mürəkkəb ictimai-siyasi proseslər onu göstərir ki, beynəlxalq aləm ikili standartlarla idarə olunur. Bir çox nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr elə kağız üzərəndə də qalır". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Ofisinin koordinatoru Orxan Bayramov deyib. Onun sözlərinə görə, sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən ölkə başçısı yerli mətbuat orqanlarına olduqca geniş və belə demək mümkündür ki, gələcək nəsillər üçün proqram xarakteri daşıyacaq müsahibə verib: "Ölkə başçısı müsahibəsində qeyd edib ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Paşinyan rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Bu bir reallıqdır ki, Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir. 2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirib. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş isə yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir. 2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilib. 2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz, o cümlədən ordumuzun generalı və polkovniki və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi". Siyasi şərhçi qeyd edib ki, bütün bunlarla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar: "Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilməyib. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğrayıb. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu. Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanıb. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf edib". O.Bayramov vurğulayıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir: "Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Buna görə də Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə