İşğalçı Ermənistan PKK ilə anlaşmaya girib ANALITIK+FOTOLAR

Bu dəfə Misir portalı sensassiyalı xəbər yayıb

Məlum olduğu kimi, Türkiyənin Azərbaycana göstərdiyi qardaş dəstəyi regionda bizi istəməyən qüvvələri narahat etməkdə davam edir. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi dalana dirəndiyinin və çıxış yolunun qalmadığını dərk edərək, terrorçuluq ənənəsinə sadiq qalmaqla qanunsuz silahlı birləşmələrlə iş birliyinə gedir, erməni terror təşkilatlarının yenidən canlanması üçün fəaliyyət qurur, Suriya, İraq, Livan kimi ölkələrdəki ermənilərin “müharibədən əziyyət çəkən ailələr” adı altında işğal edilmiş ərazilərimizdə məskunlaşdırır və s. kimi faktlar kifayət qədərdir.

Ermənistanın İraqdakı səfiri Qraç Poladyan PKK terror təşkilatının üzvləri ilə hansı planlar barədə danışıb?

Daha bir fakt isə artıq uzun müddətdir ki, PKK terror təşkilatının və bu təşkilata bağlı olan terror təşkilatlarının Ermənistanın hərbi birləşmələrinə cəlb edilmələri ilə bağlıdır. SİA-nın məlumatına görə, məhz bir müddət əvvəl Türkiyə mətbuatı etibarlı mənbələrinə istinad edərək sensasiya yaradacaq informasiyasında yazmışdı ki, İraqın Süleymaniyyə şəhərində Ermənistanın bu ölkədəki səfiri Qraç Poladyan PKK terror təşkilatının aparıcı şəxsləri ilə görüşərək təşkilat üzvlərinin Qarabağa yerləşdirilməsi planı barədə danışıb.

Bu dəfə isə bənzər məlumatı Misirin cario24com portalı ictimailəşdirib və daha müfəssəl və sensasiyalı informasiyaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bəlli olub ki, Ermənistanın Azərbaycana qarşı Tovuz təxribatından sonra PKK silahlılarının erməni ordusuna inteqrasiyası aktivləşib. Bir qrup PKK komandiri İraq və Suriya ərazisindən Ermənistana keçirilib. Belə ki, PKK terrorçularının birinci qrupu 25 nəfərdən ibarət olub. Onların Türkiyə sərhədlərindən qanunsuz yollarla İraqa keçdikləri və təşkilatın Qəndildəki düşərgəsində təlim keçdikləri bildirilir.

O da qeyd olunur ki, qruplaşma hərbi hazırlıq və diversiya əməliyyatları üzrə ixtisaslaşıblar. Qrup əvvəlcə iyul ayında İranın Urmiyə şəhərinə çatdırılıb və “Əl-Qüds” xüsusi təyinatlılarının “Həmzə” batalyonunun qərargahında bir neçə gün qalıb, ondan sonra isə Ermənistan ərazisinə keçib.

Qrup 250 silahlılardan ibarətdir və onlar Suriyanın PKK/YPG terror təşkilatının üzvləridir

Digər qrup 250 silahlılardan ibarətdir və onlar Suriyanın PKK/YPG terror təşkilatının üzvləridir. Qrup Suriyanın şimalındakı Qamışlı rayonundadır. Onların İraqdan İrana keçmələrinə isə Tehrana yaxınlığı ilə seçilən “Bədr” qruplaşması dəstək göstərir. Plana görə, birinci mərhələdə və sentyabrın əvvəlində qruplaşmanın 165 üzvü İranın İlam vilayətindən bu ölkənin ərazisinə keçərək, Mehran şəhərində yerləşiblər. Növbəti gün qrup Urmiyaya uçub və yaxın günlərdə Ermənistana keçəcəyi bildirilir.

Misir portalının daha bir məlumatına görə, bu qruplaşma hücum əməliyyatlarının aparılması üzrə ixtisaslaşıblar və bu da sübut edir ki, erməni ordusu diversiya-terror vasitəsi ilə Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə hazırlaşır.

25 nəfərdən ibarət ikinci qrup isə Ərbildən cənubda – PKK-ya məxsus Mahmur bazasında gözləmə mövqeyindədir. Bu qrup partizan müharibəsinin aparılması üzrə mütəxəssislərdən ibarətdir. Bu ilin avqustunda həmin qrupu avtobuslar vasitəsi ilə İraqın Bağdad Sadr-Siti rayonundakı “Hizbullah” – “Harakat əl-Nucaba” şöbəsinin qərargahına aparıblar. Sentyabrın əvvəılində isə, 17 nəfərdən ibarət qrup İran vasitəsi ilə İlam əyalətinə göndərilib və oradan da Kirmanşaha keçilib. Yerdə qalan 8 nəfər isə İlamda qalıb. Sonra isə 17 nəfərlik qrup Ermənistana keçmək üçün Urmiya şəhərinə aparılıb. 8 nəfərlik PKK qrupu Tehrana, oradan isə İrəvana uçub.

PKK-nın Qəndildəki komandiri Cəmil Bıyık Ermənistanın vəd etdiyi raket komplekslərini əldə edəcək

Həmçinin bildirilir ki, İraqdan İrana tranzit-keçid məntəqələri olaraq silahlılar Məndaziyə, Pərvizxan və Hanacini qəsəbələrini istifadə ediblər.

Beləliklə, misirin xəbər portalının bildirdiyinə görə, kürd silahlıları erməni ordusunun sıralarını doldurur. Məlumat verilir ki, PKK terrorçularının Azərbaycana qarşı istifadələrinin mümqabilində Ermənistan terror təşkilatına Türkiyə PUA-larını hədəfə almaları üçün Rusiya istehsalı olan raket kompleksləri vəd edib. Raket komplekslərinin çatdırılması və quraşdırılması işini PKK-nın Qəndildəki komandiri Cəmil Bıyık koordinasiya edir və gözlənilir ki, həmin raketlər məhz Qəndiə aparılacaq.

Yeri gəlmişkən, hələ Birinci Qarabağ müharibəsində işğalçı Ermənistan bir sıra ərəb ölkələrindən muzdlu döyüşçüləri, terrorçuları və həbsxanalardan azad edilmiş qatı cinayətkarları cəlb edərək, onları Azərbaycana qarşı döyüşlərdə istifadə edirdilər. Bu barədə faktlar indi də arxivlərdə qalmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə