"Ermənistan hakimiyyəti vəziyyəti daha da qəlizləşdirməyə çalışır” ÖZƏL-ŞƏRH

"Ermənistan hakimiyyəti vəziyyəti daha da qəlizləşdirməyə çalışır” ÖZƏL-ŞƏRH

“Cəbhə bölgəsində gərginlik səngimək bilmir. Ermənistan hakimiyyəti daxili siyasi böhrandan diqqəti yayındırmaq niyyəti güdən müxtəlif təxribatlar nəticəsində vəziyyəti daha da qəlizləşdirməyə çalışır”. Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti uğursuz təxribata cəhd törədiblər: “Məlum olduğu kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Rəsmi məlumata əsasən, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan isə əsir götürülüb. Diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb, artıq ictimaiyyətə təqdim edilib.

Ermənilərin bu təxribatının əsas hədəfi Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçilərimiz olub. Mahiyyət etibarilə sabotaj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın qarşısı Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı sayəsində alınıb. Ermənistan tərəfindən yaralanan və ölənlər olsa da, ermənilər yenə də bu faktları ciddi-cəhdlə gizlətməyə çalışır. Necə ki, 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar zamanı da ölüm və yaralanma faktlarını gizlətməyə çalışırdı.

Erməni tərəfi bu dəfə təkcə itkilər məsələsində susmur. Ermənistan Müdafiə Nazirliyi hələ də saxlanılan şəxsin statusunu azaltmaq üçün heç bir açıqlama verməyib. Amma maraq doğuran məqam odur ki, hazırda Ermənistanın sosial şəbəkələrində saxlanılmış Qurgin Alberyanın dəyişdirilməsi ilə bağlı təkliflər səslənir. Bu isə nə qədər gizlədilməyə cəhd olunsa da, saxlanılan hərbçinin onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu isbat edir.

Bu arada Ermənistanın ombudsmanı A.Tatoyan yayılan videoların tutulan kəşfiyyatçının hüquqlarının pozulması kimi cəfəng bəyanatla çıxış edib. O, beynəlxalq qanunvericiliyə istinad etməzdən və belə bir iddia irəli sürməkdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozması barədə çoxsaylı faktlara nəzər yetirsə yaxşı olar. Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə susan birisi nə dərəcədə obyektiv ola bilər?

Dəyişməyən reallıq odur ki, Ermənistanda hakimiyyətə gələn bütün siyasi qüvvələr işğalçılıq siyasətinə, bu siyasətdən zaman-zaman ictimaiyyətin diqqətini daxildəki problemlərdən yayındırmaq cəhdlərinə sadiq qalırlar. Bu kimi təxribatların davamlı olacağı şübhə doğurmur. Yada salmaq yetər ki, Ermənistan ücün hec bir beynəlxalq hüquq norması, qadağa yoxdur, əks təqdirdə bundan əvvəl də dəfələrlə atəşkəsin pozulmasına əl atmaz, bundan başqa, beynəlxalq aləmin son vəziyyəti pisləyən bəyanatlarına baxmayaraq, çəbhənin digər istiqamətlərində də təxribatlar törətməzdi.

Ermənistan son addımları ilə münaqişənin həllində maraqlı olmamasını, sülhə, atəşkəsə riayət edilməsi və digər bu kimi iddialarının yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güddüyünü birmənalı şəkildə təsdiqləyir. İndiki baş nazir Paşinyan sözün bütün mənalarında öz sələflərinin səhvlərini təkrarlamaqdadır.

Prosesin belə təxribatlarla nəticəsizliyə düçar olması ermənilər üçün yaxşı heç nə vəd etmir. Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycandakı indiki vəziyyət istər hərbi, istərsə də iqtisadi baxımdan əski vaxtlardan kəskin fərqlənir. Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf ölkənin hərbi potensialını dəfələrlə gücləndirib və Ermənistanla müqayisə olunmayan bir səviyyəyə çatıb.

Ermənistan hakimiyyəti onu da dərk etməlidir ki, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və hər belə hala görə daha ağır adekvat cavab alacaq. Necə ki, alır....”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə