Qurgin Alberyan ələ keçməsə idi, nə baş verərdi? ÖZƏL - AÇIQLAMA

Qurgin Alberyan ələ keçməsə idi, nə baş verərdi? ÖZƏL - AÇIQLAMA

"Ermənistan açıq-aşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya hadisələri törətmək, Azərbaycan əsgərlərini öldürmək, onları şəhid etmək, Azərbaycana məxsus müəyyən postları ələ keçirtmək məqsədi güdürdü". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü olan deputatı, siyasətçi Arzu Nağıyev, Ermənistanın diversiya-kəşfiyyat qrupunun Azərbaycana qarşı törətməyə çalışdığı təxribatın əsas məqsədlərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu, Ermənistan tərəfindən qisas almaq məqsədilə Azərbaycana qarşı törədilmiş növbəti təxribat xarakterli addım idi: "Tovuz hadisələrində şəhid olmuş hərbiçilərimizin 40-cı günü onların belə bir təxribati addım atması gözlənilən idi. Onlar məlum hadisələr fonunda öz itkilərinin, hansı ki, Ermənistan bu itkilər haqqında heç bir kütləvi informasiya vasitələrinə heç bir açıqlama və məlumat vermədi, sırf bunun əvəzini çıxmaq istədilər. Bu təxribat qisas karakteri daşıyırdı. Ermənistan tərəfindən növbəti diversiya, növbəti sabotaj və terror cəhdi idi. Birmənalı olaraq Ermənistan Ordusunun atdığı məqsədli addım idi. Məlum məsələdir ki, bu son hadisələrdə Ermənistan tərəfindən ölənlər və yaralananlar var. Bunun da mütləq şəkildə ictimaiyyətdən gizlətməyə, məlumatları açıqlamamağa çalışacaqlar".

Ermənistanın Müdafiə Nazirliyinin komandir Qurgin Alberyanın əlverişsiz hava şəraitindən dolayı itkin düşməsi ilə bağlı yaydığı məlumata münasibət bildirən millət vəkili vurğulayıb ki, bu heç bir halda baş verə bilməz: "Necə ola bilər, axı, diversiya-kəşfiyyat qrupunun komandiri itkin düşsün? Necə ola bilər ki, baş leytenant yolunu azsın? İstər duman olsun, istər çən olsun, istərsə də digər təbii hadisələr, axı, komandir necə aza bilər? Bu, birmənalı şəkildə təxribatdır və bunun da birbaşa günahkarı və məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan ordusu nə açıqlama verirsə-versin, bu hadisənin təxribat olduğunu dəyişə bilməz. Fakt göz qabağındadır".

Ermənistanın bu addımı atmaqda əsas məqsədini açıqlayan Arzu Nağıyev bildirib ki, bununla Ermənistan açıq-aşkar Azərbaycan ərazilərində təxribat yaratmaq, postlarımıza daxil olmaq, diversiya hadisələri törətmək, Azərbaycan əsgərlərini öldürmək, onları şəhid etmək, Azərbaycana məxsus müəyyən postları ələ keçirtmək məqsədi daşıyırdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə