Mayın 12-də T. Bəhrəmov adına Respublika Stadionunda jurnalistlərlə deputatlar qarşılaşacaq. Matç Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində baş tutacaq.
Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, mayın 12-də saat 16:30-da Tofiq Bəhrəmov adına Respublika Stadionu media təmsilçilərinin və millət vəkillərinin sərəncamına veriləcək. Yaşıl meydançada ölkə jurnalistlərindən və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından ibarət komandalar qarşılaşacaq. Matçın yekununa əsasən qaliblərin və daha məzmunlu oyunu ilə fərqlənən futbolçuların mükafatlandırılmaları nəzərdə tutulub.
Qeyd edək ki, jurnalistlər və deputatlar arasındakı bu görüş Azərbaycan Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Yubiley münasibəti ilə ilk oyun bu il mart ayının 19-da Şəfa stadionunda jurnalistlərlə polislər arasında baş tutub.
Birgə tədbirlər planına jurnalistlərin veteran futbolçularla matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları da daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB