"Məlum toy məclisi bir nömrəli mövzuya çevrilib” ÖZƏL-MÖVQE

"Məlum toy məclisi bir nömrəli mövzuya çevrilib” ÖZƏL-MÖVQE

“Üç gündür ki, sosial şəbəkələrdə, internet portallarında yeni bir təlatüm yaşanır. Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının hazırkı prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy məclisi bir nömrəli mövzuya çevrilib”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, söhbət toyun dəbdəbəli olmasından, orada iştirak edən qonaqların bahalı libaslarından, göz qamaşdıran zinət əşyalarından, böyük karatlı brilyant əşyalardan, masaların üstündəki sadə azərbaycanlıların yuxuda belə görmədikləri ləziz yeməklərdən, içkilərdən, təamlardan getmir: “Hamı yaxşı başa düşür ki, Mehdiyev ailəsi ölkənin ən zənginləri içərisindədir. Sərvətləri başından aşan bir ailənin toyu-büsatı necə olmalıdır ki? Uzun illər boyu Azərbaycanda korrupsiyaya mübarizə üzrə dövlət komissiyasına rəhbərlik etmiş, İcra Hakimiyyəti orqanlarına nəzarəti həyata keçirmiş birisi heç nəvəsinə də sadə toy eləyər? Altında onlarla həqiqətin dayandığı bu fakt insanları qıcıqlandırmasın neyləsin? Vətəndaşlar sual edir ki, karantin rejiminə əməl etmək yalnız sadə insanların borcudurmu? Yoxsa, xalqın pulları hesabına varlanan, büdcə vəsaitlərini çalıb-talayanlar üçün başqa qaydalar mövcuddur?

Bəlkə, toyun sahibi Ramiz Mehdiyevin kürəkəni, illərlə cibində deputat mandatı gəzdirmiş İlham Əliyev, yaxud şənlikdə iştirak edən Siyavuş Novruzovlar, Abel Məhərrəmovlar və digərləri doğrudanmı karantin qaydalarından xəbərsizdirlər? Əlbəttə ki, yox. Pandemiya şəraitində sadə insanların yaşadıqları çətin həyatdan xəbərsiz ola bilərlər, amma qanunları ki, özləri yazırlar.

Yoxsa, sosial şəbəkə istifadəçilərinin çoxunun şərhlərində qeyd edildiyi kimi, bunlar qanunlara meydan oxuyurlar? Yoxsa, Prezident İlham Əliyevin yeni siyasi kursu, ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər kimləri isə məmnun etmir? Suallar çoxdur. Amma inanıram ki, onların hamısı cavablandırılacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə