"Bildiyiniz kimi, ABŞ-da növbəti Prezident seçkiləri cari ilin 3 noyabr tarixinə təyin edilib. Qeyd olunan seçkilərdə Donald Tramp seçilməsə, yeni ABŞ prezidentinin (46-cı) adı məlum ola bilər. Tramp ikinci müddətə seçilərsə Ronald Reyqanın rekordunu qıra bilər. Bu vəziyyətdə, 2025-ci ilin yanvarında səlahiyyətlərinin sona çatdığı bir vaxtda Donald Tramp 78 yaşında olacaq, Reyqan isə 77 yaşına qədər ölkəni idarə etdi. Digər tərəfdən, Demokratların namizədi Co Bayden prezident seçilsə prezidentliyinin ilk günündən tarixin ən yaşlı Amerikan lideri olacaq. Qeyd edək ki, andiçmə mərasimində Bayden 78 yaşında olacaq". Bunu SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, qüvvədə olan ABŞ Konstitusiyasının ikinci maddəsinə görə, Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmək üçün hər bir şəxs, ən azı 35 yaşında və ən azı 15 il Amerika Birləşmiş Ştatlarında yaşamış ABŞ vətəndaşı olmalıdır: "Çox vaxt namizədlər praymeriz zamanı ABŞ-dakı siyasi partiyalardan biri tərəfindən irəli sürülür. Respublikaçılar Partiyasından əsas namizəd ABŞ-ın hazırkı prezidenti Donald Tramp, Demokratlar Partiyasından isə keçmiş vitse-prezident (2009-2017) və senator (1973-2009-cü illər Delaver ştatı) Co Baydendir. Onların ikisi də namizədliyini qazanmaq üçün praymerizdə lazımi sayda nümayəndə səslərini alıblar. Respublikaçılar Partiyasının qurultayı 24 Avqust 2020-ci ildə keçirildi. Onun əsas tədbirləri Ceksonvill (Florida ştatı) və Şarlot (Şimali Karolina ştatı) şəhərlərində baş verdi. ABŞ Demokratlar Partiyasının Qurultayı isə 17-20 avqust tarixlərində (bu tarix koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı) Miluoki (Viskonsin ştatı) şəhərində keçirildi. Bu il keçiriləcək seçkilər ABŞ tarixinin ən maraqlı seçkiləri kimi yadda qalacaq. Çünki bu il bütün dünya üçün neft qiymətlərinin, istehsalatın aşağı düşməsi, iqtisadi resessiya və koronavirus COVİD-19 pandemiyası ilə yadda qaldı".
Politoloq bildirib ki, Donald Trampın hazırki rəqibi Co Bayden çox maraqlı vədlərlə çıxış edir: "Demokratlar Amerika qoşunlarının Yaxın Şərqdə qalması ehtiyacına əsaslanaraq iki əsas qrupa ayrılmış vəziyyətdədir. Senator Berni Sanders bütün əsgərlərin evə erkən qayıtmasını dəstəkləyir. Keçmiş vitse-prezident Co Bayden ABŞ-ın terrorizmlə mübarizədəki iştirakını hazırkı səviyyədə saxlamağı planlaşdırır. Seçki kampaniyası başlamazdan əvvəl Nyu-Yorkun sabiq meri Maykl Blumberq də Prezident seçkilərinin favoritlərindən biri hesab olunurdu, lakin populyarlığına və yaxşı maliyyə imkanlarına baxmayaraq Blumberg demokratik praymerizlərin başlanmasından bir neçə həftə sonra heç bir ciddi nəticə əldə etmədən yarışdan kənarlaşdırıldı. 7 Avqust 2020-ci il tarixində Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (NCSC) rəhbəri Villiam Ivanina seçkilərə xarici müdaxilə cəhdlərinə dair bir bəyanat yayımladı. Bəyanata görə, xarici dövlətlər seçicilərin seçimlərinə təsir göstərməyə, ABŞ siyasətini dəyişdirməyə, sosial bölgüləri artırmağa və Amerikanın demokratik proseslərə inamını sarsıtmağa çalışır. İvaninaya görə, bir çox ölkənin gələcək ABŞ prezidenti ilə bağlı tərcihləri var, lakin o, Çin, Rusiya və İranla bağlı xüsusi narahatlığını dilə gətirib".
İ.Hüseynov vurğulayıb ki, birincisi, Çin ÇXR rəhbərliyinin gözlənilməz hesab etdiyi Donald Tramp-ın ikinci müddətə yenidən seçilməməsini üstün tutur və Çin bu istiqamətdə fəaliyyətini sürətləndirir: "İkincisi, Rusiya Co Baydenin namizədliyini ləkələməyə çalışır və 2016 seçkilərinə müdaxiləni rədd edir. Üçüncüsü, İran internetdə dezinformasiya yayaraq həm Trampın namizədliyini, həm də ümumilikdə demokratik qurumları pozmağa və ölkənin bölünməsini dərinləşdirməyə çalışır. ABŞ-da 2020-ci ildə prezident seçkiləri kampaniyası dövründə ABŞ Dövlət Departamenti Rusiyada SMS göndərmə həyata keçirdi və burada rusiyalılara ABŞ prezident seçkilərinə müdaxilə barədə məlumat verdikləri üçün 10 milyon dollar mükafat təklif etdi. Rusiyada Dövlət Departamentinin bu təşəbbüsü kəskin tənqid edildi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bu cür mesajların mobil telefonlara paylanmasını “hibrid hücum və kənar müdaxilə” adlandırdı. İstənilən halda, noyabr ayında keçiriləcək seçkilər bir çox parametrlərinə görə öncəki seçkilərdən fərqlənəcək. Namizədlərin seçkiöncəsi təbliğat kampaniyasında müxtəlif kompromatların səsləndirəcəyi haqqında da müxtəlif versiyalar dolaşır. ABŞ-da Prezident seçkiləri demokratiyanın təntənəsi hesab olunur. Bu baxımdan, son sözü ABŞ vətəndaşları deyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB