"Azərbaycan dünyada öncül sıralardadır" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə mühüm addımlar atır. Pandemiyanın başladığı ilk vaxtlardan Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin görülməsi virusa qarşı mübarizədə çox ciddi faktor oldu. Səhiyyə sisteminin moderinaziyası, xəstəxanalarda əlavə çarpayı sayının artırılması, tibbi personalının səfərbər olunması və bu yöndə maliyyə təminatının gücləndirilməsi, eləcə də sosial-iqtisadi tədbirlər pandemiyanın ölkəmizə təsirinin minimum olması üçün atılan vacib addımlar idi”. Bu fikirləri SİA-ya millət vəkili Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli bildirib ki, ilk vaxtlarda yoluxmanın sayı az olarkən bu qədər preventiv tədbirlərin görülməsi kimlərsə tərəfindən təəccüblə qarşılana bilərdi. Amma sonrakı məsələlər göstərdi ki, xəstələrin sayının sutkada 500-600 nəfərə çatması zamanı görülən qabaqlayıcı tədbirlər effektli oldu, vəziyyət nəzarətdə saxlanıldı. Millət vəkilinin fikrincə, bütün bunlar ölkə rəhbərinin strateji addımlarının nə qədər düzgün olduğunu sübut etdi: “Koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanalar ayrılmasaydı, modul tipli xəstəxanalar istifadəyə verilməsəydi, xaricdə təhsil almış həkimlər prosesə cəlb olunmasaydı, həkimlərimizin fədakarlığı olmasaydı və s. addımlar atılmasaydı biz işlərin öhdəsindən gələ bilməzdik. Təsadüfi deyil ki, bir gündə ölkəmizə 200 tənəffüs aparatı gətirildi. Bütün xəstəxanalar müasir tibbi avadanlıqlarla təmin edilib, xaricdən laboratoriyalar ölkəmizə gətirilib. Testlərin sayına görə, Azərbaycan dünyada öncül sıralardadır. Eləcə də, karantin rejiminin tətbiq edilməsi, qəbul olunmuş qaydalar virusa yoluxma sayının azalmasında müsbət dinamikaya gətirib çıxardı. Bu müsbət dinamikanın dayanıqlı olması üçün lazımı tədbirlər davam etdrilməlidir”

M.Məmmədli qeyd edib ki, Prezident İlham Əliyev insanların sağlamlığın ən önəmli məsələ olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırda ölkəmizdə yumşaldılma tədbirləri həyata keçirilir: “Təbii ki, insanlar normal həyata qayıtmaq istəyir, ölkənin iqtisadi sisteminin dayanıqlığını qorumaq lazımdır və s. Bunun üçün bizim atacağımız addımlar var. İlk olaraq, vətəndaşlar mövcud qaydalara əməl etməli, mütləq şəkildə tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə olunmalıdır. Bununla yanaşı, bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidr. Bununla yanaşı prosesə nəzarət mexanizmi güclü olmalıdır. Hər bir müəssisənin özünün müəyyənləşdirdiyi taktika olmalıdır. Bu addımları atarsaq, hər birimiz məsuliyyətli olsaq, dövlətin də tənzimləyici funksiyası ilə birlikdə, dövlət-xalq həmrəyliyi nəticəsində bu işin öhdəsindən tam gələ bilərik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...