"Rusiyanın köməyi olmasa Ermənistan yaşaya bilməz" ÖZƏL-MÜNASİBƏT

“Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasda videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir mənalı şəkildə həm beynəlxalq təşkilatlara, həm də dünya birliyinin üzvlərinə çatdırdı: "Ermənistan -Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında həll edilməlidir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Prezident qəsdən düşünülmüş şəkildə danışıqların formatını, eləcə də mahiyyətini pozan, ölkəmizin qarşısında cəfəng və qəbuledilməz şərtlər qoyan işğalçı dövlətin rəhbərlərinin bəyanatlarının, hərəkətlərinin sülh prosesinə ciddi zərbə olduğunu bildirdi: “BMT- ni,beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzündən çəkindirməyə çağırdı. Çünki Azərbaycan bundan sonra ermənilərin növbəti təxribatına dözmək fikrində deyil.

Hər kəs yaxşı bilir ki, Ermənistanın hərbi-siyasi liderlərinin başlarından böyük danışmaları, beynəlxalq qanunları, o cümlədən BMT TŞ-nin 4 qətnaməsini ayaqlar altına atması onların cəsarəti və ölkələrinin gücü ilə bağlı deyil. Ermənistan son dərəcə zəif iqtisadiyyata, çox kiçik resurslara malik ölkədir. Xaricdəki diasporun yardımları və Rusiyanın köməyi olmasa, bu dövlət yaşaya bilməz. Ermənilər cürət edib heç vaxt bizimlə təkbətək üz-üzə gəlmək iqtidarında deyil. Bunu İlham Əliyev də öz çıxışlarında vurğulayıb.

Ermənistan,əslində,müstəqilI dövlət deyil, onun faktiki sahibi Rusiyadır. 200 il bundan əvvəl erməniləri coğragiyamıza yerləşdirən, tarixi torpaqlarımızda onlara dövlət quran Rusiya bu gün də onları fəal şəkildə dəstəkləyir. Vaxtilə xalqımızın cəlladı Qorbaçovun və onun komandası tərəfindən əsası qoyulan Qarabağ konfliktinin mövcudluğu indi də şimal qonşumuzun hərbi -sitasi maraqlarına xidmət edir.

Azərbaycanın son aylardakı sərt mövqeyi, Ordumuzun qüdrətinin artması, Tovuz hadisələrində düşmənə vurduğu sarsıdıcı zərbələr, ölkəmizin beynəlxalq dəstəyi Ermənistanı və onun havadarlarını təlaşlandırmışdır. Onlar artıq yeni diplomatik gedişlər etməyə başlamışlar. Son günlər erməni mətbuatı Xarici işlər naziri Mnasakyanın danışıqlara hazır olduqları ilə bağlı bəyanatını dönə - dönə tirajlayır. Rusiyanın baş diplomatı S.Lavrov isə Azərbaycanın Milli Məclisinin sədri S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ölkəsinin işğal olunmuş 5 rayonumuzun geri qaytarılmasına tərəfdar olduğunu bildirmişdir.

Azərbaycanlı parlamentarilərinin Lavrova hansı cavabı verdikləri barədə mətbuatda heç bir məlumata rast gəlmədim. Amma xalqımızın bu məsələdə mövqeyi qəti və birmənalıdır. BMT -nin 75 illiyinə həsr olunmuş videokonfrans formatındakı iclasda Prezident Ilham Əliyev bir daha bu mövqeyi bütün dünyaya bəyan etdi :"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır."

Göründüyü kimi,S.Lavrovun təklifi qətiyyən maraqlarımıza cavab vermir. Əvvəla, bu ideya indiyədək Madrid prinsipləri əsasında əldə edilmiş bəzi razılaşmalardan imtina etmək deməkdir. İkincisi, cəmi 5 rayonun qaytarılması münaqişənin bitməsi anlamına gəlmir. Yarımçıq həll variantı konfliktin daha da uzanması,istənilən an hərbi fazaya keçə bilməsi deməkdir. Yenə də regionda sülhün,əmin-amanlığın pozulma ehtimalı yüksək olacaqdır .

Bir sözlə, istər Ermənistan, istərsə də onun sahibləri,gerçəkdən münaqişənin həllini istəyirlərsə, işğalçı hərbi qüvvələri dərhal torpaqlarımızdan geri çəkməlidirlər. Problem yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi, və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə