Prezident İlham Əliyev ermənilərin Gürcüstandakı xəyanətindən danışdı - ŞƏRH

Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına mühahibəsində Gürcüstan-Azərbaycan münasibətlərinə, erməni icması, təşkilat-ları, disporası və Ermənistan dövlətinin anti-Gürcüstan fəaliyyətinə dair tutarlı faktlara əsaslanan dərin fikirlər söyləmişdir. Müsahibədə Cənab Prezident birinci məsələni son hadisələrdə Gürcüstan hökumətinin mövqeyini və fəaliyyətini yüksək qiymətləndirərək demişdir: ”Bilirsiniz ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir”.

Prezident bildirib ki, bu yaxınlarda bizim xarici işlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək: “Bu, onun xarici işlər naziri kimi Gürcüstana ilk səfəri olacaq. İndi səfərin proqramı hazırlanır. Bir çox məsələlər var. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan Hökuməti və Azərbaycan Hökuməti bir-birilə sıx təmasdadır və bu, davam edəcəkdir”.

Sonra dövlət başçısı ermənilərin Gürcüstandakı xəyanətlərindən geniş bəhs etdi:”Ancaq o da həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda, gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar. Çünki yenə də deyirəm, biz etibarlı tərəfdaşıq və bütün məsələləri açıq şəkildə müzakirə edirik.”Bəli, gürcü soyadlı ermənilər dövlət strukturlarına daxil olaraq Gürcüstanda xaos, milli qarşıdurma yaratmağa çalışırlar. Onlar Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında məzhəb qarşıdurması yaratmağa çalışır, sünni-şiə təriqətçiliyini qızışdırırlar, azərbaycanlılarla gürcülər arasında etimadsızlıq mühiti yaradır və qarşılıqlı nifrət toxumu səpirlər.

Erməni əsilli "gürcü tədqiqatçıları" erməni–gürcü əlaqələrini araşdırarkən məsələni uydurma "Böyük Ermənistan" ideyası mövqeyindən şərh edirlər.

Görkəmli gürcü alimi A.Abdaladze birmənalı olaraq yazır ki, mən erməni kilsəsi tərəfindən maliyyələşdirilən, Gürcüstan əleyhinə fəaliyyət göstərən bəzi "gürcü araşdırmaçı erməniləri" tanıyıram. Gürcü soyadlı ermənilərin əksəriyyəti Ermənistan kəşfiyyatının agentləridir. Gürcü soyadı götürmüş ermənilərin məqsədi Gürcüstana ziyan vurmaqdır.”Gürcüləşmiş” ermənilər gürcü ictimaiyyətinin bir nömrəli düşmənləridir. Hətta bu və ya digər məmur gürcü soyadı daşısa da, bu o demək deyil ki, o etnik gürcüdür. Erməni soyadlarının gürcü soyadlarına dəyişdirilməsi planı Gürcüstanda on illərlə davam edir.

Cənab İlham Əliyev müsahibəsində daha mühüm məsələyə Azərbaycanın və Ermənistanın,yerli ermənilərin və azərbaycanlıların Gürcüstana münasibətini müqayisəli təhlil edərək deyir: ”Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistan özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görürlər, ideoloji iş aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər, sən bu ölkənin ərazi bütövlüyünü tanımırsan? Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmişdi, kimin tərəfindən vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə əlaqədar birmənalı mövqe göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı hesab edirəm ki, yaxşı bilir kim onun dostudur, kim onun düşmənidir”.

Mıllət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı Ermənistanın Gürcüstana xəyanətindən bəhs edərək yazır ki, ”bir neçə gün əvvəl BMT Baş Assambleyasında Gürcüstan tərəfindən irəli sürülən "Gürcüstanın Abxaziya və Sxinvali-Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. İşğalçı Ermənistan Gürcüstan ərazisindən olan qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyan qətnaməyə dair keçirilən səsverməyə qatılmayıb. Qatılsaydı belə, Gürcüstanın maraqlarının müdafiəsinə yönəlmiş sənədin lehinə səs verə bilməzdi, çünki əlaltısı olduğu Rusiya Ermənistanı cəzalandıra bilərdi. Əleyhinə səs verdikdə isə gürcüləri daha da hiddətləndirərdi. Ermənistan guya hiyləgərlik işlətdi. Amma əslində bu dəfə də gürcü xalqına və Gürcüstana növbəti dəfə xəyanət etdi.Bəziləri Ermənistanın bu hərəkətini təəccüblə qarşılayır. Hesab edirəm ki, burada təəccüblü heç bir şey yoxdur! Çünki ermənilər və Ermənistan həmişə gürcülərə və Gürcüstana xəyanət edib, ona arxadan zərbə vurub”.

Belə xəyanətlərin sayi-hesabı yoxdur:

Müstəqillik illərində ermənilər özlərinin mövqelərini Tbilisi, Samtsxe-Cavaxeti, Abxaziya və Acarıstanda daha da möhkəmləndiriblər. Azad bazar iqtisadiyyatı şəraitində onlar idarəçilik, bazarlar, maliyyə, sənaye, təsərrüfat həyatı və informasiya məkanında vacib mövqelər tutublar. Ermənilərin Gürcüstandan mühacirəti artsa da, ermənilər yeni şəraitə uyğun olaraq təşkilatlarını qurmağa başlayıblar. Qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin geniş şəbəkəsi qurulub. Erməni təşkilatları fəaliyyətləri üçün ideoloji mənbəyi XIX əsrdə yaradılmış erməni terror-siyasi təşkilatlarının proqramlarından götürüblər. Bununla da Gürcüstan daxilində dövləti təhdid edə biləcək hala gəliblər.

İndiki Gürcüstan ərazisinə ermənilər kütləvi olaraq XIX əsrdən etibarən köçürülmələrinə baxmayaraq, özlərinin aborigen olmalarını sübut etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ermənilər və erməni təşkilatları Gürcüstan dövlətinə və gürcü xalqına geniş anlamda bir neçə istiqamətdə təhdiddirlər. Ermənilər separatçı abxazlarla birlikdə Gürcüstan dövlətinə qarşı vuruşaraq növbəti dəfə gürcü xalqına və dövlətinə xəyanət ediblər. Ermənilər gürcü-abxaz müharibəsi zamanı gürcülərə qarşı xüsusi amansızlıq ediblər. "Baqramyan batalyonu” gürcü qadınlara, qocalara, uşaqlara və xəstələrə aman verməyib. Gürcüləri qovan ermənilər onların evlərini, mal və mülklərini ələ keçiriblər. Qeyd etmək lazımdır ki, erməni bandalarının separatçı Abxaziyada mülki gürcü əhalisinə qarşı törətdikləri qanlı əməlləri heç də "abxaz sevgisindən” irəli gəlməyib. Ermənilər Abxaziyada saylarını artırmaqla Qara dəniz sahillərində möhkəmlənməyə çalışırlar. Son illərdə Abxaziya separatçı qurumunda ermənilər idarəçilikdə daha çox yerləşərək təsiredici hala gəliblər.

Ermənilər Sxinvalidən gürcülərin qovulmasında və məhv edilməsində xüsusi rol oynayıblar. Onların malını və mülkün ələ keçirib, evlərinə yerləşiblər.

Samtsxe-Cavaxetidə erməni təşkilatlarının fəaliyyətləri gürcü xalqı və dövləti üçün təhdiddir. Qurulmuş partiyalar və qeyri-hökumət təşkilatları özlərinin təbirincə deyilərsə, "Cavaxk” adlandırdıqları ərazinin ermənilərə mənsub olduğunu hər vəchlə təbliğ edərək zaman-zaman muxtariyyət iddialarını gündəliyə gətirirlər. Erməni təşkilatları Gürcüstan dövlətini zəiflətməyi, gürcü xalqının müqavimət gücünü azaltmağı, ölkəni parçalamağı, "erməni torpağı” hesab etdikləri Samtsxe-Cavaxetini qoparıb Ermənistana birləşdirməyi son hədəf olaraq qarşılarına qoyublar. Onlar bu ərazini "tarixi torpaqları”, "ana vətənləri” hesab edərək bildirirlər ki, gürcülər Cavaxetiyə gəlmədirlər, burada onlara aid olan tarix və mədəniyyət abidələri yoxdur. Bölgədə erməni dilinin hakim olduğuna və hər yerdə Ermənistan bayrağının asılmasına rast gəlmək olar. Ermənilər hesab edirlər ki, onların varlığı, təhlükəsizliyi və inkişafı üçün təminatçı gürcü dövləti deyil, Ermənistandır. Bəzi erməni "xadimləri” isə irəli gedərək Samtsxe-Cavaxetinin Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etsələr də, hesab edirlər ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədiyindən "yeni cəbhə” açmağın zamanı hələ yetişməyib.

Erməni təşkilatları və "ekspertləri” Gürcüstanın Qərb ölkələri və NATO ilə əməkdaşlığına qarşı çıxırlar. Açıq şəkildə bildirirlər ki, Gürcüstanın NATO ilə əməkdaşlığı Ermənistanın və ermənilərin maraqlarına ziddir, əgər Gürcüstan NATO-ya üzv qəbul edilərsə, onda müvafiq tədbirlər görəcəklər.

Erməni təşkilatları azərbaycanlıları tarixi yurdu olan Kvemo-Kartlidən (Borçalı) sıxışdırmağa çalışırlar.

"Gürcülərsiz Gürcüstan” və "Gürcüstanda Ermənistan” şüarlarını bütün erməni ünsürü arasında yayan erməni təşkilatları erməniləri ən əlverişli ərazilərə və mövqelərə sahib olmağa çalışırlar. Acarıstanda ermənilər idarəçilik, xidmət və turizm sahələrində möhkəm yerləşərək geniş maliyyə imkanları qazanıblar. Bəzi erməni təşkilatları, ziyalıları və mətbuatı Tiflisi erməni şəhəri hesab edərək yazırlar ki, guya şəhərdə yaxşı nə varsa hamısı ermənilərə məxsusdur, Tiflis sonradan gürcülərin olub.

Gürcüstandakı erməni ünsürü və təşkilatları təbii olaraq özbaşına hərəkət etmirlər. Bir çoxu bilavasitə İrəvandan edilən maliyyə və təşkilati dəstəklə yaradılan bu təşkilatların üzərində Ermənistan Respublikasının müvafiq dövlət, hökumət və qeyri-hökumət təşkilatlarının böyük təsiri vardır. Ermənilərin qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların fəaliyyəti, onların Gürcüstanın daxili və xarici siyasətinə müdaxilə etməsi, antigürcü fəaliyyətlər göstərməsi məhz Ermənistan dövlətinin, bu ölkədə fəaliyyət göstərən müxtəlif siyasi, ictimai təşkilatların dəstəyi ilə baş verir.

Ermənistanla yanaşı, xaricdəki, xüsusən Rusiyadakı erməni diasporunun da Gürcüstanda erməni icması və erməni təşkilatları üzərində böyük təsiri var. Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları daha çox kənar qüvvələrin "5-ci kolon"u rolunu oynayırlar. Onların fəaliyyəti Gürcüstan dövlətinin zəiflədilməsinə, gürcü xalqının müqavimət gücünün aşağı salınmasına və kənar qüvvələrin məqsədlərinin həyata keçirilməsinə kömək edir.

Gürcülər və Gürcüstan əleyhinə fəaliyyətlərdə Erməni Apostol kilsəsi də müəyyən rol oynayır. Kilsə dini inanc məsələləri ilə yanaşı, ermənilərin "milli məsələlərini” gündəliyə gətirir, həmin hissləri qızışdırır və ölkənin daxili işlərinə müdaxilə edir. Kiləsəyə gələn ermənilər ibadət yerini daha çox siyasi diskussiya klubuna çevirdiklərindən fəaliyyəti geniş mənada Gürcüstan dövlətinin maraqlarına təhdiddir”.

Cənab İlham Əliyevin müshibəsini qonşu, dost Gürcüstanın kütləvi informasiya vasitələri böyük maraqla qarşıladı. Gürcüstanın interpressnews.ge, dalgatv.ge, report.ge, 24news.ge, news.ge saytları Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da telekanallara müsahibəsində Ermənistanın təxribatçı əməlləri və Gürcüstan-Azərbaycan münasibətlərinə dair söylədiyi fikirlər barədə geniş materiallar dərc ediblər. Xəbər verilir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan “Ermənistan yeni müharibəyə hazırlaşır”, “Qarabağda adları dəyişdirilmiş kəndlərə mütləq öz əsl adlarını qaytaracağıq", “Gürcüstanda gürcü familiyası altında olan ermənilər Gürcüstan-Azərbaycan əlaqələrini zədələməyə çalışırlar” sərlövhəli materiallarda Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərindəki qeyri-qanuni yerləşdirmə planları, Gürcüstanda yaşayan və gürcü familiyası daşıyan ermənilərin təxribatları barədə Azərbaycan Prezidentinin fikirləri oxucuların diqqətinə çatdırılır.

Eyni zamanda, “Gürcüstan etibarlı tərəfdaş və dostdur” sərlövhəli yazıda ölkələrimiz arasındakı dostluq əlaqələri, strateji tərəfdaşlığımızın prioritetləri barədə məlumat verilir.

P.S. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsındə xüsusi karantin rejimi şəraitində ciddi çətınliklərə baxmayarq ideya müəllifi və əsas müəllif hörmətli AMEA-nın müxbir üzvü Musa Qasımlının rəhbərliyi ilə iri həcmli “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” adlı kitab hazırlanmışdır. Kitab çap ərəfəsindədir. Əsərdə Gürcüstana ermənilərin köçürülməsi, məskunlaşdırılması, erməni təşkilatlarının yaradılması, gürcülər əleyhinə fəaliyyətləri, gürcü mənşəli məmurlara qarşı terror törətmələri, 1918-1920-ci illərdə Gürcüstanın dövlət müstəqilliyinə edilən qəsdlər, Ermənistan–Gürcüstan müharibəsi və nəticələri, Gürcüstan Demokratik Respublikasının süquta uğradılmasında erməni təşkilatlarının və Ermənistan SSR-in rolu, sovet Ermənistanının Gürcüstan SSR-ə qarşı ərazi iddiaları və xarici ölkələrdəki erməni təşkilatlarının gürcülər əleyhinə apardıqları təbliğat, dövlət müstəqilliyi bərpa edildikdən sonra Gürcüstandakı erməni icmasının separatçı fəaliyyətləri Azərbaycan, gürcü, rus, fars və digər mənbələr və arxiv sənədləri əsasında araşdırılıb.

Əsər regionşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, ictimai-siyasi xadimlər, müvafiq dövlət qurumları, tələbələr, magistrlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Vahid Ömərov

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsınin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə