"Qeyri-qanuni məskunlaşdırmaya həmsədrlərin biganə münasibəti qəbuledilməzdir" ÖZƏL-ŞƏRH
“Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma ilə bağlı ATƏT-in həmsədrlərinin biganə münasibəti qəbuledilməzdir. Və bu, onun göstəricisidir ki, beynəlxalq qurumlar, xüsusən də ATƏT bu məsələyə kifayət qədər həssas yanaşmır”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinin əsas səbəblərindən biri həyata keçirilən ikili standartlar və məsələyə obyektiv münasibətin göstərilməməsidir: “Təəssüf ki, bu qurumlar kifayət qədər reaksiya vermədiklərinə görə bu gün biz bu problemi yaşayırıq. Beynəlxalq qurumların və ATƏT-in reaksiyası qaneedici deyil. Paşinyan dəfələrlə Qarabağa səfər edir, orada görüşlər keçirir. Qarabağın işğaldan azad edilməsi ilə bağlı BMT-nin qətnamələri var ki, bu qanunların və qətnamələrin heç bir maddəsinə Ermənistan əməl etmir. Və bir daha qeyd etmək istəyirəm ki, bu məsələnin kökündə məhz bu bigəna münasibət dayanır. Əgər beynəlxalq qurumlar bu məsələyə vaxtında və adekvat reaksiya versəydilər Ermənistan bu qədər irəli gedərək təcavüz siyasətini davam etdirməzdi. Azərbaycanın mədəniyyət abidələrini, təbii sərvətlərini talan etməzdi. Bu hadisələrin baş verməsinin əsas səbəbkarları beynəlxalq qurumların bu məsələyə laqeyid yanaşmasıdı və bu birmənalı olaraq yolverilməzdir. Bu laqeyidlik Ermənistan dövlətinə xidmət edir və Ermənistanın aqressiv hərəkətlərini davam etdirməsinə şərait yaradır. Buna imkan vermək olmaz. Bu, tamamilə cinayətdir.
Ermənilər artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal ediblər, orada məskunlaşma siyasəti həyata keçirirlər və son olaraq Livanda baş verən partlayış sonrası orada yaşayan erməniləri Dağlıq Qarabağa köçürüblər. Əlbəttə, bu birmənalı olaraq yolverilməzdir. Biz beynəlxalq qurum və təşkilatlardan bu məsələyə adekvat münasibət gözləyirik. Ermənistanın bu cür addımlarına vaxtında kifayət qədər reaksiya verilmədiyinə görə ermənilər bu aqressiyanı artıraraq davam etdirirlər. Bu baxımdan beynəlxalq qurum və təşkilatlar tərəfindən Ermənistana təzyiqlər edilməlidir. Biz də öz növbəmizdə beynəlxalq qurumlar, Xarici İşlər Nazirliyi və bizim aidiyyatı üzrə qurumlar qarşısında davamlı olaraq məsələ qaldırmalıyıq. Diasporamız, xaricdə yaşayan azərbaycanlılarımız ermənilərin ifşa olunması istiqamətində fəaliyyətini davam etdirməlidir. Ermənilər tamamilə ifşa olunmalıdır və beynəlxalq aləm görməlidir ki, Ermənistan beynəlxalq hüququn heç bir norma və prinsiplərinə əməl etmir. Onların cəzalandırılması istiqamətində tədbirlərin görülməsi gücləndirildikdən sonra münaqişənin həllində hansısa dəyişikliklər hiss etmək və gözləmək olar. Ona görə də hər bir qurum, hər bir təşkilat bu məsələdə daha diqqətli olmalıdır və çalışmalıdır ki, Ermənistan bu əməllərindən çəkinsin. Əks halda Ermənistan təxribatlar törətməyə davam edəcəkdir. Bu əlbəttə ki, yolverilməzdir və Azərbaycan tərəfini ciddi şəkildə narahat edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB