Gültəkin Hacıbəylinin Belarus xülyaları necə pozuldu? TƏRS BAXIŞ

Yaxud, “evdar qadın” onu ali vəzifəyə gətirə bilmədi

Özünü “Milli Şura”nın “ledisi” kimi təqdim edən qurumun koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin uğursuz proqnozları bu dəfə də onu dar ayaqda qoydu. Başqa ölkənin siyasi-ictimai hadisələrini dərhal Azərbaycana aid etmək vasitəsi ilə var-gəl edib, ənənəvi olaraq “növbə Azərbaycanındır” tipli sərsəm fikirlər səsləndirən G.Hacıbəyli indi də başqa cür nala-mıxa döyəcləməklə özünü necə deyərlər, “sudan quru çıxarmağa” cəhdlər göstərir.

Əslində, bu kimi cəhdlər radikal düşərgədə ilk dəfədir ki, baş vermir. Həmin uğursuz ənənənin təməlini isə, məhz G.Hacıbəylinin ağası AXCP sədri Əli Kərimli qoyub. Məsələn, xatırlada bilərik ki, uzun illər əvvəl Gürcüstanda baş vermiş “Qızılgül inqilabı” dövründə həmin Ə.Kərimli dərhal hərəkətə keçərək, həmin hadisələrin burada da yaşanacağı barədə xəyallara daldı, Ukraynadakı birinci və ikinci “Maydan hərəkatı”nda da eyni xəyallara dalındı, Tunisdə göyərtisatanın özünü yandırması, Latın Amerikası və s. ölkələrdə yaşanan olaylarda da AXCP sədri hay-haray salaraq, “inqilabdan” dəm vurdu. Amma heç nə onun istədiyi kimi olmadı, çünki onun düşüncələri xülya, xəyal, utopiya olmaqla yanaşı, həm də xalq bu ünsürə rədd cavabını verdi. Bu, danılmaz faktdır və dəfələrlə öz təsdiqini köklü şəkildə sübuta yetirib.

Bu dəfə Belarusda baş verən olaylara kərimlisayağı yanaşma edib

Lakin bütün bu kimi faktlara baxmayaraq, dəridən-qabıqdan çıxan G.Hacıbəyli bu dəfə Belarusda baş verən olaylara kərimlisayağı yanaşma edib. Halbuki, hər hansı bir ölkədə prezident və ya istənilən bir seçkinin keçirilməsi həmin ölkənin daxili işidir. Düzdür, müəyyən fikirlər, mülahizələr aparıla bilər, amma həmin hadisələri bir ölkədən başqa ölkəyə transfer etmək kimi cəhdlər, sadəcə, gülünc və istehzadoğurucudur.

Digər tərəfdən, bu gün özlərini “əsas müxalifət” kimi zorla ictimai rəyə sırımağa cəhdlər göstərənlərin əslində, bu xalqın, bu millətin, ən əsası isə, bu dövlətin düşmənləri olması artıq dəfələrlə sübuta yetirilib. Neftin qiymətinin aşağı düşməsi ilə bağlı bir-birlərini təbrik edən, xalqın sosial vəziyyətinin pisləşməsini arzulayan, məhz bu vasitə ilə hakimiyyətə yiyələnəcəklərini xəyal edən, açıq-aşkar dövlətçilik maraqlarını hədəfə alıb, düşmən dəyirmanına su tökən ünsürlərin özlərini bu qədər ucuzlaşdırmaları, gündəmdə qalmaq üçün etdikləri var-gəlləri sözün əsl mənasında əttökənlikdir!

Gültəkin Hacıbəyli Sorosun Belarus planına dəstək göstərməklə erməni lobbisinin nökəri olduğunu sübuta yetirdi

Bütün bunlar ola-ola, utanıb-qızarmadan Belarus dövlətinin və xalqının gələcəyinin “proqnozlarını” verən “Milli Şura” yığnağı və onun G.Hacıbəyli adlı “ledisi” hələ də anlamaq istəmir ki, bir dövlətin digər dövlətlə münasibətlərinin normal olması bütövlükdə hər iki dövlətin maraqlarına cavab verən reallıqdır. Bu gün Belarus strateji cəhətdən Azərbaycana daim dəstək göstərən ölkələr sırasında yer almaqdadır. Hətta işğalçı Ermənistanın Azərbaycanın dövlət sərhədində - Tovuz rayonu istiqamətində törətdiyi təxribatçı cəhdləri zamanı, Belarus KTMT üzvü olmasına rəğmən, Azərbaycanın tərəfində bu və ya digər şəkildə dayandı, ərazi bütövlüyümüzü dəstəklədiyini bəyan etdi. Demək, G.Hacıbəyli “Milli Şura”dakı təmsilçiliyi vasitəsi ilə xarici təşkilat və fondların, xüsusilə Sorosun Belarusdakı ictimai-siyasi sabitliyi pozmağa hesablanmış addımlarına dəstək verməklə, bilavasitə işğalçı Ermənistana da dəstək göstərdiyini dolayısı ilə sübuta yetirmiş oldu. Bu isə təəccüblü deyil. Xatırlayarsaq ki, əgər Ə.Kərimli AXCP və “Milli Şura” adından Ermənistanın Nikol Paşinyan rejimini “demokratik hakimiyyət” kimi təqdim edibsə, demək, bu ünsürlər birbaşa Soros fonduna, erməni lobbisinə və erməni lobbisinin maliyyəsi ilə hərəkət edən xarici təşkilatlara nökərçilik edirlər. Bu qədər bəsit!

Yeri gəlmişkən, özlərinin bir işi bacarmadıqları halda, başqalarının işlərini örnək kimi göstərənlərin bu kimi davranışları həqiqətən də heç bir ağıla, dərrakəyə sığmayan bir amildir. Yəni insan nə qədər siyasi savadsız, düşüncəsiz olmalıdır ki, Belarusdakı seçkilərə “evdar qadın” adı altında atılmış “namizədin” həqiqətən də, bu sosial kateqoriyaya aid olduğuna inanasan...

“Evdar qadın” Svetlana qaçdı Litvaya, Gültəkinin sevinci isə ikicə gün çəkdi...

Məhz G.Hacıbəylinin bu ərəfədə Svetlana Tixanovskayanı bu qədər ciddi-cəhdlə tərifləməsi adamda belə bir təəssürat yaradırdı ki, Sorosun “evdar qadını” hakimiyyətə gələr-gəlməz G.Hacıbəylini Belarus hakimiyyətinin ali vəzifələrindən birini verəcək. Amma nə baş verdi? Bəlli oldu ki, Svetlana Tixanovskayanın Belarusiyada namizəd olmasını bir sıra tanınmış politoloqlar "Tixanovskaya layihəsi" adlandırırdılar. Layihə isə artıq başa çatıb və “evdar qadın” ölkədən fərarilik edərək, Litvaya qaçdı. Ortada siyasi sabitliyi bərpa edən hüquq-mühafizə orqanları ilə bir qism etirazçı kütlə qarşı-qarşıya qaldı, yaralananlar, təəssüf ki, ölən də oldu. G.Hacbəylinin isə sevinci cəmi ikicə gün çəkdi. Onun xam xəyalları düşdü bataqlığın ən dərin yerinə. İndi bundan sonra görək hansı havanı çalıb, hansı rəqsi edəcəklər. Çünki bunlardan nə desən gözləmək olar...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə