Rəsul Quliyev radikal düşərgəni "ağ yuyub", "qara sərdi" SƏRT İTTİHAM

Rəsul Quliyev radikal düşərgəni "ağ yuyub", "qara sərdi" SƏRT İTTİHAM

Reytinqsiz Kərimli, Həsənli, kənd jurnalisti Hacılı...

Zaman-zaman müxalifət təmsilçilərinin düşərgə daxilində mövcud olan və uzun illərə söykənən problemləri ictimailəşdirilməsi artıq ənənəvi hal alıb. Belə ki, özlərini düşərgənin aparıcı müxalifət partiyasının lideri kimi zorla ictimai rəyə sırımağa çalışan siyasi təşkilat sədrlərinin, məhz düşərgə təmsilçiləri tərəfindən ifşa olunmaları da belə deməyə əsas yaradır ki, naşılıqları, küçə müxalifətçiliyi və daxili intriqaları ilə daha çox ad çıxaran "liderlərin" bundan o tərəfə inkişaf etmək şansları, iqtidarları yoxdur.

"Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyanı normal yaradıb işlədə bilmirlər". SİA xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən deyib. O, bildirib ki, buna görə də, Azərbaycanda islahatlar yolu ilə xalqın rəğbətini qazanmaq hökumətin üzərinə düşür.

Göründüyü kimi, Rəsul Quliyev müxalifətçi olmasına rəğmən, hakimiyyətin son illərdə apardığı islahtçı siyasətinə dəstək göstərdiyini ifadə etməklə yanaşı, həm də xalqın hakimiyyətə rəğbət hissi bəslədiyini etiraf etmiş olur. Eks-spikerin sağlam fikir ortaya qoymasının isə daha bir səbəbi budur ki, artıq o dəfələrlə ənənəvi, radikal müxalifət partiyaları ilə bir araya gəlib, onlarla iş birliyinə gedib. Ancaq sonradan aldaılıb, kənara atılıb və bütövlükdə bu cəhdlərin hər biri düşərgənin iflası ilə nəticəsini tapıb.

O da əbəs deyil ki, Rəsul Quliyev köhnəlmiş, nimdaş müxalifəti öz təbirincə sərt şəkildə tənqid atəşinə tutub, o cümlədən, tənqidlərin sayının artırılması tərəfdarı olduğunu özünəməxsusluğu ilə bəyan edib.

"Bu günə qədər heç bir işlə məşğul olmayan reytinqsiz Kərimlini, Həsənlini, kənd jurnalisti Hacılını - Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökumətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər - yuxarıdan tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə lazımdır", sabiq spiker bildirib.

Radikal düşərgədə cərəyan edən digər hadisələrlə yanaşı, dövlətin korrupsiya və rüşvətxorluğa qarşı apardığı ardıcll mübarizəni də dəstəklədiyini ifadə edən Rəsul Quliyev bu siyasətn davamlı uğur qazanacağını da deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə