“Sərsəng Su Anbarı ilə bağlı sənədin yerinə yetirilməsini tələb edirik” ÖZƏL-ŞƏRH-VİDEO

“Sərsəng Su Anbarı ilə bağlı sənədin yerinə yetirilməsini tələb edirik” ÖZƏL-ŞƏRH-VİDEO

"Çox təəssüf ki, Avropa Şurası Parlament Assambleyası üzərinə düşən öhdəlikləri yerinə yetirmir. AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə sənəd də qəbul olunub. Amma bu sənədlərin hamısı, çox təəssüf ki, kağız üzərində qalıb. Bu sənədlərdən biri də Sərsəng Su Anbarı ilə bağlıdır." Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, Sərsəng Su Anbarı işğal altındadır və əslində, çox böyük rezervlərə malik su anbarıdır ki, Azərbaycan ondan istifadə edə bilmir.

“Erməni separatçıları öz düşüncələrinə görə, bir ara hiyləgər bir gediş etdilər, belə bir fikir ortaya atdılar ki, guya əgər Azərbaycan istəyərsə, bu su anbarından birgə istifadə etmək mümkündür. Bu hiyləgər gediş ondan ibarətdir ki, əgər biz buna razılaşsaq, faktiki olaraq biz separatçılarla əməkdaşlığa razılaşmış olacaqdıq. Amma biz tam əminliklə deyirik ki, Dağlıq Qarabağ və ətraf rayonlarını Ermənistanın hərbi qüvvələri işğal edib. Sadəcə, Dağlıq Qarabağ separatçıları orada idarəetmə qururlar və əsasən Ermənistandan asılıdırlar. Ona görə, biz belə bir hiyləyə gedə bilməzdik. Biz Sərsəng Su Anbarının və ətraf rayonların tam azad olunmasını tələb edirik. Biz Avropa Şurası Parlament Assambleyasının sənədlərini, o cümlədən, Sərsəng Su Anbarı ilə bağlı sənədin yerinə yetirilməsini tələb edirik və ona görə də Dağlıq Qarabağın Azərbaycan İcmasının bu məsələ ilə bağlı AŞPA-ya müraciət erməsi doğrudur. AŞPA rəhbərliyi münasibət bildirsinlər məsələyə ki, özlərinin qəbul etdiyi bu sənədin icrası niyə tələb olunmur. Demək onlar işğalla barışırlar. Necə ki, ATƏT-in Minsk Qrupu faydasız fəaliyyət göstərir, özünün hazırladığı planı, o cümlədən genişləndirilmiş Madrid Planını işğalçı dövlətə qəbul etdirmək istəmir, bacarmır, eləcə də AŞPA belə çıxır ki, özünün qəbul etdiyi sənədləri hansısa dövlətdlərə qəbul etdirmək istəmir, bacarmır. Bircə dəfə AŞPA rəhbərliyi təəssüflər olsun, Ermənistana müraciət edib deməyib ki, siz nədən Sərsəng Su Anbarı ilə bağlı qəbul olunan sənədin icrasını təmin etmirsiz. O məsələ həll olunsa, əslində bu o deməkdir ki, mərhələli həll planı işə düşəcək. Amma bölgədə müharibə riski artır. Bunu hamı görür, hamı hiss edir. Çünki, danışıqlar nəticə vermir. Çünki AŞPA özünün qəbul etdiyi sənədləri işğalçıya qəbul etdirmək istəmir. Bir tərəfdən deyirlər ki, müharibə olmasın, sülh olsun, amma belə şəraitdə sülh ola bilməz. İşğal davam edirsə, Sərsəng Su Anbarı hələ də işğal altındadırsa və azərbaycanlılar o anbardan istifadə edə bilmirlərsə, biz buna seyrçi qala bilmərik, qətiyyətli addımlar atacağıq. Dövlət başçısı Cənab İlham Əliyev də açıqlamalarında bildirir ki, biz yekun həllə hazırlaşırıq. Yekun həllin isə nədən ibarət olduğunu işğalçı dövlət və məncə, AŞPA rəhbərliyi də aydın təsəvvür edirlər”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə