“Azərbaycan ictimai rəyi ölkə Prezidentinin arxasındadır” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədən sonra Ermənistanın, onların müdafiə nazirliyinin və ayrı-ayrı millət vəkilləri tərəfindən səsləndirilən fikirlər yenidən ATƏT-in Minsk Qrupu formatının əhəmiyyətli olmasına işarə verir. Əgər danışıqlar aparılacaqsa, istənilən halda hansısa formada bir format olmalıdır. Bu formatda fəaliyyətin necə olması isə tamam başqa bir məsələdir. Biz həmişə ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyini tənqid etmişik. Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə onları şəxsən tənqid edib”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, Azərbaycan ictimai rəyi ölkə Prezidentinin arxasındadır: “Azərbaycan xalqı da görür ki, həmsədrlər manipulyasiya etməklə məşğuldurlar. Bəzi hallarda həmsədrlər işğalçı Ermənistanın vəkili kimi çıxış edirlər. Hətta həmsədrlər ayrıca ölkə kimi Ermənistana hərbi köməklik göstərirlər. Biz bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Rusiyanı bu ilin iyul ayından başlamış avqust ayının sonuna kimi işğalçı ölkəyə hərbi yük göndərdiyinin şahidi olmuşuq. İkinci həmsədr olan Fransanın gizli ittifaq çərçivəsində Yaxın Şərqdən terroristləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirməsində vasitəçi missiyasını yerinə yetirdiyini görürük. Biz lap əvvəldən həmsədrlərin kimlərdən ibarət olduğunu və Azərbaycana, Ermənistana münasibətlərinin necə olduğunu bilirdik. Çünki diplomatik yaddaş tarixi yaddaşa söykənməlidir. Tarixi yaddaş milli yaddaş deməkdir. Ona görə də Azərbaycan Prezidenti daimi bu məsələyə diqqəti yönəldərkən ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edir.

Hətta bu yaxınlarda Türkiyənin həmsədr dövlət olması məsələsi də gündəmə gətirildi. Burada bir növ mühərrik rolunu oynayacaq yeni bir həmsədr olsun ki, digərlərini problemin sülh yolu ilə həll olunmasına təşviq etsin. Əks təqdirdə həmsədrlər də bilir ki, Azərbaycan tərəfi özü bu problem həll edə bilər. Azərbaycan Ordusu öz gücünü göstərib. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədri müşahidə missiyası ilə bərabər, digər bütün fəaliyyəti və fəaliyyətsizliyi ilə bərabər tənqidə layiqdir və gərəksizdir. Amma bu format olmasa belə başqa bir plaftorma mütləq lazımdır. Əgər Azərbaycan güc tətbiq edəcəksə, qətiyyətli addımlar atacaqsa artıq onların özləri ölkəmizlə danışıqlar aparmağa başlayacaqlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...