"Ermənistanın Tovuz təxribatlarını törətməkdə 3 məqsədi var idi" ÖZƏL - AÇIQLAMA

"Ermənistanın Tovuz təxribatlarını törətməsində üçüncü məqsəd şantaj xarakteri daşıyırdı. Yəni, əgər, Azərbaycan Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlasa, məhz, bu istiqamətdə Azərbaycanın məraqlarına ciddi ziyan vura bilər". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov Ermənistanın Tovuz istiqamətində təxribatlarının arxasındakı əsas məqsədlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Tovuz istiqamətində Ermənistanın təxribata başlamasının məntiqi nəticələri onu göstərir ki, Azərbaycan bu istiqamətdə döyüşlərin aparılmasında və yaxud bu istiqamətdə hərbi əməliyyatların bərpasında maraqlı deyildi: "Məntiqlə belə bir sual verilə bilər ki, Azərbaycan bu istiqamətdə hərbi əməliyyatlara başlasa idi, nə əldə edə bilərdi? Əgər, cavab, Ermənistan ərazisini işğal edərdi olarsa, qeyd etmək lazımdır ki, Azərbaycan həmişə bəyan edib ki, ölkənin əsas problemi onun işğal altında olan əraziləridir. Digər tərəfdən Azərbaycan Tovuz istiqamətində faktiki olaraq hərbi əməliyyatlara başlasa idi, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının reaksiyasını ortaya qoya bilərdi. Açıq-aşkar görünür ki, ermənilər Tovuz istiqamətində hərbi əməliyyatlara başlamaqla üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışırdılar. Birinci məqsədləri demək olar ki, bundan ibarət idi. İkinci məqsədləri isə məhz bu istiqamətdə, yəni, regional ərazidə qlobal əhəmiyyət daşıyan infrostuktur layihələrinə təhdid və hədə törətmək idi. Onlar göstərməyə çalışdılar ki, buna hazırdırlar".

Şöbə müdiri Fuad Çıraqovun fikrincə, Ermənistanın Tovuz istiqamətində təxribatlarının arxasında 3 əsas məqsədi dəyərləndirmək olar: "Birinci məqsəd diqqəti əsas bölgələrdən, yəni, işğal olunmuş ərazilərdən yayımlandırmaq idi. İkinci məsələ isə Azərbaycanı işğalçı və ya təcavüzkar ölkə kimi tətdim etməyə cəhd etmək idi. Üçüncü məqsəd isə Azərbaycanın infrostruktur layihələrinin keçdiyi bölgəyə daim hədə törədə biləcəyini ortaya qoymaqdır. Yəni, üçüncü məqsəd şantaj xarakteri daşıyırdı. Yəni, əgər, Azərbaycan Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlasa, məhz, bu istiqamətdə Azərbaycanın məraqlarına ciddi ziyan vura bilər. Buna görə də Mingəçevir Su Anbarı ilə bağlı uzun illərdən bəri Ermənistan rəsmilərinin dillərindən səslənən hədələr də, məhz, bu şantajın bir parçasıdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə