Tovuz təlaşı davam edirı, düşmən könüllülər toplayır

Tovuz təlaşı davam edirı, düşmən könüllülər toplayır

Paşinyan hökuməti və Ermənistanın hərbi-siyasi dairələri çullarını sudan quru çıxarması üçün "önləyici tədbirlər" görməyə başlayıblar

Azərbaycan Ordusunun Tovuzda erməni təxribatçılarına verdiyi ağır dərsdən sonra, bu dəfə erməni diversiya-kəşfiyyat qrupunu aşkar edərək zərərsizləşdirməsi, habelə, təxribatçı qrupun komandirini əsir götürməsi həmin dərsin davamı olaraq qiymətləndirilə bilər. Çünki düşmən bu faktor qarşılığında ciddi təşvişə düşüb, hətta belə desək, əgər Ermənistanın hazırkı rəhbərliyi sabiq prezident Serj Sarqsyanı 2016-cı ilin aprel müharibəsinə görə istintaqa cəlb etmək fikrini daşıyırsa, onu məğlubiyyətin əsas baiskarı qismində görürsə, ehtimal etmək mümkündür ki, dayaqları laxlayan Nikol Paşinyan hakimiyyəti də devriləcəyi halda, hakimiyyətə yeni gələcək qüvvələr onu Tovuz məğlubiyyətinə görə ittiham edəcəklər. Əslində, erməni müxalifəti bu barədə ittihamlarını irəli sürməkdədirlər və Paşinyan hökuməti çulunu sudan quru çıxarması üçün önləyici tədbirlər görməyə başlayıb.

Suşan Stepanyan etiraf edir: "Onlar briqadalara və batalyonlara bölünəcək hərbi birləşmələrdən ibarət olacaqlar”

SİA xəbər verir ki, Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Strepanyan özünün Facebook səhifəsində könüllü alaylarının yaradıldığı barədə informasiya paylaşıb. Həmin məlumatda bildirilir ki, artıq bununla bağlı qanun layihəsi hazırlanıb və orada hücum, yaxud hərbi əməliyyatlar zamanı vətəndaşların könüllü qaydada Ermənistanın müdafiəsinə qatılmaları məsələsi mövcuddur.

“Könüllü alayları Ermənistanın müdafiəsində əməkdaşlıq edərək əraziləri, əhalini, infrastrukturları düşmənin diversiya, terror və kəşfiyyat fəaliyyətindən müdafiə edəcəklər, eləcə də yerli özünüidarə orqanlarının həyat və fəaliyyətlərinə köməklik göstərəcəklər”, yazan Şuşanyan əlavə edib ki, könüllü alayları düşmənlə təmas xətlərinin təhlükəli yerlərində, sərhədlərin mühafizəsində xidmət apararaq xüsusi obyektlərin - mülki müdafiə təşkilatlarının və s. da müdafiəsində dayanacaqlar.

“Alaylar administrativ qaydalara uyğun olaraq, əraziçilik əsasında fəaliyyət göstərəcək. Onlar briqadalara və batalyonlara bölünəcək hərbi birləşmələrdən ibarət olacaqlar”, ermənilərin müdafiə nazirliyinin rəsmisi yazıb.

Görünür, onlar hələ də 2016-cı ildə yaşadıqları aprel cəhənnəmini ya xatırlamaq istəmirlər, ya da xatırlamağa ürək etmirlər

Lakin bu əsnada daha bir maraqlı məqam diqqətdən yayınmır. Belə ki, Ermənistan hakimiyyəti və hərbi-siyasi dairələri zaman-zaman ordularının “güclərindən” bəhs edərək, hətta bir az da irəliyə gedərək, guya ən müasir texniki təchizatlara, habelə zabit-əsgər heyətlərinə malik olduqlarını iddia edirlər. Amma göründüyü kimi, istər Ermənistanın Azərbaycanla olan dövlət sərhədindəki təmas xəttində, istərsə də işğal olunmuş ərazilərimizdəki cəbhəyanı bölgələrdə hətta ən kiçik silahlı münaqişə yarandığı vaxt, düşmən səngərlərdə əsgər tapmaqda çətinlik çəkir. Hətta onların özlərinin sosial şəbəkə seqmentlərindəki status və rəylərində iddia olunur ki, bir döyüş mövqeyindən digərinə hərbçilər dislokasiya olunur, onlar az təhlükəli mövqelərdən təhlükəli mövqelərə doğru aparılırlar. Bu amil isə sübut edir ki, düşmənin canlı qüvvəsi kifayət qədər çatışmazlıq yaşayır və nəticədə Ermənistanın rəhbərliyi könüllü alaylar yaratmaqla həmin çatışmazlıqlarını ört-basdır etməyə çalışırlar.

Lakin görünür, onlar hələ də 2016-cı ilin aprel cəhənnəmini ya xatırlamaq istəmirlər, ya da xatırlamağa ürək etmirlər. Həmin vaxtlarda daha çox məhv edilən dəstələrin əksəriyyəti məhz könüllülərdən ibarət olmuşdu. Bu faktı elə onların bir avtobus könüllü batalyonlarının dronumuzla vurulmasında sübut etmək olar. Könüllülər dəstəsinin yaradılması eyni zamanda ermənilərin cəbhə üçün özlərinə yeni qurbanlar hazırlamalarını da təsdiq edir.

Beləliklə, fakt budur ki, Ermənistan ordusu nə qədər acınacaqlı, pərişan vəziyyətdə olduğunu elə öz dilləri, verdikləri qərarları ilə etiraf etmiş olurlar. Əks halda, onlar könüllülər alayları yaradıb, onları müxtəlif hərbi birləşmələrə paylamazdılar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə