Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münaqişənin yeganə həll yoludur -ŞƏRH ÖZƏL

"Ermənistanda siyasi hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədləri BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsbit və təsdiq edilib. Eyni zamanda BMT TŞ işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı 4 qətnamə qəbul edib və faktiki olaraq işğala məruz qalanla işğal edəni müəyyənləşdirib. Ona görə də Ermənistan istənilən halda beynəlxalq qanunlara tabe olmalıdır və Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Bu gün Azərbaycan həm güclü orduya malikdir, həm də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, qlobal güclər Azərbaycanın mövqeyini müdafiə edir. Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh tərəfdarıdır, lakin predmetsiz danışıqları heç zaman qəbul etməyəcəkdir". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Günel Məmmədova deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev 19 Sentyabr 2020-ci il tarixdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ilə bağlı bir daha konkret faktlarla çıxış edib: "Cənab Prezidentin sözlərinə görə, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməyib. Həqiqətən də, ümummilli lider Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız mənfur düşmən tərəfindən işğala məruz qalmazdı. Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmiş və nəticədə Sovet İttifaqının 366-cı alayı azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub".

Gənc fəalın fikrincə, bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil: "Bu artıq bir reallıqdır ki, Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Cənab Prezidentin də qeyd etdiyi kimi, təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Ölkəmiz bu problemin həlli üçün hələlik sülh, danışıqlar yolunu seçib. Bununla yanaşı, yağı düşməni torpaqlarımızdan qovmaq üçün ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Ermənistanın Azərbaycanın beynəlxalq qaydalar çərçivəsində addımlar atmasından, sülh prosesindən sui-istifadə edərək münaqişənin həllinin yubadılmasına çalışması nəhayət sonlandırılacaq".

G.Məmmədova vurğulayıb ki, Azərbaycan Prezidentinin prinsipial çıxışı münaqişənin həlli istiqamətində "deklarativ aldanışlar"dan əməli işə keçməyə, regionda sülh və sabitliyin təmin olunması üçün qəti addımlar atmağa və nəhayət, 30 ildən artıq müddətdir xalqımızı məhrumiyyətlərə düçar edən üzücü Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sürətli həllinə inam yaradır: "Bu çıxış əsl dövlət adamının, təcrübəli dövlət xadiminin məsələlərə yanaşma tərzinin və baxışlarının sərrast ifadə nümunəsidir. Ümumiyyətlə isə, ermənilərə qarşı mübarizə hər bir azərbaycanlının ümummilli vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə