Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt

Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt
"Yollarda baş verən qəzalar ictimai səhiyyənin diqqətində olan ən mühüm problemlərdən biridir. Yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmatizmin iqtisadi nəticələri uzunmüddətli tibbi yardım xərclərinə, işləyən ailə üzvünün əlillik və ya ölümü ilə bağlı gəlirlərin azalmasına səbəb olur ki, bu da əksər hallarda ailələrin maddi vəziyyətlərinin çətinləşməsinə gətirib çıxarır. Belə xərclər bir çox ölkələrdə ümumdaxili məhsulun 1-2,5%-ni təşkil edir". SİA-nın xəbərinə görə, bu barədə ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin fövqəladə hallar üzrə hazırlıq və cavabvermə proqramı mütəxəssisi Samir Mehdiyev məlumat verib. O bildirib ki, yol nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Onun sözlərinə görə, hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir.

S.Mehdiyev yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 faktı açıqlayıb.
1. Hər gün dünyada yol-nəqliyyat qəzalarında 1000-dən çox uşaq və gənc həlak olur.
2. Aşağı və orta gəlirli ölkələrdə yol qəzalarında həlak olan və ya travma alan gənclərin əksəriyyəti piyada, velosipedçi, motosikletçi və ya ictimai nəqliyyat sərnişinləri olur. Yüksək gəlirli ölkələrdə isə yol-nəqliyyat qəzalarının qurbanları əsasən nəqliyyat vasitələrini yeni idarə etməyə başlayan sürücülərdir.
3. Yolların çəkilməsi və yol hərəkəti təhlükəsizliyinin planlaşdırılması zamanı uşaqların acizliyi, onların nisbi təcrübəsizliyi, fərqli inkişafı, eləcə də oynamaq və təhlükəsiz hərəkət etmək tələbləri nəzərə alınmalıdır.
4. Hər üç yol-nəqliyyat qəzasından biri sürətin artırılması səbəbindən baş verir. Bu da gənc sürücülər tərəfindən yol hərəkəti qaydalarının ən çox yayılmış pozuntusudur.
5. Spirtli içkilərin qəbul edilməsi yol-nəqliyyat qəzaları riskini dəfələrlə artırır.
6. Dəbilqələrdən (şlem) istifadə motosiklet qəzalarında baş-beyin zədələnmələrinin, ölüm hallarının azaldılmasının ən effektiv üsuludur.
7. Gənc sürücü və sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməyə daha az meyllidir. Təhlükəsizlik kəmərlərindən düzgün istifadə isə qəza zamanı ölüm riskini 61% azaldır.
8. Uşaqlar üçün xüsusi oturacaqlarda istifadə yol qəzaları zamanı uşaq ölümünü 35%-dək azalda bilər. Uşaqlar yaş və çəkilərinə uyğun oturacaqlarda yerləşdirilməlidirlər.
9. Piyadalar və velosipedçilər, xüsusilə də gecə vaxtı yollarda çətin seçilirlər. Onlar parlaq və ya işığı əks etdirən geyimdə daha görünən olurlar və bu da qəzaların qarşısının alınmasında kömək edir.
10. Qəzaya uğrayan uşaqlara kömək göstərilərkən onların fiziki, psixoloji və fizioloji baxımdan böyüklərdən fərqlənmələri nəzərə alınmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə