BakuBus-un problemləri – BNA onları nə zaman aradan qaldıracaq? TƏRS BAXIŞ

BakuBus-un problemləri – BNA onları nə zaman aradan qaldıracaq? TƏRS BAXIŞ

Yaxud, sərnişinlər əvvəlki komfortu və rahatlığı hiss etmirlər

Hər gün səhər saatlarında jurnalistlər binasındakı mənzilimdən çıxıb, ictimai nəqliyyatla, lap dəqiq desəm, BakuBus-a məxsus 125 saylı avtobusla işə gedirəm. Əslində, barəsində söhbət açacağım mövzu yalnız mənə deyil, eləcə də paytaxtın digər sakinlərinə aiddir. Aiddir ona görə ki, əvvəl-əvvəl hər birimizin sevincinə səbəb olan və xidmətinə görə seçilən "qırmızı avtobuslar" rahatlığına, komfortuna və s. üstün xüsusiyyətlərinə görə daha əvvəlki vəziyyətin üzərindən çalın-çarpaz xətlər çəkib. Daha heç kim bir tərəfi əyilmiş və qəza şəraitində idarə edilən, yol-nəqliyyat qaydalarını pozan, kobud sürücülərin qoşduqları və baş aparan ara musiqilərindən, addımbaşı qanunsuz dayanacaqlardan bezərək, təngə gəlmir. BakuBus-larda tətbiq edilən növbəti qaydalar da sərnişinlərin marağına uyğun idi. Bakukartlar vasitəsi ilə öndən minib, orta və arxa qapılardan enmək, əlil və uşaq arabalarının avtobuslara qaldırılması üçün müvafiq qurğunun istifadəsi, avtobusların intervallarının qısaldılması və dayanacaqlara vaxtında çatması, dayanacaqlarda quraşdırılmış ekranlarda marşrut xəttinin göstərilməsi, növbəti avtobusun neçə dəqiqədən sonra dayanacağa çatması barədə məlumat və s. kimi məsələlər də buna sübutdur. Həmin vaxtlar düşünürdük ki, artıq paytaxt sakinlərinin yerdə qalan problemləri də aradan qaldırıldı, fəqət...

Nəzərə alarsaq ki, həmin ərəfədə işə gecikmə və s. poblemlər yaşanır, bu zaman əlavə şərhə də ehtiyac qalmır

Daha bir fakt budur ki, BakuBusun əvvəl-əvvəl tətbiq etdiyi bir sıra ənənələri artıq yoxa çıxmağa başlayıb. İntervaldan başlayaraq, dayanacaqlardakı problemlər yavaş-yavaş vətəndaş narazılığını artırmaqdadır. Hətta bəzən həmin problemlər nəticəsində vətəndaşlar arasında qarşıdurmalar yaşanır, sürücülər isə necə deyərlər nə eşidir, nə də görürlər. Sanki bir robot kimi pərçimləniblər sükan arxasına və ara-sıra mikrofon vasitəsi ilə "sıxlaşın" komandasını verməklə məşğuldurlar...

Məsələ ondadır ki, mənim sərnişin olaraq istifadə etdiyim 125 saylı marşrut xəttindəki avtobuslar adi intervallara belə əməl etmirlər. Onlar ya ard-arda gəlir, ya da bir avtobus getdikdən sonra növbəti avtobusu az qala 15-20 dəqiqə gözləməli olursan. Nəzərə alarsaq ki, həmin ərəfədə işə gecikmə və s. poblemlər yaşanır, bu zaman əlavə şərhə də ehtiyac qalmır.

El arasında "basabas", yəni insan sıxlığının olması faktı demək olar ki, həllolunmaz problemə çevrilib və BakuBus rəhbərliyi, eləcə də Bakı Nəqliyyat Agentliyi (BNA) günün pik saatlarında avtobus saylarının artırıldığını desələr də, bu fikirlər yalnız sözdə qalır, əməldə isə təəssüf ki, heç nə görünmür. İnsanların avtobuslarda sıx şəkildə gedib-gəlmələri, bəzi insanların isə öndən minib arxaya keçməmələri, bəzi sürücülərin isə bu məsələni ümumiyyətlə yerindəcə tənzimləməmələri onsuz da işə gedən və işdən qayıdan sərnişinlərin ciddi narazılıqlarına səbəb olmaqdadır.

Pandemiya zamanı avtobuslardakı sıxlıq aradan qaldırılmır, ancaq heç kim virusa yoluxmaq istəyində də deyil

Təəssüf ki, bu məsələ özünü pandemiya zamanında da göstərməkdədir. Bəllidir ki, dövlət koronavirus pandemiyası başlayan gündən vətəndaşların sağlamlıqlarının mühafizəsinə biganə qalmadı və əlində olan bütün imkanlardan istifadə etdi, bu gün də etməkdədir. Virus infeksiyasının gah artması, gah da azalmasına baxmayaraq, insanlar artıq bu məsələyə ciddi yanaşırlar və əlbəttə ki, heç kim yoluxmaq, ya da yoluxmasını ailəsinə keçirmək istəyində, niyyətində də deyil. Üstəlik, avtobusların ünvanlarına gec gəlmələrinin sıxlıq yaratması, hətta bir çox sərnişinlərin avtobuslara minə bilməməsi problemləri qalmaqda, artmaqda davam edir. Əlavə də virusa yoluxma ehtimalı demək olar ki, hər zaman pik nöqtədədir. Avtobusların əksəriyyətində dezinfeksiyaedici məhlullar bitərkən, yeniləri ilə əvəzlənmir. Bax belə vəziyyətdə BakuBuslardan istifadə edən sərnişinlər hər gün eyni vəziyyəti yaşamaqdadırlar. BakuBus isə "kifayət qədər ehtiyat avtobuslarımız var və onları əlavə olaraq xətlərə buraxırıq" kimi açıqlamaları sadəcə və sadəcə sözdədir. İnanmırlarsa, bir gün bizimlə səhər saatlarında bir neçə dayanacaq səfər edib, mövcud problemləri öz gözləri ilə görsünlər.

Təəssüf ki, BNA və BakuBus rəhbərliyi ilə əlaqə yaratmağa imkanımız olmadı, amma buna baxmayaraq, mövzunu gündəmdə saxlamaqla yanaşı, onların da fikir və rəylərini öyrənmək bizim üçün xoş olardı. Çünki içi mənqarışıq, BakuBusdan istifadə edən bir çox vətəndaşlarımız yavaş-yavaş artan və həll olunmayan problemlərin aradan qaldırılmasını gözləyirlər, üstəlik qarşıdan soyuq havalar da gəlməkdədir...

Rövşən RƏSULOV

P.S. Burada sadəcə BakuBusun bir marşrut xətti ətrafında mövcud problemlərdən bəhs olundu, görəsən, digər xətlərdə vəziyyət nə yerdədi?

Bütün xəbərlər Facebook səhifəmizdə