Müasir media çağırışları: KİVDF - yeni perspektivlərə və uğurlara doğru! ANALİTİK+FOTOLAR

Müasir media çağırışları: KİVDF - yeni perspektivlərə və uğurlara doğru! ANALİTİK+FOTOLAR

Novatorluq, kreativlik, həmrəylik və inkişaf faktoru

Azərbaycan mətbuatının şərəfli və tarixi salnaməsi o qədər dərin və mükəmməl meyarlara söykənir ki, onun dünya mətbuatında da özünəməxsus yeri və rolu öz sözünü deməkdədir. Xüsusilə, çağdaş dövrümüzdə - müasir media məkanında zaman-zaman yaranan çətinliklərə, dərə və təpəli yollara baxmayaraq mətbuatımız tərəqqi yolunu davam etdirir, yeniliklərə imza atır.

Əlbəttə, inkişaflı mətbuatımızın tarixi, özünəməxsusluğu olmaqla yanaşı, həm siyasi tərəfləri də var və bunu bilavasitə ölkədə aparılan siyasi xətlə uzlaşdırmaq mümkündür. Daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin hər zaman jurnalistikaya göstərdiyi atalıq qayğısı sonradan Onunla media cameəsi arasında sarsılmaz dostluğuna, birliyinə çevrildi. O, harada olursa-olsun, ilk növbədə, jurnalistlərin vəziyyəti ilə maraqlanır, hətta ən incə məqamlara qədər diqqətini əsirgəmirdi. Bu amil eyni zamanda, dövlətin mediaya göstərdiyi qayğının görünməyən, hətta deyərdik ki, qeyri-rəsmi tərəfləri idi. Görünən tərəfindən yanaşdıqda isə, senzuranın ləğvindən başlayaraq, qəzetlərin borclarının silinməsinə qədər bir çox faktorları göstərə bilərik...

Prezident İlham Əliyevin qərarları, əslində Azərbaycanda aparılan çoxşaxəli islahatların media siyasətində də mühüm yer almasından xəbər verir

Bu gün Ulu Öndərimizin dövlətçiliyimizə, xalqımıza miras qoyduğu mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də ölkə mətbuatına göstərdiyi xüsusi diqqəti və qayğısı biz jurnalistlərin, media adamlarının fəaliyyətinə, yaradıcılıq funksiyalarına kifayət qədər xoş impulslar verməkdədir. Dünyanın siyasi, sosial, iqtisadi və s. siyasi hadisələri mənzərəsində dövlət başçımızın daim medianı, jurnalistləri özünə ən yaxın dəstəkçi, köməkçi kimi bəyan etməsi, əlbəttə, hər birimizi ruhlandırır, həvəsləndirir. Mətbuat işçilərinin sosial-məişət həyatlarının yaxşılaşdırılmasından, təmin olunmasından başlayaraq digər çoxsaylı layihələrin gerçəkləşdirilməsinə qədər atılan addımların təməlində də qeyd edilən meyarlar dayanmaqdadır.

Belə bir çətin dövrdə müxtəlif problematik və cəmiyyəti narahat edən məsələlərin araşdırılmasından tutmuş, qanunsuzluqların, məmur özbaşınalıqlarının tənqid olunmasına, sui-istifadəçilərin dövlət və xalq maraqlarına qarşı çıxanların ifşasına, ictimai nəzarətin gücləndirilməsinə qədər bütün imkanları mətbuata açıq elan edən Prezident İlham Əliyevin qərarları, əslində, Azərbaycanda aparılan çoxşaxəli islahatların media siyasətində də mühüm yer almasından xəbər verir.

Artıq yeniləşmiş KİVDF müasir media standartları istiqamətində ölkə mətbuatına öz töhfələrini verməkdədir

Daha bir əhəmiyyətli nüansa da toxunmaq vacibdir. Müasir Azərbaycan mətbuatının fəaliyyətinin - iş prinsipinin, informasiya yayıcılığının, yaradıcılığının və s. bu kimi aspektlərinin daha şəffaf məcrada cəmiyyətə təqdim olunması yönündə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) işini vurğulamaq labüddür.

Bütün sahələrdə olduğu kimi, artıq yeniləşmiş KİVDF də müasir media standartları istiqamətində ölkə mətbuatına öz töhfələrini verməkdədir. Jurnalistlərin fərdi yazı müsabiqələrindən başlayaraq, bütün digər sahələrə fərdi, tərəfsiz və qərəzsiz yanaşmalar edən qurum yazılı və elektron mətbuatımıza yeni ab-hava gətirib. Belə bir misal var: Teatr asılqandan başlayır...

KİVDF-nin saytında dövri mətbuatın dəsətəklənmə layihəsi, Azərbaycanın milli mətbuat tarixinin inciləri rubrikası, Həsən bəy Zərdabinin virtual ev muzeyinin yaradılması, özəlliklə milli mətbuatımızın 145-ci yubiley ili ilə bağlı həyata keçirilən çoxsaylı layihələr bir media işçiləri olaraq bizləri çox sevindirir.

Məhz mətbuatımızın da son zamanlarda sürətli və müsbət dəyişikliklərə doğru irəliləməsi reallığı KİVDF-dən başlayıb. Artıq bu qurumun saytında belə, nəzərlərə xoş ovqat, əsl media mühiti bəxş edən yenilik göz oxşayır. KİVDF-nin ən kiçik əməkdaşından tutmuş rəhbərliyinə qədər jurnalistlərə göstərilən diqqət və ehtiram, əslində alışmadığımız, ya da unutduğumuz mükəmməl təsiri göstərməkdədir.

Necə deyərlər, “buz yerindən tərpəndi”

KİVDF-nin icraçı direktoru Əhməd İsmayılovun bu yaxınlarda “SƏS” Media Qrupunu ziyarət etməsi, eyni adlı qəzetin, saytın və internet televiziyasının fəaliyyəti, həmçinin rəhbərliyi və əməkdaşları ilə tanışlığı deməyə əsas verir ki, necə deyərlər, “buz yerindən tərpəndi”. Daha dəqiq desək, bu tanışlıq və ziyarət bütün fəaliyyətdə olan digər media qurumlarına da olunur və olunacaq.

Görüş əsnasında Əhməd İsmayılov, “SƏS” qəzetinin baş redaktoru, Media Qrupun baş direktoru Bəhruz Quliyevlə bir sıra fikir mübadilələri apararaq, KİVDF-media əlaqələrinin yüksək dəstək ifadə etdiyini vurğulayıblar. Xüsusilə, icraçı direktorun kreativlik əsasında verdiyi tövsiyələri dinlənilib.

Bu günün “SƏS”i hər zaman olduğu kimi, öz tarixi-siyasi missiyasını və ənənələrini qorumaqla, texnoloji imkanlarını da artırıb, daha bir yeniliyə imza atıb. Artıq məlum olduğu kimi, qəzetimiz küar kod vastəsilə oxucu auditoriyasına təqdim etdiyi məlumatların video-görüntülərini, audio-yazılarını da təqim etməkdədir. Bu uğurlar artıq bütün media cameəmiz tərəfindən alşıqlanıb və tətbiqinin başlanmasına qərar verilib.

KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov: “Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək”

Əlbəttə, müasir zamanımızda kreativlik ən vacib məqamlardandır və bu kreativliyi özünə kredo kimi qəbul edən KİVDF daha böyük uğurlara imza atmağı qarşısına məqsəd qoyub. Bu arada, fondun icraçı direktoru Əhməd İsmayılovun milli mətbuatımızın 145-ci ildönümü ilə bağlı mediaya verdiyi müsahibəsindəki novatorçu fikirlərini də xatırlaya bilərik. Belə ki, qarşıda hələ çox işlərin olduğunu istisna etməyən Əhməd müəllim sözügedən müsahibəsində bildirib ki, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da fondun gündəliyində duran məsələlərdəndir. SİTAT: “Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır. Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə uyğun olaraq yaxın gələcəkdə maraqlı və səmərəli layihələrlə çıxış etməyi düşünürük”.

“Bu gün ölkəmizdə televiziya, radio, informasiya agentliyi, xəbər portalı, qəzet və jurnallarda fəaliyyət göstərən minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin maarifləndirilməsi istiqamətində yorulmadan, böyük həvəslə çalışır”

Əhməd İsmayılov ölkə mətbuatının inkişaf və tərəqqisi istiqamətində Prezident İlham Əliyev cənablarının apardığı siyasətin mükəmməl dayaqlara söykəndiyini də qeyd edib və bildirib ki, media hər zaman ictimai rəyin formalaşmasında mühüm rol oynayıb və bu gün də bu, belədir: “Düşünürəm ki, KİV nümayəndələri yeni, dəqiq informasiya axtarışında hər zaman həvəsli olmalı, müasir trendləri izləməli, onları tətbiq etməli, beynəlxalq informasiya məkanında öz mövqelərini gücləndirməli, lakin bununla yanaşı, dövlətimizin maraqlarını daim nəzərə almalı və müdafiə etməlidirlər. Xalqımızın dəyərli ziyalıları, mütəfəkkirləri milli şüurun və mədəniyyətin formalaşmasına, inkişafına məhz mətbuat vasitəsilə güclü təkan veriblər. Bu gün ölkəmizdə televiziya, radio, informasiya agentliyi, xəbər portalı, qəzet və jurnallarda fəaliyyət göstərən minlərlə jurnalist hər gün ölkə ictimaiyyətinin maarifləndirilməsi istiqamətində yorulmadan, böyük həvəslə çalışır”.

Beləliklə, bizlər-jurnalistlər cameəsi artıq yenilikçiliyin, qarşıda daha nəhəng uğurların şahidlərinə çevrilmək üzrəyik. Bütün bu kimi məsələlər isə əlbəttə ki, həmrəylik, həmkar dəstəyinin olması məqamlarda cəmləşir. Artıq biz, bu məqamların uğur tandemlərini KİVDF-nin timsalında görməkdəyik.

Daha bir haşiyə...

Sonda isə haşiyədən çıxaraq bir diqqətçəkici məsələni də xatırlamağa ehtiyac duydum. Belə ki, bu gün jurnalistlər üçün tikilmiş binaların sosial və s. vəziyyətlərinin yaxşılaşdırılması üçün artıq əməli addımlar atılmaqdadır. Daha əvvəllər mövcud olan və mediada da işıqlandırılan məsələlər də öz həllini tapmaq üzrədir. Binaların həyətində təhlükəsizlik kameralarının sayının artırılması, ictimai nəqliyyatdan istifadə edən jurnalistlərin gediş-gəlişlərini asanlaşdırmaları üçün qurulan Baku-Kart sistemi, bankomat və qarşıda dayanan digər məsələlər icra olunmaqda davam edir. KİVDF rəhbərliyi jurnalistləri narahat edən bir sıra məsələlərin həllində əlində olan bütün imkanlarından maksimum istifadə etməkdədir. Əlbəttə, bu, kiçik uğurlardır, amma qarşıda yuxarıda da qeyd etdiyimiz kimi, böyük və təməlli uğurlar da olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə