“Ermənilərin Livandan ərazilərimizə köçürülməsi beynəlxalq normalara ziddir” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin qaldırdığı məsələ, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin 7 sentyabr görüşündə qaldırdığı məsələ çox vacibdir və bu günün reallıqlarını əks etdirir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, bu ermənilərin birinci məskunlaşma planı deyil, artıq bir neçə ildir Dağlıq Qarabağ torpaqları işğal olunandan sonra ermənilərin həyata keçirdikləri o işğalçılıq planlarının tərkibində də xaricdə yaşayan erməniklərin Dağlıq Qarabağa köçürülməsi və orada məskunlaşdırılması məsələsi ön plana çəkilir.
“Sözsüz ki, ermənilərin bu köçürmə məsələlərini bir çox beynəlxalq təşkilatların faktaraşdırıcı nümayəndələri də sübut ediblər. Laçında məskunlaşma, Dağlıq Qarabağın müəyyən ərazilərində bu məskunlaşma faktları artıq beynəlxalq təşkilatlar tərəfindən öz təsdiqini tapıb və bu, Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi kimi göstərilib. Beyrutda baş verən hadisələrdən sonra, Livan ermənilərinin də Dağlıq Qarabağ torpaqlarına köçürülməsi kompaniyası başlayıb. Hadisələr göstərir ki, bir neçə erməni ailəsi bu ərazilərə köçürülüb və bundan sonra da bu köçürülmələrin davam etdirilməsi nəzərdə tutulur. Əlbəttə ki, bu beynəlxalq normalara, prinsplərə, BMT qətnamələrinə, beynəlxalq təşkilatların qəbul etdiyi o qərarlara ziddir. Çünki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir tərkib hissəsidir və Azərbaycanın razılığı olmadan heç bir vətəndaşın gəlib orada yaşamaq, məskunlaşmaq səlahiyyəti yoxdur. Ancaq Ermənistan rəhbərliyi bu gün də öz təcavüzkar siyasətini həyata keçirir və nəinki sərhədlərdə rayonlarda təxribatlar törədirlər, atəşkəsi pozurlar, eləcə də Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinə bir önəm verirlər və bu da yenə də təcavüzkarlığın açıq-aydın həyata keçirilməsinin davam etdirilməsini sübut edir. Əlbəttə ki, Azərbaycan rəhbərliyi, Azərbaycanın ali baş komandanı öz sözünü dəfələrlə deyib. Cənab Prezident dəfələrlə deyib ki, Azərbaycan ərazilərində ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Dağlıq Qarabağ Azərbaycandır və işğal olunmuş bütün ərazilər erməni işğalçılarından təmizlənməlidir. Ancaq ölkə rəhbəri bunu danışıqlar yolu ilə, sülh yolu ilə, qan axıdılmadan həyata keçirmək niyyətindədir və o öz fəaliyyətində beynəlxalq təşkilatların qətnamələrinə, qərarların əsaslanır. Lakin, əgər Ermənistan rəhbərləri, Ermənistanın siyasi dairələri sülh yolu ilə, danışıqlar yolu ilə geri qaytarmasalar, ölkəmizin rəhbəri deyib və xalq da ona dəstək verir ki, Azərbaycan torpaqları erməni təcavüzkarlarından hərbi yolla, ordumuzun qüdrəti və qüvvəti ilə azad olunacaq.
Əlbəttə ki, bir Azərbaycan vətəndaşı kimi, bizim hər birimizi narahat edir bu məsələlər. Ancaq mən elə bilirəm ki, nəinki bu bizi narahat eləməlidir, bu ilk növbədə, bu sahədə fəaliyyət göstərən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına bilavasitə borclu olan, ATƏT-in Minsk Qrupunu, eləcə də bir çox beynəlxalq təşkilatları narahat eləməlidir. Onlar regionda baş verən hadisələri dəqiq araşdırmalıdırlar, kimin təcavüzkar olduğunu ortaya qoymaqda da təsirli tədbirlər görülməlidir. Əks təqdirdə, mən elə bilirəm ki, torpaqlarımızın hərbi yolla azad olunması qaçılmazdır və bu gün hər bir Azərbaycan vətəndaşı öz torpaqlarını azad etməkdən ötrü mübarizəyə hazırdır və Azərbaycan Respublikasının Prezidentinə dəstək verir, onu müdafiə etdiyini bildirir və Tovuz sərhəddində son hadisələr də bunu göstərdi ki, on minlərlə insan könüllü qaydada müharibədə iştirak etmək qərarını verdilər. Onlar hərbi kamissarlıqlara gələrək, cəbhəyə yazılmalarını xahiş etdilər. Azərbaycan xalqı vətənpərvər xalqdır, Azərbaycan xalqı öz torpaqlarının qədrini bilir və elə bilirəm ki, bu birlik, bu həmrəylik öz sözünü deyəcək Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan torpaqları düşməndən azad olunacaq. Ora köçürülənlərin heç bir gələcəyi yoxdur və sözsüz ki, ermənilər də bunu yaxşı bilirlər. Ona görə də ora məcburi köçürülənlər öz taleləri haqda ciddi fikirləşməlidirlər”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB