Sirr deyil ki, müsəlmanların müqəddəs saydıqları Məhərrəm ayı digər İslam ölkələrində olduğu kimi, Azərbaycanda da hər zaman xüsusi ehtiramla və yüksək səviyyədə təşkil edilib. Lakin bəlli olduğu kimi, dünyanı bürüyən COVID-19 pandemiyasından yoluxma hallarının sürətlə artması,insanların sağlamlıqlarına təhlükə saçması kimi hallar ölkəmizdə də müşayiət olunmaqdadır. Məhz bu baxımdan, artıq geridə qalan müqəddəs orucluq ayı və Ramazan bayramı, ardınca isə Qurban bayramı müəyyən məhdudiyyətlərlə keçirildi, bayram namzları qılınmadı, məscidlərdə kütləvi tədbirlər dayandırıldı. Bəs bu kimi hallarda inanclı insanlar müqəddəs Məhərrəm ayında necə davranmalı, dini ibadər və ayinlərini necə icra etməlidirlər?
Sözügedən suallarla bağlı SİA-ya QMİ-nin səlahiyyətli nümayəndəsi, İlahiyyat elmləri doktoru, professor, İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli aydınlıq gətirib. Onun sözlərinə görə, Məhərrəm ayı səbr və qürurverici aydır.
“Ümumən, müqəddəs aylarda edilən dualar, Allahdan istənilən diləklər daha əfzəl olur”, deyən Hacı Surxay Məmmədliyə qeyd edib ki, məhz bu baxımdan, o da öz ibadət və namazlarında Rəbbimizə dua edir ki, bu bəla tezliklə ölkəmizin, dünyanın üzərindən tez getsin, xalqımıza səbr versin və insanlarımız normal həyatlarına geri dönsünlər.
"Xalqımız hər zaman İslam Peyğəmbərinin əziz nəvəsi, İmam Hüseyn (ə) məktəbinin dəyərlərini çox əzəmətli şəkildə qeyd edir"
İlahiyyatçı onu da hesab edir ki, bu ayda şəhidlərin özünəməxsus qaydalarla anılması da mühüm məsələlərdəndir: “Bilirsiniz, bəşəriyyat yaranandan bu günə qədər haqqla batilin mübarizəsi olub və sonda haqq qələbə qazanıb. Bu, İslam tarixinin fəlsəfəsidir. Təbii ki, döyüşlərdə, mübarizələrdə bir tərəf zalım olursa, digər tərəfdə də məzlum olur. Eyni zamanda, müharibə birtərəfli olmur. Bir tərəfdə öldürülən, zorakılığa məruz qalan, digər tərəfdə isə zorakılıq edən dayanır. O da sirr deyil ki, məhərrəmlik xalqımızın ruhundan hazırkı dövrümüzə qədər süzülərək-gəlib. Yəni xalqımız hər zaman İslam Peyğəmbərinin əziz nəvəsi, İmam Hüseyn (ə) məktəbinin dəyərlərini çox əzəmətli şəkildə qeyd edir. İmam Hüseyn (ə) dünyanın ən şirin sətirlərini öz qanı ilə yazmışdır. Bu gün biz öz şəhidlərimizi dərindən anırıqsa, həmin anımın bir tərəfi əqidə yolunda canlarını fəda etmiş müqəddəs imamlarımızın adı ilə bağlıdır”.
"Əgər əvvəllər biz məscid dairəsində 100, 150 və bir az da çox insana xitab edirdiksə, xütbələr söyləyirdiksə, bu gün informasiya texnologiyalarının verdiyi imkanlardan maksimum yararlanmaqla minlərlə insanla rabitədə oluruq"
İlahiyyat elmləri doktoru əlavə edib ki, rəhbərlik etdiyi məsciddə inanclı kəsimlə virtual rabitə yaradılıb və hər gün Məhərrəm ayının əməlləri, dualar və digər müvafiq qaydalar barədə sosial şəbəkələr vasitəsi ilə məlumatlar verilir, çıxışlar edilir: “Məhz onlayn əlaqə ilə biz insanlara Məhərrəmliyin mahiyyətini, bu ayın müqəddəsliyinin təfərrüatlarını aşılayırıq. Təsəvvürünüzə gətirin, yalnız Azərbaycandan deyil, ölkəmizin hüdudlarından da kənarlarda bizi yüzlərlə insanlar izləyirlər. Daha bir məsələ isə bundadır ki, əgər əvvəllər biz məscid dairəsində 100, 150 və bir az da çox insana xitab edirdiksə, xütbələr söyləyirdiksə, bu gün informasiya texnologiyalarının verdiyi imkanlardan maksimum yararlanmaqla minlərlə insanla rabitədə oluruq. Belə ki, hər gün saat 21:30-dan başlayaraq mən insanlarımıza Məhərrəmlik ayı barədə fikirlərimi çatdırır, vacib məsələlər barədə söhbətlərimi aparıram. Hətta hər bir insan bu söhbətlərə qoşulur, onları maraqlandıran suallarını verir, komment və rəylərdə öz fikirlərini bizimlə bölüşürlər”.
“Biz daha bir dua bölməsi açmışıq ki, hər bir insan əllərini səmaya qaldırıb, Allaha dua etsin, İnşaAllah Rəbbimiz bu duaları geri qaytarmaz və xüsusilə bu müqəddəs ayda edilən duaları, diləkləri qəbul edər”, deyən Hacı Surxay Məmmədli əlavə edib ki, artıq bu gün dünya dəyişib, qloballaşma, inteqrasiya dövrü gəlib: “Belə bir müasir zamanda bizim məqsədlərimizdən biri də, şəhidlərimizin əziz ruhlarını yad etməklə yanaşı, bəşəriyyətə insanlığı, mərhəməti, yaxşılıqları, savab əməlləri dərk etdirməkdən ibarətdir. Duann ediləcəyi məkan yalnız məscid olmur, çünki Allah hər yerdə olduğu üçün, dualarımızı da müxtəlif məkanlarda, yerlərdə edə bilərik. Əsası isə budur ki, edilən duaların qəbul olunması üçün bunu sidq ürəkdən istəmək, ibadətləri, ayinləri qəlbdən həyata keçirmək lazımdır. Biz, virtual vasitələrlə hazırda inanclı insanlarımıza bu cür yanaşır, onlara Məhərrəm ayının müqəddəsliyini təlqin edirik”.
"Ağlamağın da bir norması, bir qaydası var və o çərçivədən çıxaraq, üz-gözü yaralamaq, qışqırmaq İslamda yasaqdır”
Bu ayda ağlamaq, ehsan vermək kimi məsələlərə də atdınlıq gətirən ilahiyyatçı professor qeyd edib ki, İslamın qaynağında müqəddəs Qurani Kərim dayanır: “İmam Sadiqin (ə) belə bir kəlamı var ki, ağlamaqla “qəlblərinizi yuyun”. Bu kəlamın kökündə Quran dayanır. Bəzi insanlar irad edirlər ki, əgər bir şəxs ki, şəhidliyin zirvəsinə çatıbsa, buna görə niyə ağlamalıdır? Lakin Allah Qurani Şərifdə Yaqub peyğəmbər barədə çox açıq şəkildə ayədə bəhs edir ki, Yaqub peyğəmbər oğlu Yusufu itirir və övladları Yusifin öldüyünü qeyd edirlər və peyğəmbər ağlamağa başlayır. Hətta Qurani Kərimdə bildirilir ki, Hz.Yaqub oğlu Hz. Yusif üçün o qədər ağladı ki, hətta gözlərinin qarası belə ağardı. Yəni bu onu göstərir ki, insan ağlayırsa, bu dünyanın məhvi deyil. Bu vasitə ilə insan rahatlaşır. Hətta psixologiya elmində də belə bir tendesnsiya var ki, məsələn, kişilərlə qadınların az və çox yaşamaları müqayisə edilir. Kişilər nəyə görə qadınlardan az yaşayırlar? Çünki qadınlar zərif cins olduqları üçün həssas olurlar və daha çox ağlayırlar, ürəklərini boşaldırlar, bu isə onların müəyyən mənada rahatlıq tapmalarına səbəb olur. Həmçinin daha bir məsələ budur ki, insan boş yerə ağlamalı deyil, özünə zülm, əziyyət verməli deyil. Bir məsələni də xatırladım ki, Peyğəmbərimiz Məhəmməd (s.ə. və a. və s.) körpə övladını itirdukdən sonra, onun dəfnində gizlin göz yaşı axıdır. Ondan soruşurlar ki, ya Rəsulillah, sən də ağlayırsan? O da buyurur ki, öz ağlamağı ilə Allahına şükr edir və bununla rahatlanır, övlad itkisini həzm edir. Ancaq indiki halda, ağlamağın da bir norması, bir qaydası var və o çərçivədən çıxaraq, üz-gözü yaralamaq, qışqırmaq İslamda yasaqdır”.
"Allah gizli ehsan verənləri, yardım göstərənləri daha çox sevir"
Ehsanların verilməsinə gəlincə QMİ-nin səlahiyyətli nümayəndəsi vurğulayıb ki, ehsan sözünün özü paylaşmaq deməkdir: “Allah buyurub ki, o, yaxşılıq edənləri, bağışlayanları, tövbə edənləri sevər. Bir sıra yaxşılıqlar var ki, Allah onları ayrıca olaraq sevər. Ehsan da bu sıradandır. Əgər ehsan vermək zamanında kütləvilik xarakteri daşıyırdısa, indiki məqamda maddi imkanı olan şəxs həmin əməlini fəqli qaydada da reallaşdıra bilər. O, ya bir heyvan alıb-kəsər, ərzaqlar alar və ehtiyacı olan digər insanlara paylaşar, savabını bölüşər. Baxın, bu ayda və ya digər aylarda mənim qonşum, ya da tanıdığım digər bir şəxs acdırsa, çətinliyi varsa mən də imkanım olduğu halda, bunu bilə-bilə ibadət edib, ağlayaraq yas saxlayıb əhəmiyyət vermirəmsə, onda həmin ibadətin heç bir səmərəsi ola bilməz. Əsl ibadətlərdən biri də bayaq dediyim kimi, paylaşmaq, ehsan vermək, insanlara, ehtiyacları olanlara əl tutmaqdır. Hətta elə insanlarımız var ki, onlar gizli ehsanlar edirlər. Deyərdim ki, Allah gizli ehsan verənləri, yardım göstərənləri daha çox sevir. Xüsusilə deyərdim ki, Məhərrəm ayında başda İmam Hüseyn (ə) olmaqla, bütün şəhidlərimizin, Qarabağ və torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhlarına ehsan vermək bəyənilən əməllərdəndir. Əgər qurban kəsməyin haram olduğunu deyənlər varsa, bu doğru fikir deyil. Əksinə, bu müqəddəs ayda qurbanlar da kəsilir, onların ətlərindən ehsanlar da paylanılır”.
İlahiyyatçı professor qanvermə aksiyaları ilə də bağlı fikrini açıqlayarkən bildirib ki, COVİD-19 təhlükəsi ilə bağlı QMİ bəyan edib ki, insanlar kütləvi şəkildə bir yerə toplaşmamaq üçün Qan Bankına müraciət edib, qana ehtiyacı olan xəstələrimizə yardım göstərə bilərlər. İmam Hüseyn (ə) qanını fəda etməklə, şəhidlik şərbəti içməklə insanlığa məktəb oldu, biz də insanlar olaraq qan verməklə ehtiyacı olanlara dəstək göstərməklə bu insanlığı diriltməliyik”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB