"Onların erməni ilə heç bir fərqi yoxdur" ÖZƏL-MÜNASİBƏT

"Türkiyə -Azərbaycan birgə hərbi təlimləri başa çatdı. Düşmənlərimizi təlaşlandıran, region dövlətlərinin və dünyanın diqqətlə izlədikləri iki qardaş ölkənin müxtəlif qoşun növlərinin mürəkkəb döyüş məşqləri, əslində,ənənə halı almış və planauyğun tədbir idi. Lakin işğalçı Ermənistanın Tovuzla sərhəddə törətdiyi təxribatdan cəmi bir neçə gün sonra Türkiyə Ordusunun 11 min heyətlə, böyük sayda hərbi texnika, hərbi hava qüvvələri ilə ölkəmizə gəlişi düşmənlərimizi və onların havadarlarını vahimələndirdi". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, içimizdəki ruspərəst qüvvələr isə qardaş Türkiyə və Azərbaycanın getdikcə güclənən hərbi əməkdaşlığına kölgə salmaq, cəmiyyətdə xof yaratmaq üçün dəridən - qabıqdan çıxırdı: "Belələri sosial şəbəkələrdə, saytlarda sanki bir ulaşma sərgiləmişdi. Biri deyir, Türk qoşunlarının Azərbaycana gəlişi Kremli daha da əsəbləşdirəcək, ruslar başımıza bomba yağdıracaqlar. O biri deyir, İran bundan qıcıqlanacaq. Digəri söyləyir ki, Fransa acığa düşüb Ermənistana hərbi yardım edəcək...Göründüyü kimi, onların erməni ilə heç bir fərqi yoxdur.

Kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, Türkiyə və Azərbaycanın bütün təhlükələrə, təhdidlərə, düşmənlərə, şər qüvvələrə qarşı birləşməsi artıq reallığa çevrilir. Prezident İlham Əliyevin Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətiilə görüşündə dediyi kimi, "Yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır".

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın "83 milyonluq Türkiyə xalqının nəbzi Azərbaycanla döyünür. Biz ölkələrimizin suverenliyi,müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa, edəcəyik"- söyləməsi də bütün əleyhdarlarımıza bir mesajdır.

Artıq hər kəs yaxşı başa düşür ki, bütün bu deyilənlər gəlişi xoş sözlər deyil, işdə, əməldə öz əksini tapan səmimi qardaş istəkləridir. Əlbəttə, xalqımızın bu əməkdaşlıqdan, qardaşlıqdan böyük gözləntiləri var. İnanırıq ki, birliyimizin sayəsində tezliklə erməniləri torpaqlarımızdan qovacağıq, böyük coğrafiyanı əhatə edən bölgəmizdə sülhün, istiqrarın bərqərar olmasına nail olacağıq!".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə