Və ya “bye-bye”, “meydan”...
“Doğruluqdan”, “düzgünlükdən”, “haqqdan” və “ədalətdən” danışaraq, əslində pərdə arxasında min bir oyunbazlıqlar göstərən, zaman-zaman erməni lobbisinin dəyirmanına su tökməklə məşğul olan, hətta bir vaxtlar qondarma “DQR”in xəritəsini belə saytında yayımlayan “Meydan TV” bu dəfə “sudan quru çıxmağı” bacarmayıb. Üstəlik, elə bir dalana dirənib ki, qaçmağa belə hər hansı yolu qalmayıb.
TV-nin bir çox əməkdaşı işlərindən ayrılıblar - məvaciblərini də ala bilmirmişlər
SİA-ya daxil olan məlumata görə, "Meydan TV" internet media kanalında maliyyə yoxlamalarına start verilib. Almaniyadakı mənbələrdən əldə edilən məlumata görə, Berlinin Maliyyə polisi “Meydan TV”nin yerləşdiyi ofisdə geniş və təxirəsalınmaz yoxlamalara başlayıb. O da məlum olub ki, yoxlamalar nəticəsində Berlinin Maliyyə polisi adıçəkilən TV-nin çoxsaylı maliyyə pozuntularını, vergidən yayınma hallarını aşkar edib. Nəticədə, internet televiziyasının rəhbərliyinə 300 min avroluq cərimə çeki təqdim olunub.
Bu arada o da məlum olub ki, TV-nin bir çox əməkdaşı işlərindən ayrılıblar. Onlar son vaxtlarda məvaciblərini də ala bilmirmişlər.
Emin Milli istefa verərkən nəyi iddia etmişdi?
Qeyd edək ki, 2019-ci ilin aprelində “Meydan TV”nin sabiq rəhbəri Emin Milli oradan istefa verdiyini bəyan edərək, həmin bəyanatında ilginc fikir səsləndirmişdi. "Bu 6 ildə “Meydan TV”də heç bir korrupsiya, ya yeyinti halları olmadığı üçün, bizim beynəlxalq donorlar arasında ən təmiz imicimiz olduğu üçün, uğurlu layihə olduğumuz üçün elə bir problemimiz də yoxdur”, kimi fikrini ictimailəşdirən E.Millinin istefasının təməlində bəlkə də bu məsələ - korrupsiya və maliyyə yeyintiləri faktları dayanıb. Hər halda, bir ildir oradan istefa vermiş E.Milli də yaxşı bilir ki, cəmi bir ildə külli miqdarda vəsaiti yemək mümkün deyil. Daha dəqiq desək, böyük maliyyələrin yeyintisi aşkarlanan “Meydan TV”nin 300 min avroluq cərimələnməsi arxasında çox yəqin ki, E.Millinin də payı var. Ona görə də, zamanında tərpənərək istefa verib və özünü təmizə çıxarıb.
Beləliklə, adıçəkilən media qurumunun Azərbaycan dövlətinin maraqları əleyhinə “doğru-dürüstlük” pərdəsi altında fəaliyyət göstərmək imkanlarının tamamilə itirilməsi faktını artıq bəri başdan proqnozlaşdıra bilərik. Necə deyərlər, "BYE BYE, “MEYDAN"..!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB