Rasim Musabəyov: "Ermənistan uzun müddət müqavimət göstərə bilməyəcək"

Rasim Musabəyov: "Ermənistan uzun müddət müqavimət göstərə bilməyəcək"
"Rusiyanın və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə cəlb edilməsi sırf fərziyyə xarakterli söhbətlərdir. Ermənilər hər dəfə bununla bağlı fikir ortaya atırlar. Çünki başa düşürlər ki, demoqrafik və iqtisadi sahələrdəki kəskin fərqlərlə əlaqədar, Azərbaycana uzun müddət hərbi müqavimət göstərə bilməyəcək". SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclənir və ölkənin geosiyasi çəkisi artır. Bütün bunların hamısı demoqrafik, iqtisadi və hərbi mənada havadan asılı qalan Ermənistanın fonunda baş verir.

"Yerevanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsinin azad olunmasına qarşılıq olaraq işğal altında olan torpaqların başqa bir hissəsini əldə etsin. Faktiki olaraq Ermənistanın mövqeyi budur. Amma Serj Sarkisyan bu reallığı səsləndirə bilmir. Çünki bu, nəinki beynəlxalq hüquqların utanmazcasına və biabırçı şəkildə pozulması olardı, həm də Ermənistanın digər dövlətin ərazilərini işğal etməsinin etirafı olardı. Məhz buna görə də, Ermənistan qəsdən hamını çaşdırır. Amma hər halda Sarkisyan belə danışmağa başlayanda heç kim onu dinləmir. Amma indi Sarkisyanın kimisə buna inandıra biləcəyini düşünməsi sadəcə cəfəngiyatdır", - deyə politoloq vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə