“İslamın gözəlliyi tanıdılmalıdır ki...” ÖZƏL-ŞƏRH

“İslamın gözəlliyi tanıdılmalıdır ki...” ÖZƏL-ŞƏRH

"Dinimiz o qədər mübarəkdir, Quran o qədər cahanşumuldur ki, insanlığın, varlığın hər yönünə önəm verir və hərhansı bir canlını belə incitməyə izn verilmir. Hacc Quranın bir əmridir və oraya kim daxil olursa, əmniyyətdə olur, qorunur və bu ayələrdə də öz əksini tapır. Amma burada bir məqama diqqət etmək lazımdır ki, bu gün oraya da daxil olmaq olmur, çünki əmniyyəti qorumaq olmur və hal-hazırda yoluxma faizi orada da çoxdur." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvü Bəhruz Əzizov deyib.

Şura üzvü xüsusilə vurğulayıb ki, məqsəd dindən kor-koranə istifadə etmək deyil, məqsəd, Həcc ziyatətinə, yaxud hara getməsindən asılı olmayaraq insanın qorunmasıdır.
"Deyək ki, qaydalar namazı qadağan eləmir. Amma camaatla namazı qadağan eləyir. Namazda Allah peyğəmbər əfəndimizə buyurur ki, kitabdan sənə nəyi nazil eylədiksə, onu insanlara oxu. Bir insan Quran oxuduğu zaman and içsə ki, mən Allahla danışdım, andında doğrudur. Çünki, Quran Allahın kitabıdır, Allahın kəlamıdır.
Məhərrəmliklə bağlı Quran ayətinin içərisində Allah buyurur ki, özünüzə zülm eyləməyin. Əgər bir insan çıxacaqsa, bir başqa insanı yoluxduracaqsa, o insan da gedəcək bir başqalarını yoluxduracaqsa, bu əməldən, bu davranışdan sonra hansı rizadan danışmaq olar? Hansı mərhəmətdən danışmaq olar? Axı islam dini mərhəmət dinidir, şəqabət dini deyil. Müsəlman ən mərhəmətli insandır. Tək insanın insana qarşı yox, eyni zamanda da insanın yaşadığı aləmdəki bütün məxluqlara qarşı mərhəmət duyğusu olmalıdır. İnsan mərhəmətli olduqca o qurtulur. İnsan zalım olduqca o həlak olur. Mərhəmət etməyənə mərhəmət olunmur. Bir insanı qorumaq bütün insanlığı qorumaq kimi dinimizdə çox vacib bir məsələdir.
Əgər bu gün Quranın, İslamın, Peyğəmbər Əleyhissalamın hədisləri ilə, sünnəti ilə təsdiq olunmuş Allahın əmrləri dayanıbsa, Kəbə, Həcc ibadətləri dayanıbsa, məscidlər, Məscidi Nəbəvi dayanıbsa, bu zaman, yox mən hansısa bir əməli istəyirəm, belə inanıram demək olmaz. İnancı nizamlayan qanun Qurandır və Quranın qanunları ilə nümünəvi yaşayan insan Peyğəmbər Əleyhissalamdır. Peyğəmbərimizin əxlaqı ən uca əxlaqdır.
İstər ibadətlər olsun, istərsə də ibadətlərin də içərisində insanların inanc və duyğuları olsun, bunlara çox hörmətlə yanaşılır. Amma insan da inanc və duyğusunda İslama, Qurana, Allahın əmrlərinə və Həzrəti Məhəmməd Əleyhissalamın sünnətinə, yoluna bağlı olmalıdır. Bu yoldan zərrə qədər çıxmamalıdır. İslamın gözəlliyi tanıdılmalıdır ki, insanlar xarici kəşviyyat orqanlarının şuarlarının icraçısı olamasınlar, Azərbaycan dövlətinin vətəndaşı olsunlar, dövlətə sayqılı olsunlar, Allahın razı olduğu bəndələr olsunlar. Allahın rizasını qazanmaq üçün insanlar imanında şəkkə, hansısa bir cəsusun şuarına yer verməsinlər, Allahın razı olduğu möminlər olsunlar", deyə Qazilər Şurasının üzvü Bəhruz Əzizov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə