İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi - İqtisadi Şura

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi - İqtisadi Şura

İqtisadi Şuranın yaradılması ilə bağlı Prezident İlham Əliyev imzaladığı Fərman milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin edəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 9-da "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Şuraya Baş Nazir sədrlik edəcək. Prezidentin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçiləri, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri, Mərkəzi Bankın sədri və Dövlət Neft Fondunun İcraçı direktoru şuranın üzvləri təyin olunub. Şuraya ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Şura fəaliyyəti barədə 6 ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Fərmanda qeyd olunur ki, Azərbaycanda son 20 ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləyib, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlib. Ümumi daxili məhsulun həcmi 3 dəfədən çox artıb, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşıb. Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaradıb. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Sənəddə vurğulanır ki, növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost" digər strateji vəzifələrin icrası təmin olunmalıdır. Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur. İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Əli Əsədov: "İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur"

Sentyabrın 10-da Azərbaycanın Baş Naziri, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranını ilk iclası keçirilib. İclasda Şuranın üzvləri - Prezident köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Birinci vitse-prezidentin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov iştirak ediblər. Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri adından göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var. Bildirib ki, Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoymuşdur. Bunlar: makroiqtisadi və maliyyə sabitliyinin qorunması; iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması; daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması; xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması; qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi; investisiya mühitinin radikal yaxşılaşdırılması; ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi; sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir. Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə cənab Prezidentin Fərmanında İqtisadi Şuraya tapşırılır ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlansın. İqtisadi Şura Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. O da vurğulanıb ki, İqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək.

Tahir Mirkişili: "İqtisadi Şuranın yaradılması Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır"

Sözügedən məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, İqtisadi Şuranın yaradıdması iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır: "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şuranın yaradılması və Şura qarşısında yeni hədəflərin qoyulması Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır".

Onun sözlərinə görə, pandemiya şəraiti 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hiss edilməsinə müəyyən qədər mane olub, təbii olaraq vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələyib: "Pandemiya şəraiti bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın, digər ölkələrdəki kimi sürətli olmasa da, müəyyən qədər geriləməsinə səbəb olub. Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə çevik dəyişikliklərin edilməsini labüd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s kimi hədəflərin qoyulması Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir".

T.Mirkişili onu da qeyd edib ki, Fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar qoyur: "Hesab edirik ki, müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkar yaradacaq, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacaqdır. Ümumi desək, Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət hər zaman sürətliliyi, çevikliyi, müasirliyi və sosiallığı ilə fərqlənib. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatın post-pandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın tam mümkünlüyünə əminik".

Göründüyü kimi, İqtisadi Şuranın qarşısında qoyulan çağırışlar yaxın 10 ildə Azərbaycanın iqtisadiyyatının iki dəfəyədək böyüməsinə hesablanıb. Eyni zamanda, Prezidentin İqtisadi Şuranın yaradılması ilə bağlı Fərman iqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin edəcəkdir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə