Azərbaycan möhkəm makroiqtisadi dayanıqlığa sahibdir TƏHLİL

Azərbaycan möhkəm makroiqtisadi dayanıqlığa sahibdir TƏHLİL

Karantin rejimi ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər götürüldükcə, post-pandemiya dövrü ilə bağlı vətəndaşların ümidləri artır. Həqiqətən də növbəti dövrə ümid bəsləməkdə vətəndaşlarımız haqlıdır. Çünki 6 aydan uzun müddət ərzində koronavirus pandemiyasının bütün dünyada yaratdığı ağır şəraitdə Azərbaycanın mövcud bu vəziyyətdən uğurla çıxdığı qənaətinə gəlmək üçün arqumentlərimiz, əsaslarımız çoxdur.
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da itgilər var. Amma vətəndaşlar üçün də bu itgilər başadüşüləndir. Çünki, dünyanın heç bir superdövləti bu pandemiyadan itkisiz çıxmağa nə ümid bəsləməyib, nə də hazırkı itkilərini gizlətmir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin itkiləri həmin o superdövlət dediyimiz böyük dövlətlərdəki itkilərdən əhəmiyyətli dərəcədə azdır və unutmayaq ki, bizdən fərqli olaraq, həmin dövlətlərdə itkilər ikirəqəmlidir. Deməli, bizim birrəqəmli itkilərimiz müqayisədə uğurlu nəticə kimi dəyərləndirilməlidir.
Xatırlatmaq yerinə düşərdi ki, gözləntilər daha ağır göstəricilər olacağına idi və nəticələr onu deməyə əsas verir ki, itkilərimizi azdır. Unutmamışıqsa, cari ilin birinci və ikinci rübündə həm ölkə iqtisadiyyatı, həm də vətəndaşların sağlamlıq və sosial şəraiti çox kəskin təzyiqlər altında idi. Məhz buna görə də hazırkı dövrdə vəziyyətimizin daha pis olacağı gözləntisi heç kimi təəccübləndirmirdi.
Etiraf edək ki, Azərbaycan dövləti, hökumətimiz bütün dünyanı saran bu bəla və ümumiyyətlə, vəziyyətə uyğun çevik reaksiya göstərdi. Elə nəticələr də məhz bu səbəbdən qənaətbəxş hesab edilə bilər. Təsəvvür edək ki, əhalinin sağlamlığının qayğısına qalmaqla yanaşı, iqtisadiyyatı da nəzərə almaq lazım gəlirdi. Üstəlik, belə bir şəraitdə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi də dırnaqarası sürpriz oldu. Məlum olduğu kimi, aprelin əvvəlində 15-20 ABŞ dollarınadək enən qiymətlər vəziyyətin biz az da çətinləşməsinə səbəb ola bilərdi. Bu vəziyyət maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulması ilə nəticələnə də bilərdi. Amma dövlətimizin baş verə biləcək qarışıqlıq və tənəzzüldən sığortalamaq məqsədilə atdığı addımlar olduqca böyük əhəmiyyətə malik idi və hazırkı vəziyyət bunu təsdiq edir. Hətta görülən tədbirlər, atılan addımlar sayəsində sözügedən təzyiq və təhlükə real olaraq hiss edilmədi də.
Doğrudur, onu da nəzərə almaq və qeyd etmək lazımdır ki, ölkəmiz bundan əvvəlki böhranlı vəziyyətlərlə əlaqədar təcrübəli idi. Həm də axı bundan əvvəlkilərdən fərqli olaraq, bu dəfə daha güclü müqavimətə malik idi. Qazanılmış təcrübə, həm də ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar, xüsusilə, 2 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar bu vəziyyəti uğurla dəf etmək üçün mühüm əhəmiyyət kəsb etdi.
Bütün bu müqavimət imkanları sayəsində iqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirləri görüldü. Məşğulluq və sosial rifahı dəstəkləmək üçün 4 istiqamət üzrə 12 tədbir reallaşdırıldı. Bu dəstək əhalinin 48% faizini, daha dəqiq desək, 4,8 milyon nəfəri əhatə etdi. İşsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlər həyata keçirildi. Dövlət vətəndaşlarından heç nə əsirgəmədi və bu özünü insanların evdə qala bilməsi üçün ayrılan vəsaitlərdə açıq-aşkar şəkildə təsdiqlədi.
Heç şübhəsiz ki, bu il dünya bazarında neft qiymətlərindəki azalma Azərbaycan üçün gözlənilməz idi. Gözlənilməz olmaqla yanaşı neftin qiymətində əhəmiyyətli dərəcədə azalma neft ixracatçısı olan Azərbaycan üçün əlverişsiz şərit yaratdı. Özü də pandemiya şəraitində. Həm də sosial paketlərə ehtiyac duyulduğu və onların reallaşdığı bir məqamda. Dövlətimizin gəlirləri azalsa da, xərclərdən, sosial istiqamətdə ayırmalardan imtina edilmədi. Bir sözlə, xərclərin həcmi daha da genişləndi, məsrəflər də artdı. Heç kim üçün sirr deyil ki, karantinlə əlaqədar əhalinin və biznesin müdafiəsi üçün milyardlarla manat məbləğində vəsait ayrıldı və sərf olundu.
Məsələ burasındadır ki, artıq ilin ikinci yarısında, daha dəqiq desək, üçüncü rübün sonunda, ilin doğğuzuncu ayındayıq və ötən hadisələr hələki geridə qalsa da vəziyyəti düzgün dəyərləndirməliyik. Beləki, ilin sonunda nəticələri ötən ilin göstəriciləri ilə müqaisə etməməliyik və belə edilməsi ədalətsizlik olardı. Əgər biz göstəricilərimizi xarici ölkələrin göstəriciləri ilə müqaisə etsək bu daha ədalətli sayılar. Çünki, əvvəla, bizimlə bərabər bütün ölkələr bu şəraitdə olub və geriləmənin nə demək olduğunu dünya ictimaiyyəti yaxşı başa düşür. Digər tərəfdən, əksər ölkələrdə iqtisadi tənəzzül ikirəqəmli səviyyədə olsa da, bizdə birrəqəmlidir, özü də 2,7 faizdir. Yəni, müqaisədə dəfələrlə azdır. Ən qürurverici məqam isə ondan ibarətdir ki, əksəriyyət ölkələr beynəlxalq maliyyə qurumlarından yardım istəsələr də, ölkəmiz nəinki yardım istəməyib, hətta yardım edib də bir sıra ölkələrə və qurumlara.
İndi sanki ölkəmiz pandemiya ilə postpandemiya dövrü arasında keçid mərhələni yaşayır. Milyardlarla manat vəsait itkisinə yol verməsinə baxmayaraq, Azərbaycan möhkəm makroiqtisadi dayanıqlığa sahibdir. Nəzərə almaq lazımdır ki, dövlətimizin valyuta ehtiyatları da var və bu maliyyə imkanlarımız deməkdir. Bu da öz növbəsində optimist iqtisadi gözləntilər vəd edir. Ən əsası isə Azərbaycan vətəndaşı dövlət dəstəyinə, ölkə başçısının, Cənab Prezident İlham Əliyevin diqqət və qayğısına əmindir. Əmindir ki, Azərbaycan dövləti, ölkə hakimiyyəti üçün vətəndaş amili prioritetdir və hər bir vətəndaşın sağlamlığı, rifahı daim diqqət mərkəzindədir, qayğı ilə əhatə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə