"Proses irimiqyaslı hərbi əməliyyatların başlanmasına doğru gedir” ÖZƏL-MÜNASİBƏT

“Bu gün Ermənistan diplomatik danışıqlar müstəvisində müəyyən uğursuzluqlara düçar olub. Son illərdə Azərbaycan dövlətinin apardığı diplomatik gedişlər, atdığı addımlar Ermənistanı dalana dirəyib. İşğalçı ölkə artıq anladı ki, əgər diplomatik danışıqlar cür davam edərsə, artıq ərazilərin geri qaytarılması məsələsi konkret tələb olaraq irəli sürüləcək və bunlar onu icra etməlidirlər. Belə olan halda Ermənistan üçün sadəcə bir yol qaldı o da cəbhədə vəziyyəti gərginləşdirmək idi”. Bunu SİA-ya Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, son bir il ərzində Ermənistan məqsədli, mərhələli şəkildə təmas xəttində vəziyyəti gərginləşdirməklə məşğul oldu: “Biz onun pik nöqtəsini bu ilin iyul ayının 12-də Tovuz istiqamətində şahidi olduq. Ermənistan hakimiyyəti bu hadisəni törətməklə, təxribatı həyata keçirməklə danışıqlar prosesini demək olar ki, dayandırdı, həmçinin də erməni cəmiyyətinə bir mesaj verdi ki, guya Azərbaycan tərəfi danışıqlarda maraqlı deyil. Amma beynəlxalq təşkilatlar, region dövlətləri həmin hadisəyə bu və ya digər formada öz münasibətlərini bildirdilər. Ümumiyyətlə baş verən proseslər, hazırki vəziyyət Ermənistanın xeyrinə deyil. Biz həm hərbi, həm hərbi-texniki, həm də hərbi-siyasi istiqamətlərdən analiz etsək görərik ki, Ermənistan müttəfiq ölkələrdən davamlı olaraq çoxlu sayda silah-sursat alsa belə, müharibədə qalib gəlmək şansı sıfıra bərabərdir. Çünki hərbi əməliyyatların həyata keçiriləcəyi relyef onun əleyhinədir. Bu birmənalı belədir. Təbii ki, bunu ermənilər özləri də bilirlər. Digər tərəfdən də Azərbaycan Prezidentinin son günlərdə verdiyi bəyanatlar, çıxışlarda göstərdiyi tezislər onu deməyə əsas verir ki, artıq Azərbaycan Ermənistana danışıqlarla bağlı manevr etmək şansını daha tanımayacaq. Yəni şərt artıq Prezidentimiz tərəfindən irəli sürülüb və cavab Ermənistanındır. Əgər onlar Azərbaycan ərazilərini geri qaytarmasalar, proses doğurdan da irimiqyaslı hərbi əməliyyatların başlanmasına doğru gedir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə