Tramp üçün təhlükəli zəhər aşkar edildi Sui-qəsd cəhdi

Amerika polisi Donald Tramın adına öldürücü zəhər ritsini göndərməkdə şübhəli bilinən qadını saxlayıb. SİA xəbər verir ki, bu barədə BBC-nin rusdilli versiyası yazır.

Əməliyyat Nyu-Yorkun Baffalo şəhərində baş tutub. “Nyu-York Times” isə yazır ki, qadın Kanada vətəndaşıdır və sərhəd-keçid məntəqəsində ələ keçib və üzərindən odlu silah aşkar olunaraq götürülüb.

Nəşrin informasiyasına görə, 2019-cu ilin martında qadın Texasda da saxlanılıb. Həmin vaxt ona ABŞ ərazisində qanunsuz yaşaması ittihamı irəli sürülüb və Kanadaya deportasiya edilib. Eyni zamanda, həmin vaxt qadından sürücülük vəsiqəsi ilə yanaşı, vaxtı ötmüş yarım illik viza və odlu silah aşkarlanmışdı.

Şübhəli bağlama sentyabrın 19-da ABŞ prezidentinin adına göndərildikdən sonra yoxlamaya məruz qalıb və çeşidlənərkən bəlli olub ki, həmin bağlamada öldürücü zəhər ritsini var. Təhlükəsizlik məqsədi ilə prosedur Ağ evdən kənarada həyata keçirilir. Təhlükəli zəhər ritsininə qarşı hər hansı əks-təsiredici dərman da mövcud deyil. Belə ki, əgər insan həmin zəhərin havasını nəfəs yolu ilə daxilinə çəkərsə, ya da qəbul edərsə, ölüm anı miqdardan asılı olaraq 36-62 saat sonra baş verir.

2014-cü ildə Amerikanın Missisipi ştatından olan bir kişi o zamankı prezident Barak Obamaya və onun məmurlarına ritsin bağlaması göndərdiyinə görə 25 il həbs cəzasına məhkum olunub.

2018-ci ildə isə istefada olan hərbi dənizçi ritsin tərkibli məhlulu müdafiə naziri Ceyms Mettisə və ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Con Riçardsona göndərib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə