"İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilikdir" ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial və iqtisadı inkişafı özündə ehtiva edən islahatlardır. Son 17 ildə ölkə başçısının rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. Ötən ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirildi. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir". Bunu SİA-ya millət vəkili Anar Məmmədov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir: "Fərmanda vurğulandığı kimi, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı üçün möhkəm zəmin yaradılıb. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması idarəetmə sahəsində növbəti yenilik kimi dəyərləndirilə bilər. Belə bir qurumun formalaşması nəticəsində dövlət müəssisələrinin fəaliyyəti təkmilləşdiriləcək, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığı və iqtisadi səmərəsi yüksəldiləcək, qabaqcıl korporativ idarəetmə prinsipləri tətbiq olunacaq, idarəetmə strukturları və konsepsiyaları modernləşdiriləcək. Səmərəliliyin artırılması dövlət müəssisələrinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin güclənməsinə səbəb olacaq. Azərbaycanın dövlət müəssisələri xarici bazarlara çıxdıqca və xaricdə fəaliyyətlərini genişləndirdikcə rəqabət qabiliyyətliliyin önəmi daha da artacaq. Qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər bu müəssisələrin ixrac potensiallarının artmasında vacib rol oynacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə