“Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin məkanı olub” ÖZƏL-MÜNASİBƏT

“Bildiyimiz kimi, multikulturalizm və tolerantlıq məsələsi sadəcə teoriya məsələsi deyil, bu, həm də praktikada yaşanmış təcrübələrə əsaslanmış bir məsələdir. Ona görə də hansı xalqda ki, bu təcrübələr yaşanıbsa, praktikada bunlar tətbiq olunubsa həmin xalqlarda onun praktikasına əsaslanan teoriya meydana gəlir”. Bunu SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

İcraçı direktorun sözlərinə görə, Azərbaycan da müxtəlif mədəniyyətlərin, dinlərin məkanı olub: “Azərbaycan ərazisində tarixən müxtəlif mədəniyyətlər mövcud olub, qurulub. Əsrlər boyu qədim Azərbaycan dövlətindən indiyədək olan ənənələr içərisində həmin ənənə getdikcə inkişaf etmişdir. Artıq günümüzdə Azərbaycan dövləti müstəqilliyini elan etdikdən sonra tarixən mövcud olan bu mirasa sahib çıxmış və bu mirası bu gün daha da inkişaf etdirərək dövlət siyasəti səviyyəsinə gətirmişdir. Bu tarixi mirasa söykənən həmin siyasət sadəcə olaraq ölkə ərazisində tətbiq olunmur. Bilirsiniz ki, tarixən bizdə mövcud olan və bu gün də dövlət siyasətinin mərkəzində yer alan həmin multikulturalizm və tolerantlıq ənənələrimiz dünyaya da geniş təbliğ olunur. Azərbaycan dövləti, aidiyyatı qurumları tərəfindən dünyanın mədəniyyət mərkəzlərində, mədəniyyət paytaxtlarında ölkəmiz bu dəyərlərinin təbliği ilə yaxından məşğul olur. Demək olar ki, dünyanın bir çox əsas elm, mədəniyyət mərkəzlərində Azərbaycan nümunəsinin tanıdılmasına, təbliğinə böyük çaba sərf edilir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə