Millət vəkili: “Diffamasiya haqqında” qanunun qəbulunun vaxtı yaxınlaşıb”-AÇIQLAMA

Millət vəkili: “Diffamasiya haqqında” qanunun qəbulunun vaxtı yaxınlaşıb”-AÇIQLAMA
"Azərbaycan Avropa İttifaqı, ATƏT və beynəlxalq hüquqlar qarşısında mətbuat və söz azadlığının təmini ilə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib. O bildirib ki, Azərbaycanda söz azadlığı ilə bağlı bir sıra qanunlar qəbul olunmalıdır ki, onlardan da biri "Diffamasiya haqqında" qanundur. Millət vəkili hesab edir ki, "Diffamasiya haqqında" qanunun qəbulunun vaxtı yaxınlaşıb.

"Əvvəllər sözügedən qanunun qəbulunun əleyhinə olsam da hazırda belə bir qanunun qəbuluna ehtiyac olduğunu düşünürəm. Azərbaycanda reket jurnalistika adlanan bir jurnalistika var ki, onlar həqiqi jurnalist deyil, sadəcə müxtəlif insanlardır ki, adlarını jurnalist qoyub çoxsaylı qəzet təsis edirlər. Çox təəssüf ki, onları maliyyələşdirənlər də var. Onlar operativ, tərəfsiz, qərəzsiz informasiya toplamaqla deyil, mətbuatdan maraqları naminə istifadə etməklə məşğuldurlar. Mətbuat Şurası uzun müddətdir ki, onlarla mübarizə aparır. Qara siyahı tərtib olunub. Bu böyük effekt verir. Bu vasitə ilə reketçiliklə məşğul olan qəzetlərə ciddi zərbə vurulub. Problem tamamilə aradan qaldırılmasa da bu sahədə ciddi addımlar atılır",- deyə B. Sadıqov qeyd edib.

Baş redaktor bildirib ki, "Diffamasiya haqqında" qanunu qəbul etmək, eyni zamanda paralel olaraq jurnalistika ilə mübarizəni davam etdirməklə bu problemin qarşısının alınması prosesini gücləndirmək olar: "Artıq neçə illərdir ki, Azərbaycanda jurnalistlər yazılarına görə nə cəzalandırılır, nə həbsə artılır, nə də ki, cinayət məsuliyyətinə cəlb olunurlar. Bu qanunun qəbulu reketçiliklə məşğul olan jurnalistləri maddi, mülki cəzalandırmaq imkanı yaradır. Belə olan halda sözügedən prosesin qarşısını almaq üçün şərait yaranır".

Bütün xəbərlər Facebook səhifəmizdə